"Atəşkəsin qorunmasını işğalçı belə istəyirsə, zəhmət çəkib qoşununu öz ərazisinə çəksin"
Sarkisyan "İzvestiya" qəzetindəki məqaləsində yazır ki, bu il fevralın 24-26-sında qoşunların təmas xəttində baş verənlər atəşkəsin pozulması hallarının araşdırılması və həmin vəziyyətə nəzarət mexanizminin təmin olunmasının zəruriliyini ortaya qoydu. Göründüyü kimi, Sarkisyan, nəyin bahasına olursa-olsun, atəşkəs üzərində nəzarət mexanizminin tətbiqinə çalışır.
Ermənistan prezidenti dünya ictimaiyyətinə belə bir fikri sırımaq istəyir ki, guya onlar atəşkəsə nəzarət mexanizminin tətbiqində maraqlıdır, Azərbaycan isə yox. Əslində isə vəziyyətin mahiyyəti çox fərqlidir. Azərbaycanın mövqeyi budur ki, nəzarət mexanizmlərinin tətbiqi illər uzunu formalaşan status-kvonun ömrünü uzadacaq və praktik olaraq Dağlıq Qarabağ probleminin həllinə heç nə verməyəcək. Ermənistan da məhz bunu istəyir ki, status-kvonu saxlamaqla problemin həlli uzansın. Azərbaycanın bu istiqamətdə konkret mövqeyi belədir ki, Ermənistan öz qoşunlarını təmas xəttindən və işğal etdiyi ərazilərdən geri çəksin. Onda nə atəşkəs pozulacaq, nə də nəzarət mexanizminə ehtiyac qalacaq. Belə görünür ki, Sarkisyan atəşkəsin pozulması hallarını qabartmaqla məhz atəşkəsə nəzarət mexanizminin tətbiqinə nail olmağa çalışır. Bu yolla da problemin həllini uzatmağı hədəfləyir. Məntiqi olaraq bir daha təsdiqlənir ki, fevralın 24-26-dakı təxribatlar məhz Ermənistan ordusu tərəfindən törədilib.
Bu barədə ekspertlər nə düşünür?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, bu məsələni ermənilər Sankt-Peterburq görüşündən sonra daha çox qabartmağa başladılar:
"Həmin görüşdən sonra verilən "prezidentlər ATƏT müşahidəçilərinin sayının artırılması məsələsində razılığa gəldilər" açıqlaması şübhələrə yol açdı və aydın oldu ki, bu amil Ermənistanın xeyrinədir. Çünki müşahidəçilərin sayının artırılması şərtini Ermənistan tərəfi irəli sürmüşdü və bu məsələ Vyanada Qərb tərəfindən müdafiə olunmuşdu.
Bu amil münaqişənin dondurulmuş vəziyyətdə qalmasına xidmət etdiyi üçün Azərbaycanın xeyrinə deyil. Hiss edilir ki, vasitəçilik missiyasını üzərinə götürən bəzi dövlətlər də məhz bunun tətbiq olunmasını istəyir. Azərbaycan haqlı olaraq aprel müharibəsindən sonra yaranmış yeni reallıqda bu məsələni yaxına buraxmır.
Sarkisyan da məqsədli şəkildə bu mövzunu qabartmaqla diqqəti işğal faktorunun aradan qaldırılmasından yayındırır və vəziyyətin olduğu kimi qorunub saxlanmasını istəyir. Atəşkəsin qorunmasını işğalçı belə istəyirsə, zəhmət çəkib qoşununu öz ərazisinə çəksin".
Məhəmmədəli QƏRİBLİ