Ermənistanda aprelin 2-nə təyin edilmiş parlament seçkilərinin ölkədə vətəndaş müharibəsinə gətirib çıxara biləcəyinə dair verilən proqnozlar öz təsdiqini tapır. Artıq indidən hakimiyyətlə müxalifət təmsilçiləri arasında yaşanan ziddiyyət tədricən silahlı müstəviyə keçməkdədir. Görünən odur ki, bu qarşıdurma daha da dərinləşəcək.
Xüsusən də hakimiyyət seçkiləri saxtalaşdırmağa cəhd etsə, Ermənistanda böyük faciə ilə nəticələnən vətəndaş qarşıdurması ümumiyyətlə qaçılmaz olacaq. Müxalifət isə iddia edir ki, əslində, hakimiyyət indidən saxtakarlıq kampaniyasına start verib. Məsələn, Dovlət Gəlirləri Komitəsindən anonimliyin saxlanması şərtilə "Jamanak" qəzetinə bildirilib ki, bütün vergi idarələrinin rəhbərləri öz əməkdaşlarını çağıraraq ailələrinin pasportlarını istəyir. Etiraz edənləri isə işdən qovmaqla hədələyirlər. Əsas məqsəd hakimiyyətdən olan namizədlərin yetərli səs toplamasını təmin etməkdir.
Digər tərəfdən hakimiyyət təmsilçiləri müxalifətə seçki təşviqatını həyata keçirməyə də imkan vermir. Bunun təsdiqi kimi Armavir rayonunun Crarat kəndində müxalifətdən olan deputatlığa namizədlərin tərəfdarları ilə iqtidar təmisilçiləri arasında yaşanan qarşıdurma və atışma göstərilir. Belə ki, keçmiş müdafiə naziri Seyran Ohanyan, Ermənistan prezidentliyinə namizəd olmuş Raffi Ovanesyan, keçmiş xarici işlər naziri Vardan Oskanyanın başçılığı altında yaradılan "Ohanyan-Raffi-Oskanyan" seçki bloku Crarat kəndində ciddi təzyiqlə üzləşib.
Məlumata görə, kənd administrasiyası rəhbərinin göstərişi ilə kəndin gənc sakini Akop Melkonyana atəş açılıb, əmisini isə bıçaqlayıblar. Blokun təəssübkeşlərindən biri güllə yarası alıb. Daha 3 nəfərin yaralandığı haqda məlumat yayılıb. Xəbərdə bildirilib ki, Crarat kənd icması başçısının qardaşı Samvel Qalstyan tapançadan atəş açıb. O, Ermənistan polisi rəisinin müavini, general Levon Yeranosyanın qohumudur. Bildirilir ki, Levon Yeranosyanın qardaşı Lernik Seyran Ohanyanın tərəfdarlarına sarı "Makarov" tipli tapançadan havaya atəş açıb. Onu tərksilah etdikdən sonra əlbəyaxa dava düşüb. Rəis müavininin qardaşı yaralı vəziyyətdə hospitala yerləşdirilib. Ermənistan İstintaq Komitəsi bildirir ki, insidentlə bağlı beş nəfər saxlanıb. Saxlananlar Ohanyan blokunun tərəfdarlarıdır. Keçmiş müdafiə naziri özü insidentə münasibət bildirərkən deyib ki, kənd administrasiyasının rəhbəri seçiciləri onların görüşünə buraxmaq istəməyib və hədələyib. Bu zaman onun tərəfdarları ilə hakim partiyanın adamları arasında dava düşüb: "Dava zamanı Qalstyanın adamlarından biri silah işlədib.
Lakin mənim tərəfdarlarımın peşəkarlığı sayəsində onu tərksilah etmək mümkün olub, silah polisə təhvil verilib". Ohanyan bildirib ki, hakimiyyət bu insidentə görə ancaq bir tərəfi yox, bütün iştirakçıları həbs etməli idi.
Bu arada Ohanyanın tərəfdarlarından olan qondarma "DQR"in keçmiş "müdafiə naziri" Samvel Babayan baş verənlərə sərt reaksiya sərgiləyib. Xatırladaq ki, Babayan hazırda Ohanyanın başçılıq etdiyi bu blokun fəaliyyətini koordinasiya edir. O, "Aykakan Jamanak" qəzetinə açıqlamasında hakimiyyəti hədələyib: "Hakimiyyətə məsləhət görmürəm ki, bizim alyansa qarşı çıxsın, çünki onlar atəş açmaqla heç nəyə nail ola bilməyəcəklər. Bu gün onlar atəş açırsa, sabah digər tərəf atəş açar və o zaman heç kim onları sağ-salamat tapa bilməyəcək". Keçmiş "müdafiə naziri" bildirib ki, belə davam edərsə, qan axıdılacaq: "Mən bilirəm ki, digər tərəf də geri çəkilən deyil, ona görə də hansısa yolla özümüzü müdafiə etməliyik. Sən insanlara atəş açırsansa, vacib deyil kimsən, polissən, yoxsa nəsən və hakimiyyət səni cəzalandırmırsa, o zaman qarşı tərəf də hərəkətə keçməyə məcburdur. Axı sonunda o da canlı insandır". "Joxovurd" qəzeti baş verənlər fonunda Ermənistanı Siciliyaya bənzədir: "Əvvəllər hakim partiyanın nümayəndələri öz aralarında "söz davası" aparırdılar. Bu gün isə hökumət təmsilçiləri siyasi rəqibləri ilə aralarındakı problemlərini silah və yumruq gücünə həll etməyə başlayıb. Kimin haqlı, kimin haqsız olmasından asılı olmayaraq, belə demək olar ki, hökumət hazırkı parlament seçkilərini küçə avaralarının davası səviyyəsinə düşürdü. Ölkəni rüsvay etdi, bütün prosesi gözdən saldı". Ekspertələr görə, bütün bunlar Ermənistanda növbəti parlament seçkilərinin qanlı müstəvidə keçəcəyindən xəbər verir. Qeyd edək ki, Ermənistanda parlament seçkiləri aprelin 2-nə təyin edilib. Bu seçkilərin qalibi olan siyasi qüvvə ölkəni idarə edəcək. Çünki gələn ildən Ermənistan parlament üsul-idarəçiliyinə keçir. Amma görünən odur ki, ölkə həm də seçkilər ərəfəsində vətəndaş müharibəsinə sürüklənir.
Tahir TAĞIYEV