Minsk Qrupunun həmsədlərinin regiona son səfərləri fonunda fikirlər səsləndirildi ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün artıq əməli addımlar atılmalıdır.
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bu xüsusda bəyan etdi ki, tezliklə əsaslı sülh danışıqlarının başlanmasına start verilməlidir: "Minsk Qrupunun tərkibində ABŞ və Fransadan yeni həmsədrlərin olmasına baxmayaraq, bu ölkələrin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeləri dəyişməz qalır və həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyir".
Eyni mövqeni Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland da sərgilədi və münaqişənin həll prosesinin intensivləşməsinin vaciblyini vurğuladı. Fransaya gəlincə, bu ölkənin prezidenti Fransua Olland bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında irəliləməyin vaxtı çoxdan çatıb. O qeyd edir ki, danışıqlar artıq 23 ildir davam edir və tərəflər heç bir həlledici nəticəyə gəlməyib: "Status-kvodan pis bir şey yoxdur. 2016-cı ilin aprelində və bir neçə həftə bundan əvvəl baş verən toqquşmalar aydın göstərir ki, bu münaqişə heç vaxt tam dayanmayıb. Amerika və Rusiya ilə birlikdə Fransa da öz vasitəçilik səylərini yorulmadan davam etdirəcək. Bu səylər hərbi yola əl atmamaq, dövlətlərin ərazi bütövlüyünün qorunması və öz müqəddəratını təyin etmə prinsiplərinə əsaslanır. Fransa bu çərçivədə hər cür təşəbbüs göstərməyə hazırdır".
Beləliklə, səslənən fikirlərdən görünür ki, Minsk Qrupunun həmsədr ölkələri münaqişənin dinc yolla həlli üçün əməli addımlar atılmasını istəyir. Azərbaycan isə danışıqlar prosesində əməli addımlar atılmasını əslində çoxdan tələb edir. Amma erməni tərəfinin mövqeyi məsələnin dinc yolla həllini yenə dalana dirəyir. Belə demək mümkünsə, Azərbaycandan fərqli olaraq, Ermənistan rəhbərliyi sülh danışıqlarını əvvəlki formatlarda və əvvəlki gündəliklə davam etdirməkdən imtina edir. Bunu Ermənistan prezidenti Serj Sarkisyanın ispan agentliyi EFE-yə müsahibəsində səsləndirdiyi fikirlər də təsdiq edir. Sarkisyanın sözlərinə görə, Ermənistan danışıqlar masasına yalnız atəşin dayandırılması rejiminin pozulması hadisələrinin araşdırılması üçün mexanizmin yaradılması halında qayıdacaq. Məlum olduğu kimi, Azərbaycan öz işğal edilmiş və beynəlxalq səviyyədə tanınmış ərazilərində belə mexanizmin yaradılmasından prinsipial olaraq imtina edir və tələb irəli sürür ki, işğalçı Ermənistan qoşunlarını özünün beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərinə çəksin. Ermənistanın yeni mövqeyi isə müharibəni qaçılmaz edir. İrəvanın mövqeyi üzərindən müharibənin başlanacağını bu gün Ermənistanın özündə də qəbul edənlərin sayı kifayət qədərdir. Erməni politoloq Ara Papyan qeyd edir ki, Qarabağda toqquşmalar və müharibə qaçılmaz olacaq. Papyan münaqişənin həlli ilə bağlı Rusiyanın təklif etdiyi "Kazan düsturu"ndan danışıb: "Kazan sənədinə əsasən, birinci mərhələdə, Kəlbəcər və Laçından başqa, beş rayonu qaytarırıq. Bundan sonra qaçqınların qayıdışı olacaq. Məlumata görə, qayıdacaq qaçqınların təxmini sayı 600 minə qədər olacaq". Erməni politoloq iddia edib ki, qaçqınların qayıdışından sonra Qarabağın yekun statusunun həlli üçün referendumun keçirilməsinin çətin olacağını əsas gətirən Sarkisyan iqtidarı bundan imtina edir. Lakin belə vəziyyət Rusiyanın da xoşuna gəlmir. Elə bu günlərdə Ermənistanın "Aravot" qəzeti qeyd olunan xüsusda yazırdı ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı "Lavrov planı"nın tətbiqi üçün İrəvana təzyiq edir: "Bu plan aprel müharibəsindən sonra faktiki olaraq müzakirə edilən əsas variantdır. Bu planda ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutulur. Rusiya məhz bunun üçün çalışır. Serj Sarkisyanın müharibə mesajları səsləndirməsinin arxasında dayanan səbəb də budur. Güman ki, rəsmi İrəvan "Lavrov planı"na müqavimət göstərmək üçün müharibəyə başlayacaq. Müharibə yeganə çıxış yolu olaraq görünür". Amma Ermənistanda o da etiraf edilir ki, müharibədə Rusiya İrəvanı yalqız qoysa, Azərbaycan qısa zaman ərzində ərazi bütövlüyünü bərpa edəcək. Elə bu səbəbdən Sarkisyanın Qarabağ siyasətinə Ermənistanın özündə də etirazlar artır.
Tahir TAĞIYEV