Məhəmməd Əsədullazadə: "Nəticədə tədricən bu şirkətlər işğal edilmiş ərazilərdən çəkiləcək"
Xəbər verildiyi kimi Fransada səfərdə olan prezident İlham Əliyev Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşüb.
Dövlət başçısı çıxışında bir sıra məsələlərə toxunub. Bununla yanaşı, Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətləri xəbərdar edib. Qarabağ münaqişəsi haqda danışan İlham Əliyev Dağlıq Qarabağ və ətraf ərazilərdə Avropadan, həmçinin təəssüf ki, Fransadan olan bəzi şirkətlərin fəaliyyəti ilə bağlı narahatlıq ifadə edib. Prezidentin bildirdiyinə görə, bəzi şirkətlər bu ərazilərdə qanunsuz fəaliyyət göstərir ki, bu da qəbuledilməzdir: "Bu, beynəlxalq hüququ, bizim qanunvericiliyimizi pozur və Azərbaycan bu məsələni beynəlxalq müstəvidə qaldırmaq üçün ciddi addımlar atır, həmçinin beynəlxalq məhkəmə institutlarına müraciət edir. Ona görə də mən bu narahatlığı ifadə etmək və torpaqlarımızda qanunsuz fəaliyyət göstərən şirkətləri bu fəaliyyətdən çəkinməyə çağırmaq istərdim. Bu fəaliyyət çoxlu gəlir gətirməyəcək, lakin çoxlu çətinliklər yarada bilər. Bu, ölkələrimiz arasındakı çox yaxşı, dost münasibətlərinə uyğun deyil. Mən başa düşürəm ki, bu şirkətlər bunu öz riskləri hesabına edirlər, lakin mənim borcum sadəcə onlara bundan çəkinməklə bağlı xəbərdarlıq etməkdir".
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən ekspert Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində təəssüf ki, bir çox dövlətlərin şirkətləri qanunsuz fəaliyyət göstərir: "Bura İtaliya, ABŞ, Rusiya, Fransa, Çin və digər Avropa ölkələrini misal göstərmək olar. İşğal olunmuş ərazilərdə bu qanunsuz şirkətlər əsasən turizm, mobil operator və faydalı qazıntıların çıxarılması istiqamətində işlər görür. Qarabağda əsasən Fransa şirkətləri daha da üstünlük təşkil edir. Fransada erməni lobbisinin təsiri altında olan müəyyən qüvvələr beynəlxalq hüquq normalarına zidd olaraq işğal olunmuş ərazilərdə fəaliyyət göstərir. Fransa ilə Azərbaycan arasında sıx iqtisadi-siyasi münasibətlər var. Buna baxmayaraq, bu şirkətlərin fəaliyyətinə Fransa hakimiyyəti göz yumur. Dövlət başçısı İlham Əliyevin Fransada bu şirkətlərə mesajı bir növ xəbərdarlıqdı. Hesab edirəm bundan sonra həmin şirkətlər öz fəaliyyətlərində ölçü götürəcəklər. Azərbaycanın belə şirkətlərə qarşı beynəlxalq konvensiyalara uyğun hüquqi işləmlərə gedəcəyini bildirməsi bundan sonra hər hansı şirkətlərin fəaliyyətinin qarşısını alacaq. Nəticədə tədricən bu şirkətlər işğal edilmiş ərazilərdən çəkiləcək. Qeyd edim ki, hüququn aliliyini qəbul edən, digər separatçı bölgələrə sanksiyalar tətbiq edən Fransa başda olmaqla Qərb dövlətləri Azərbaycanın işğal olunmuş ərazilərində separatçı quruma iqtisadi yardımlar edir. Bu, işğalın uzadılmasına hesablanmış bir siyasətdir. Azərbaycan diplomatik və lobbi kanallarla Qarabağda belə şirkətlərin fəaliyyətinin qarşısını almalıdır".
Vidadi ORDAHALLI