Cəbhədə törədilən təxribatlar Ermənistana gedərək daha çox baha başa gəlməkdədir. Bunun əsas səbəblərindən biri hər təxribat zamanı düşmənin həm insan, həm də hərbi texnika itkisinə məruz qalmasıdır. Elə bu günlərdə düşmənin hərəkətlərinə cavab olaraq Azərbaycan Silahlı Qüvvələri ölkə ərazilərini işğal altında saxlayan Ermənistan ordusunun dayaq məntəqəsinə artilleriya zərbəsi endirib. Düşmən silahlı qüvvələrinin dayaq məntəqəsinə vurulan artilleriya atəşi nəticəsində qarşı tərəf ən azı 5 nəfər itki verib.
Ümumiyyətlə, ötən il olduğu kimi, bu il də cəbhədə həyatını itirən erməni hərbçilərinin sayı artmaqdadır. Cari ilin ilk iki ayı ərzində ermənilərin 20-yə qədər hərbi qulluqçu itirməsi də bunun təsdiqi hesab oluna bilər. Təbii ki, belə vəziyyət Ermənistanda böyük narazılığa yol açır, hakimiyyətə qarşı etiraz dalğasını gücləndirir. Burada indi daha gur səslə bəyan edilir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması ermənilərə gedərək daha çox sayda əsgər ölümü qazandırır. Hakimiyyət bundan narahat olmasa da, əsgər valideynlərinin etirazı gedərək genişlənir. Onlar övladlarının özgə torpaqlarında mənasız yerə həlak olmasının qəbuledilməz olduğunu bəyan edir və bu prosesin davam etməsinin yalnız hakimiyyət rəhbərlyinə sərfəli oluğunu açıq şəkildə dilə gətirirlər. Bu vəziyyətdə cəmiyyətdə Serj Sarkisyan iqtidarından narazılıqlar artmaqla bərabər, iqtidardan erməni əsgərlərinin hərbi xidmətlərini Azərbaycanın işğal altındakı ərazilərində yox, Ermənistanda keçmələrinə dair tələblər də artır. İmkanı olan valideynlər isə övladlarını hərbi xidmətdən yayındırır, onu ölkə xaricinə göndərirlər. Son günlərdə buna bariz nümunə kimi oğlunu erməni ordusunda hərbi xidmətdən yayındırmaq üçün İspaniyaya köç edən Marina Nikoqosyan adlı qadın göstərilir. Erməni mediası və ispandilli "Lavoz de Galiciya" nəşri yazır ki, Marina Nikoqosyan oğlu Aram Nikoqosyana görə ölkəni tərk etməyə məcbur olub. Qeyd olunur ki, Marina oğlunun orduya xidmət etməyə getməsinin və Azərbaycana qarşı vuruşmasının əleyhinədir. Bu xüsusda onun özü bildirir: "Mən İspaniyaya oğlumun həyatını saxlamaq üçün gəldim. Mən istəmirəm ki, oğlum Qarabağda ölsün. Biz ölkədən çıxanda onun cəmi 11 yaşı vardı. Amma ləngimək olmazdı, çünki 14 yaşı tamam olsaydı, onu ölkədən buraxmazdılar. Qadın, həmçinin, erməni ordusundakı dəhşətli vəziyyətdən şikayət edir, bildirir ki, komandirlərin özbaşınalığından əsgərlər tez-tez həlak olur. Erməni mediası isə etiraf edir ki, Marina Nikoqosyan kimi on minlərlə valideyn övladını Ermənistandan qaçırıb. Əsas səbəb də həmin övladların işğal altındakı Azərbaycan torpaqlarında həlak olmasının qarşısını almaqdır. Ermənistanın "İravnuk" qəzeti yazır ki, ölkədə artan demoqrafiya probleminin kökündə dayanan amillərdən biri də məhz bununla bağlıdır. Bildirilir ki, Qarabağ münaqişəsi Ermənistan demoqrafiya, miqrasiya ilə bağlı böyük problemlər gətirib və bunlarla əlaqədar əhalinin azalması reallığı ilə üzləşib. Ermənistan Milli Konqresinin parlament fraksiyasının katibi Aram Manukyan bildirir ki, təkcə 2016-cı ildə Ermənistanı 60 min insan tərk edib və bu da 2015-ci illə müqayisədə yeni artım deməkdir. Onun sözlərinə görə, Ermənistanı ötən il tərk edən 60 min insan ölkənin ən böyük itkisidir: "Ötən ilin ən ağrılı səhifəsi aprel hadisələri oldu və təəssüf ki, hakimiyyət bundan dərs götürmədi.aCəbhədə, Qaraağanışıqlarında vəziyyət dəyişmədi. Nəticədə yenə insanlar ölkəni tərk etməkdə davam edir. Əhalinin ölkədən axınını qadağa tədbirləri ilə dayandırmaq qeyri-mümkündür. Qarabağ münaqişəsi ilə yanaşı, Ermənistanda insanların maddi rifah halının sürətlə pisləşməsi fonunda da yenə bu ölkəni tərk edənlərin sayında dinamik artım müşahidə edilir. Ölkənin boşalması artıq fəlakət həddinə çatıb. İllərdir özünü göstərən problemin qarşısının alınmasında hakimiyyət hələ də acizlik nümayiş etdirir. Elə bu səbəbdən Ermənistanı birdəfəlik tərk edənlər ildən-ilə çoxalır". Beləliklə, qeyd edilənlər də aydın surətdə nümayiş etdirir ki, həm Qarabağ münaqişəsinin davam etməsi, həm də erməni tərəfinin cəbhədə törətdiyi təxribatlar Ermənistana demoqrafiya sahəsində kifayət qədər böyük ziyan vurur.
Bütün bunlar həm də bir daha təsdiq edir ki, cəbhədə törədilən təxribatların ordumuz tərəfindən vaxtında və effektiv şəkildə qarşısının alınması Ermənistan hakimiyyətinin mövqelərini də gedərək sarsıdıcı zərbələr vurmaqdadır. Özü də bu məsələ düşmən ölkədə aprelin 2-də keçiriləcək parlament seçkilərində daha da aktuallaşıb. Sarkisyan hakimiyyətinə qarşı çıxanlar cəbhədə artan itkilər və Qarabağ konflikti fonunda əhalinin ölkəni tərk etməsini bu fonda xüsusi qabardır. Ermənistan Milli Konqresi bəyan edir ki, hakimiyyətin siyasəti nəticəsində həm Ermənistandan, həm də Qarabağdan ermənilər qaçmaqda davam edir. Qurumun təmsilçisi Ruben Saftarsyan bildirir ki, bunun ümdə səbəbi ermənilərin özlərini təhlükəsizlikdə hiss etməmələridir. Onun sözlərinə görə, lokal hərbi toqquşmalarda ermənilərin verdiyi itkilər əhalidə təşviş hissini daha da gücləndirir: "Çünki artıq insanlar hakimiyyətin dağıtdığı ordunun Azərbaycan qarşısında nə qədər davam gəttirə biləcəyinə dair optimist fikirlərə malik deyil. Bizdə əhalinin sayı onsuz da azalır. Belə şəraitdə orduya çağırışda, silahlı qüvvələrin şəxsi heyətinin sayının tamamlanmasında ciddi problemlər olması da həqiqətdir. Digər tərəfdən, cəbhədən gələn əsgər meyitləri vəziyyəti daha da ağırlaşdırır, hakimiyyət isə bunlardan hələ də nəticə çıxarmağa tələsmir".
Erməni tərəfində narazılıq yaradan daha bir amil isə cəbhədə təxribatlar zamanı həyatını itirən hərbi qulluqçular barədə haimiyyətin əsl həqiqətləri gizlətməsidir. Bununla bağlı məhkəmə işlərində araşdırmalar düzgün aparılmır. Hətta belə faktların mövcudluğu Ermənistanın sabiq müdafiə naziri, "Ohanyan-Raffi-Oskanyan" seçki blokunun lideri Seyran Ohanyan tərəfindən də açıq etiraf edilir. O, Ermənistan silahlı qüvvələrində cinayət, o cümlədən qətl, döyüş itkiləri hallarının araşdırılması işində ölkənin məhkəmə sistemi tərəfindən çoxsaylı səhvlərə yol verildiyini bəyan edib. Ermənistanın Armavir şəhərində seçicilərlə görüş zamanı Seyran Ohanyan etiraf edib ki, təkcə döyüş yox, qeyri-döyüş şəraitində də həyatını itirən erməni hərbçilərlə bağlı araşdırmalar çox vaxt düzgün aparılmır: "Şübhəsiz, hamının nöqsanları olub, o cümlədən mənim... Lakin bu nöqsanların böyük hissəsi müdafiə nazirindən deyil, məhkəmə sistemi və hazırda Ermənistanda hökm sürən durumdan asılıdır". Orduda oğlu həlak olan əsgər anası Nana Muradyan isə məsələyə başqa bir rakursdan nəzər salır. O qeyd edir ki, hakimiyyət erməni əsgrlərini öz məqsədi uğrunda fikirləşmədən qurban verir və ölkəyə gələn əsgər tabutlarının sayı Sarkisyan dövründə artmaqda davam edəcək. Nana Muradyan buna son qoymağın yolunun Qarabağ münaqişəsinin həllindən keçdiyini və bu istiqamətdə qətiyyətli addımlar atmağın vaxtının çoxdan çatdığını bildirir. Hakimiyyətə müxalif cəbhədə yer alan "Çarukyan" blokunun lideri Harik Çarukyan da seçkiqabağı kampaniya çərçivəsində bu məsələyə toxunub. O bildirir ki, ölkədə yaranmış pis vəziyyətə görə kim günahkardırsa getməlidir. "Aravot" qəzeti isə yazır ki, erməni cəmiyyətində ciddi narahatlıq yaradan mühüm məqam aprel döyüşlərinin yenidən təkrarlana biləcəyidir. Qəzet yazır ki, bu halda erməni ordusunda əlavə itkilər Sarkisyan hakimiyyətinin ömrünü daha sürətlə qısaldacaq. Eyni zamanda diqqət ona yönəldilir ki, Lələ-təpə, Talış yüksəkliyinin itirilməsi ermənilər üçün təhlükəli vəziyyət yaradıb. Belə ki, Lələ-təpə və Talış yüksəkliyindən Dağlıq Qarabağ ərazisinin bir hissəsini nəzarətdə saxlamaq mümkündür. Bütün bunlar Azərbaycan ordusunun gələcək döyüşlərdə üstünlüyünü təmin edəcək xeyli vasitənin olduğunu göstərir. Məhz belə şəraitdə "Aravot" qəzeti yeni hərbi əməliyyatların ermənilər üçün ciddi itkilərə gətirib çıxaracağını istisna etmir. Buna görə qəzet yazır ki, İrəvan Bakı ilə Qarabağ məsələsində anlaşmaya getsə, bu, daha yaxşı hal olar. Amma erməni ekspert Vladimir Poqosyan bildirir ki, Sarkisyan hakimiyyəti hadisələrin gedişindən hələ də düzgün nəticə çıxara bilmir: "Birincisi, İrəvan regiondakı situasiyanı nəzərə almır. Azərbaycan və Türkiyə, bizdən fərqli olaraq, müharibə şəraitində olduqlarını görüb, hakimiyyəti gücləndirdilər. Başqa cür ola da bilməz. İkincisi isə, geosiyasi hədəflərlə yanaşı, ölkənin milli maraqları da var. Ermənistan prezidenti Serj Sarkisyan hakimiyyəti zəiflədib. Bu vəziyyətdə cəbhədə vəziyyətin gərginləşməsi Ermənistan üçün qətiyyən sərfəli deyil".
Beləliklə, indi Ermənistanda açıq etiraf edilir ki, cəbhədə vəziyyətin gərginləşməsi qətiyyən Ermənistanın maraqlarına cavab vermir. Amma Sarkisyan hakimiyyəti bunu bildiyi halda cəbhədə təxribatlara gedir və parlament seçkiləri ərəfəsində Qarabağ kartı ilə diqqəti daxili problemlərdən yayındırmağa çalışır. Amma bu vəziyyətdə erməni ordusunun itkiləri də artır və görünür ki, düşmən təxribatı davam etdikcə daha da artacaq. Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov da təsdiq edir: "Qarabağda hərbi vəziyyəti süni şəkildə gərginləşdirməyə çalışan Ermənistan bununla çalışır ki, əhali burada vəziyyətin necə çətin olduğunu görsün, bəzi daxili problemlərə göz yumsun və onlar da seçkiqabağı bu məsələdən öz xeyirləri üçün istifadə edərək müəyyən dividend qazansınlar. Düşmənin təxribat qruplarının fəaliyyəti son aylar daha da artıb. Nəticədə düşmən tərəfi itkilər verib. Bununla bağlı bizdə kifayət qədər faktlar, videomateriallar var. Lakin Ermənistan tərəfi bu itkiləri gizlədir.
Bilirsiniz ki, ordumuzun ön xətdə olan bölmələri müasir müşahidə, izləmə cihazları ilə təchiz edilib. Azərbaycanın müdafiə naziri sonuncu müşavirədə ərazilərimizdə olan düşmənin - işğalçı Ermənistan ordusunun hər bir addımının izlənməsi, müşahidə edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı bütün istiqamətlər üzrə konkret tapşırıqlar verib. Bu tapşırıqlar ordumuz tərəfindən inamla, yüksək səviyyədə yerinə yetirilir. Ermənistan silahlı birləşmələrinin təxribat-diversiya qruplarının hər dəfə çoxlu itkilər verməsi onu göstərir ki, Azərbaycan ordusu qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirir". Bütün bunlar bir daha təsdiq edir ki, cəbhədə təxribatlar bundan sonra da erməni tərəfinə baha başa gəlməkdə davam edəcək.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.