Əliyar İslamov: "Bu hadisələrə obyektiv hüquqi qiymət həmin hadisələrin əsl təşkilatçılarından olan Qriqoryan və onun kimilər məsuliyyətə cəlb olunacağı halda veriləcək"
1988-ci ildə Sumqayıtda baş verən hadisələrdən 29 il ötür. Ötən dövr ərzində Sumqayıtda baş verən iğtişaşları Qarabağ hadisələrinin başlanğıcı kimi qeyd edənlər az deyil. Heç şübhəsiz ki, bu hadisələrin təşkilatçısı və iştirakçıları ermənilər olub.
"Sumqayıt qırğınları" proqramının icraçılarından ən fəalının 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olması, qırğınların videolentə alınması üçün erməni operatorlarının hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə əvvəlcədən özlərinə xəlvəti çəkiliş mövqeyi seçməsi, sonra həmin lentləri montaj edərək bütün dünyaya yayması və digər məqamlar azərbaycanlıların "vəhşi" obrazını yaratmaq məqsədi güdürdü. Sumqayıt qırğınlarının fəal təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları isə uzun müddət mətbuatdan gizli saxlanıb.
1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. Bu hadisələr də SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğu hər kəsə bəllidir. Hətta həmin adamın hazırda sağ olduğu bildirilir.
İndiyə qədər Sumqayıt hadisələrinə lazımi tarixi və hüquqi qiymət verilibmi?
Tarixçi-alim Əliyar İslamov qəzetimizə bildirdi ki, həmin hadisələrə konkret hüquqi qiymət verilməyib: "1988-ci ilin fevral hadisələrindən 29 il vaxt keçib. Erməni millətçilərinin Sumqayıt "genosid"i haqqında yaratdıqları mif artıq dağılıb. Xarici ölkələrdə, beynəlxalq qurumlarda, diplomatik korpuslarda, elmi mərkəzlərdə Sumqayıtla bağlı dolğun və hüquqi cəhətdən əsaslandırılmış dəlil-sübutlar ermənilərin məkrli siyasətini ifşa edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci ildə 1988-ci ildə Sumqayıtda baş verən hadisələrlə bağlı sərəncam imzalayıb və hadisələrin yenidən istintaqını aparmaq üçün hüquq-mühafizə orqanlarına tapşırıq verib. Əlaqədar qurumlar bu işdə gərgin əmək sərf edib, indiyə kimi ictimaiyyətə məlum olmayan faktları aşkarlayıblar. Materiallarla dərindən tanış olanda sifarişçilərin, təşkilatçıların və icraçıların kimliyi müəyyənləşib. Məlum olub ki, bu işin başında Ermənistanın xüsusi xidmət orqanları durub. Proseslərə rəhbərlik edən Qriqoryan soyadlı erməni, törətdiyi əməlin ağırlığına baxmayaraq, qısa müddət sonra azadlığa çıxıb. Məsələyə tarixi qiyməti bizim ölkədə aparılan tədqiqatlar verib. Ancaq hüquqi qiymət əsl günahkarların tam cəzalandırılmasından sonra mümkün ola bilər. Bu işlə bağlı bir dəfə istintaq aparılsa da, obyektiv olmayıb.
İstintaq qrupu hadisənin səbəblərini, cinayətin törədilməsinə yaradılmış şəraiti, əsl təşkilatçıları və qatilləri müəyyənləşdirməyib. Həbs olunan 93 nəfər azərbaycanlı 2 ildən 15 ilədək müddətlərə azadlıqdan məhrum edilib. Hadisələrin təşkilatçısı qismində mühakimə olunan Əhməd İman oğlu Əhmədova isə SSRİ Ali Məhkəməsinin 1988-ci il 18 noyabr tarixli hökmü ilə güllələnmə kəsilib. Həmin hökm 17 ay sonra icra olunub. Bu hadisələrə obyektiv hüquqi qiymət həmin hadisələrin əsl təşkilatçılarından olan Qriqoryan və onun kimilər məsuliyyətə cəlb olunacağı halda veriləcək"
Məhəmmədəli QƏRİBLİ