"Bu və digər amillərdən istifadə edib bunun qarşısını almaq lazımdır"
Məlum olduğu kimi, Ermənistan prezidenti Serj Sarkisyan İraqın Ərbil şəhərində ölkəsinin baş konsulluğunun açılması barədə fərman imzalayıb. Sözügedən şəhər İraq Kürdüstanının inzibati mərkəzidir. Konsulluğun açılması barədə qərar Ermənistan hökumətinin martın 2-də keçirilmiş iclasında qəbul olunub.
Digər tərəfdən, hazırda Bağdad-Ərbil-İrəvan aviareysi fəaliyyət göstərir. İraq Kürdüstanında bir çox dövlətlərin diplomatik, mədəni, ticarət nümayəndəlikləri fəaliyyət göstərir. Bildiyimiz kimi, Şimali İraq kürd ərazisi böyük neft-qaz yataqlarına malikdir. Burada böyük dövlətlərin, həmçinin qonşu dövlətlərin marağı şəksizdir. Azərbaycan da neft sahəsində böyük beynəlxalq şəbəkəyə malikdir və burada neft-qaz sahəsi üzrə geniş əməkdaşlıq perspektivləri var.
Ancaq sözügedən məsələdə narahatedici məqam ondan ibarətdir ki, Ermənistanın Ərbildə konsulluq açmaqda məqsədi ucuz neftə yiyələnməkdir. Yəni Ermənistanın bunu etməkdə niyyəti kürd yönətimindən ucuz neft almaqdır. Bu da əsla Azərbaycanın maraqlarına uyğun deyil. Regional problemlərin həlli Azərbaycanın da Yaxın Şərqlə əməkdaşlığını labüd edir. Nəzərə almaq lazımdır ki, İraq Kürdüstanının açıq dənizə çıxışı olmasa da, Türkiyə və İranla həmsərhəddir. Türkiyə ilə Şimali İraq arasında neftin ötürülməsi ilə bağlı infrastruktur olsa da, qardaş ölkə bunun Ermənistana ötürülməsinə imkan verməz. Ən azından ona görə ki, Türkiyə ilə Ermnistan sərhədləri bağlıdır. Həmçinin, rəsmi Ankaranın Dağlıq Qarabağla bağlı mövqeyi ortadadır. Belə olan halda Ermənistan, görünür, İran vasitəsilə ucuz neft əldə etmək barədə düşünür. Ümumilikdə bütün bunların qarşısını necə almaq olar? Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, bunun üçün hərtərəfli işlər aparılmalıdır: "Xüsusən də bunu əngəlləmək üçün diplomatik rıçaqlar işə salınmalıdır. Eyni zamanda, İraq Kürdüstanının rəsmilərilə danışıqlar aparılmalıdır. Düzdür, onlar üçün alıcının kim olması önəmli deyil. Əsas odur ki, neftə müştəri tapsınlar. Ancaq Azərbaycan mümkün olan qədər buna mane olmalıdır. Xüsusən də İranla Ermənistan arasında olan müəyyən yaxın münasibətləri nəzərə alsaq, narahat olmağa dəyər. Son dövrlər İranla Azərbaycan arasında müşahidə olunan yaxınlaşmadan istifadə olunmalıdır. İslam Konfransı Təşkilatının Dağlıq Qarabağla bağlı qətnaməsi var. Bu və digər amillərdən istifadə edib bunun qarşısını almaq lazımdır".
Vidadi ORDAHALLI