"Bu səbəbdən də belini Qərbdən də bağlamaq istəyir"
Ermənistan prezidenti Serj Sarkisyan Avropaya ikigünlük işgüzar səfər edib. Səfər çərçivəsində onun Brüsseldə - Avropa Birliyinin (AB) iqamətgahında adıçəkilən qurumla Ermənistan arasında yeni ikitərəfli anlaşmanın - çərçivə sazişinin müzakirəsini apardığı bildirilir.
Brüsseldə isə, bəlli olduğu kimi, AB ilə yanaşı, NATO-nun da mənzil-qərargahı yerləşir. Ən maraqlısı da odur ki, fevralın 27-də Sarkisyan həmin qərargahda NATO baş katibi Yens Stoltenberqlə görüşüb. Bu barədə Şimali Atlantika alyansının saytında yer alan xəbərdə bildirilir.
Sarkisyanın NATO ilə təmas qurması hansı məqsəd üçün hesablana bilər?
Ekspert Elşən Mustafayev qəzetimizə bildirdi ki, Sarkisyanın Qərbə səfəri doğrudan da maraq doğurur: "Əvvəlcə səfərin reallaşdığı tarixə fikir vermək lazımdır. Məlumdur ki, hazırda Ermənistanın daxilində böyük narazılıq hökm sürür. Yaxın vaxtlarda parlament seçkiləri keçiriləcək. Daxili ictimai rəy Sarkisyanın devrilməsinə hesablanıb. Bunu dərk edən Ermənistan prezidenti müxtəlif manevrlər etməyə məcburdur ki, daxili ictimai rəylə oynaya bilsin. Bu aralarda cəbhədə baş verən erməni təxribatlarını da həmin qəbilə aid edə bilərik. Sarkisyan hesab edir ki, Rusiya onu devirməkdə maraqlı olmayacaq. Bu səbəbdən də belini Qərbdən də bağlamaq istəyir. Sarkisyanın bu səfəri, əslində, Avropa Birliyi ilə yanaşı, NATO-ya, bütövlükdə Qərbə bir mesajdır. Bununla demək istəyir ki, istənilən vaxt onların çətiri altına keçə bilər. Ermənistan rəhbərliyi analoji addımları bir neçə dəfə atmaq istəyib və hər dəfə Moskvanın sərt təpkisilə üzləşib. Bu səbəbdən də Sarkisyanın belə gedişləri manevr xarakteri daşıya bilər. İrəvanda ona qarşı çıxan narazı elektoratın başında qərbyönlü siyasilər durur. Bununla da Sarkisyan Qərblə bağların tam kəsilmədiyi mesajını həmin elektorata vermiş olur. Apreldəki parlament seçkiləri həm də ona görə vacib əhəmiyyət daşıyır ki, Ermənistan yeni idarəetmə metodu ilə yönləndiriləcək.
Ermənistan parlamentli idarə üsuluna keçəcək və ölkənin birinci şəxsi prezident yox, yeni parlamentin seçəcəyi baş nazir olacaq. Bu baxımdan da Sarkisyan həm də seçkinin nəticələrinə indidən Qərbin pozitiv rəyini almaq istəyir".
Məhəmmədəli QƏRİBLİ