Prezident İlham Əliyevin Fransaya səfəri səmərəli və ümidvericidir. Bunu "Trend"ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə bildirib ki, Prezident İlham Əliyevin Fransaya səfəri tək iki ölkənin deyil, dünya ictimaiyyətinin də diqqətində olan məsələdir: "Fransa dünyanın aparıcı ölkələrindən biridir, Azərbaycan isə öz uğurlu daxili və xarici siyasət ilə regionun lider dövlətinə çevrilir və bu gün dünya birliyində artan nüfuza malikdir. Həmçinin hər iki ölkəni dünyanın təhlükəsizliyi, stabilliyini qorunması, yaranan problemlərə adekvat cavabların axtarılması ciddi sürətdə maraqlandırır".
Deputat vurğulayıb ki, Prezidentin Fransaya səfər proqramı kifayət qədər genişdir: "Həm rəsmi, həm biznes dairələri ilə görüşlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Əlbəttə gündəlikdə duran ən vacib məsələ Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə son qoyulması və bu məsələdə Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunun artırılmasıdır. Fransa bu məsələnin həllində böyük rol oynaya bilər. Nəzərə almaq lazımdır ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və problemin həllində öz səylərini göstərir. Lakin bu səylər daha konkret, daha prinsipal və daha yüksək səviyyədə olmalıdır. Səfərin məqsədi də əlaqələrin möhkəmləndirilməsi, Dağlıq Qarabağ münaqişəsi barəsində obyektiv informasiyanın Fransa rəsmi dairələrinə çatdırılmasıdır. Eyni zamanda səfər zamanı dövlət başçısı bu məsələdə Azərbaycanın konkret mövqeyini ortaya qoydu, bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü heç bir halda danışıqlar mövzusu ola bilməz və Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək əzmindədir".
A.Mirzəzadə vurğulayıb ki, Prezidentin Fransa səfəri iqtisadi baxımdan da mühüm əhəmiyyətə malikdir: "Azərbaycan Prezidentinin Fransanın işgüzar dairələri ilə görüşləri, birgə iqtisadi layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiya imkanlarının nəzərdən keçirilməsi də bu qəbildən olan məsələlərdən hesab edilə bilər. Azərbaycanda bu gün investisiyalar üçün cəlbedici bir mühit var, Azərbaycan eyni zamanda Avropaya öz kapitalını yatırdır və bununla da hər iki tərəf üçün müsbət nəticələr əldə olunur. Ümumilikdə götürdükdə Prezidentin Fransaya səfəri səmərəli və ümidvericidir. Nəzərə alsaq ki, bir müddət əvvəl Ermənistan prezidenti də Fransaya səfər etmişdi, hər iki səfərin müqayisəsi hətta Fransanın ermənipərəst diarələrində belə üstünlüyün Azərbaycana verilməsinə gətirib çıxarır".
"Prezident İlham Əliyevin son rəsmi səfərlərinin təhlilini apararkən ilk növbədə belə nəticəyə gəlmək olar ki, dövlət başçısı balanslı siyasət yürüdərək Azərbaycanın dünya birliyindəki əhəmiyyətli mövqeyini nümayiş etdirir". Bu fikirləri isə siyasi ekspert Bəhruz Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfərini şərh edərkən deyib.
Siyasi ekspertin sözlərinə görə, diqqətçəkici məqamlardan biri də budur ki, Prezident İlham Əliyev bir müddət öncə körfəz ölkələrinə rəsmi səfərlər etdi və hazırda bu tendensiya Avropa ölkələri üzrə davam edir: "Bütün bu kimi faktorlar isə ölkə başçısının dünyanın siyasi arenasında balanslı siyasət yürütməsinin müsbət göstəricisi kimi qiymətləndirilə bilər. Azərbaycan Prezidentinin sözügedən istiqamətdə mövqeyi isə, əlbəttə ki, onun nüfuzunun artmasına, ölkəmizin digər ölkələr tərəfindən əhəmiyyətli olaraq qəbul edilməsinə zəmin yaradır. Bu baxımdan, cənab Prezidentin Fransa səfəri də özündə bu kimi mühüm amilləri əhatə edir".
Dövlət başçısının Fransaya rəsmi səfəri zamanı aparılan danışıqlar və əldə edilən razılaşmalara toxunan B.Quliyev qeyd edib ki, bu səfər ölkələr arasında bütün sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinə mühüm impuls verəcək: "Söz yox ki, Azərbaycanla Fransa arasında uzun illərdir formalaşdırılmış güclü siyasi əlaqələr mövcuddur və bu əlaqələr inkişaf şəbəkəsini daha da genişləndirir. Əbəs yerə deyil ki, Fransa dövlətinin siyasi rəhbərliyi, o cümlədən biznes dairələri, nüfuzlu şirkətləri Prezident İlham Əliyevin səfərinə kifayət qədər maraq göstərib. Çünki Azərbaycan dünyanın iqtisadi fonunda lider dövlətlər sırasında yer almaqla yanaşı, nəhəng layihələrin təşəbbüskarı və icraedicisi rolunu öz üzərinə götürüb və ardıcıl uğurlara imza atır".
Azərbaycan rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasətin eyni zamanda regionda yeni əməkdaşlıq formatının yaranmasına şərait yaratdığını deyən siyasi ekspert əlavə edib ki, bu fonda artıq XXI əsrin layihəsi olan "Cənub Qaz Dəhlizi"ni göstərmək mümkündür: "Belə ki, bu layihə Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçıları üçün yeni təbii qaz mənbəyidir. Əlbəttə ki, Avropa bu cür əlverişli layihədən kənarda qala bilməz. Dünyada baş verən iqtisadi böhranı nəzərə alsaq, Azərbaycanın bu qədər böyük potensiala malik olması Avropa üçün bir xilas mənbəyidir. Ümumiyyətlə, əlverişli coğrafi mövqeyə malik, Asiya və Avropa arasında yerləşən və müasir nəqliyyat infrastrukturuna malik Azərbaycan iqtisadi potensialı ilə yanaşı, həm də regionun nəqliyyat qovşağına çevrilib. Artıq bu, bir aksiom kimi qəbul edilməlidir".
İlham Əliyev Fransaya səfəri ilə yeni şanslar açdı
Prezident İlham Əliyevin Fransaya səfəri iki ölkə arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcək. Bu barədə agentliyə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, Azərbaycan-Fransa əlaqələrinin inkişafı və bu əlaqələrin şaxələndirilməsi ölkəmizin öz inkişaf hədəflərinə daha sürətli çatmasına təkan verəcək: "Son illər ərzində Azərbaycan-Fransa münasibətləri xeyli inkişaf edib. Fransada Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycanda Fransız Liseyinin açılması, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının yaradılması, Azərbaycan-Fransa İqtisadi Komissiyasının fəaliyyəti ölkələrimiz arasında əlaqələrin inkişafına müsbət töhfə verib. Ölkələrimiz arasında parlamentlərarası əlaqələr də yüksək işgüzarlığı ilə seçilir. Azərbaycanla Fransa müxtəlif sahələrdə - ticarət, investisiya qoyuluşu, eləcə də Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması, bərk məişət tullantılarının yandırılması zavodunun inşası, nəqliyyat və s. layihələrdə uğurla əməkdaşlıq edir. Hazırda Azərbaycanda 50-dən çox Fransa şirkəti fəaliyyət göstərir, onların Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyanın məbləği 2 mlrd dolları keçib. Azərbaycan Prezidentinin Fransaya səfəri Fransanın müxtəlif iqtisadi sektorlarında çalışan şirkətlərin diqqətini çəkib. Ölkə Prezidentinin həm Fransa Şirkətlər Hərəkatının biznes şurasında, həm də ayrı-ayrılıqda müxtəlif şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlər Azərbaycanın qeyri-neft sektoruna Fransa şirkətlərinin marağını göstərdi".
Millət vəkili bildirib ki, Azərbaycanda dərin iqtisadi islahatlar aparılır, iqtisadiyyatın şaxələndirilməsi yönümündə müxtəlif tədbirlər həyata keçirilir: "Təbii olaraq inkişaf etmiş ölkələrin təcrübəsini öyrənmək, onların müasir texnologiyalarını mənimsəmək və birgə fəaliyyət göstərmək Azərbaycan iqtisadiyyatının müasirləşməsinə ciddi təkan verəcək. Digər tərəfdən Azərbaycanla Avropa Birliyi arasında strateji münasibətlərin formalaşdırılması istiqamətində ciddi işlər aparılır və Fransa da Avropa Birliyinin aparıcı ölkələrindən biridir".
Fransa-Azərbaycan əlaqələri inkişaf üçün yeni dayaq tapdı
"Azərbaycan Prezidentinin Fransaya səfəri hər şeydən öncə iki ölkə arasında siyasi dialoqun yeni mərhələyə yüksəlməsi ilə yadda qaldı. Prezident İlham Əliyev qeyd etdi ki, aramızda inkişafda olan siyasi dialoq çox fəal mərhələyə qədəm qoyub. Düşünürəm ki, bu səfəri xarakterizə edən ən mühüm tezislərdən biri elə budur. Çünki siyasi dilaoqun yüksək səviyyədə olması bütün digər əlaqələr üçün açar rolunu oynayir".
Bu fikirlər isə Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğluna aiddir.
Millət vəkilinin fikrincə, ikinci mühüm məsələ onunla bağlı oldu ki, Prezident İlham Əliyev Avropanın aparıcı ölkələrindən biri olan, ATƏT-in həmsədri olan bu ölkənin Prezidenti ilə görüşdə bir daha qətiyyətlə vurğuladı ki, Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır: "Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz. Daha sonra həmsədr ölkələrin bu istiqamətdə səylərinə toxunan Prezident bildirdi ki, Minsk Qrupunun həmsədr ölkələri olan Fransa, Rusiya və ABŞ-ın prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir: "Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər". Bundan başqa, ölkələrimiz arasında iqtisadi müstəvidə olduqca yaxşı perspektivlərin olduğu və bunun hər iki ölkəyə dividendlər qazandıracağı ilə bağlı müzakirələr aparıldı".
Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə bu istiqamətdə atılacaq addımlar bir daha diqqət mərkəzinə gətirildi: "Eyni zamanda təkcə enerji sektorunda deyil, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya, kosmik sənaye, informasiya texnologiyaları və s. kimi sahələrdə də mümkün əməkdaşlıq məsələləri nəzərdən keçirildi. Qeyd etmək lazımdır ki, bu səfər Fransa-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələ yaratmaqla, siyasi-iqtisadi əlaqələrin daha geniş sektorlara saxələnməsi üçün yeni əsaslar yaratdı ki, bu da hər iki ölkənin milli maraqlarına cavab verir".