Elşən Mustafayev: "Hər halda, həmin fikirlər Ermənistanın mövqeyini köklü dəyişməsə də, hansısa formada təsiri olacaq"
Prezident İlham Əliyev martın 14-də Fransada həmkarı Fransua Ollandla təkbətək və geniş tərkibdə görüşlər keçirdi. İki ölkə arasında bir neçə dövlətlərarası sənəd imzalandı. Ölkə başçısı qeyd edib ki, iki ölkə arasındakı siyasi dialoq mühüm mərhələyə qədəm qoyub və bir çox sahələrdə mövqelər üst-üstə düşür.
Fransa səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi də müzakirə mövzusu olub. Artıq prezidentlik müddətini başa vurmaqda olan Olland deyib ki, münaqişənin həllinin vaxtı çoxdan çatıb. İlham Əliyev isə qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı aparılan danışıqlar və münaqişənin həlli prosesindən yayınır. Ölkə başçısının bu fikri Ermənistanın konstruktiv mövqeyə qaytarılmasında hansı rolu oynaya bilər?
Ekspert Elşən Mustafayev qəzetimizə bildirdi ki, Fransa münaqişənin həllində strateji yer tutur:
"Nəzərə almaq lazımdır ki, Fransa Avropanın böyük və nüfuzlu dövlətidir. Eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədridir. Həmçinin bu ölkədə dövlət siyasətinə təsir etmək imkanlarına sahib olan güclü erməni diasporu var. Erməni diasporu Fransa siyasətində qabarıq şəkildə özünü göstərib. Cənab prezident bundan öncəki səfərlərində də Bakı ilə Paris arasında münasibətlərin inkişafı üçün bir çox mühüm addımların atılmasına nail olub.
Azərbaycan Fransa ilə siyasi dialoqu həmişə ən yüksək səviyyədə aparmaqda maraqlıdır.
Fransua Ollandın prezidentlik müddəti bitsə də, bu ölkənin dövlət aparatı öz yerində qalır. Bütün bu dialoqlar gələcək üçün mühüm əhəmiyyət kəsb edir. Dağlıq Qarabağ məsələsi də bu dialoqun tərkib hissəsi idi. Bu baxımdan belə görüşlərin mütəmadiliyi vacibdir. Çünki bu cür görüşlər vasitəsilə həqiqətlər səsləndirilir. Ölkə başçısının Ermənistanın qeyri-konstruktiv mövqeyilə bağlı dedikləri, yəqin ki, ciddi nəzərdən keçiriləcək.
Fransızların münaqişənin həlli istiqamətində böyük təsir imkanları var. Hər halda, həmin fikirlər Ermənistanın mövqeyini köklü dəyişməsə də, hansısa formada təsiri olacaq".
Məhəmmədəli QƏRİBLİ