Qabil Hüseynli: "İndi isə məhz prezidenti şantaj etməklə nəyəsə nail olmağı hədəfləyirlər"
Ermənistan KİV-inin verdiyi məlumata görə, ABŞ-dan olan konqresmen Adam Şiff ölkəsinin Ermənistanla iqtisadi əlaqələrinin yaxşılaşması istiqmətində əlindən gələni əsirgəməyəcəyini bəyan edib. Koqresmen ABŞ-ın yeni seçilən prezidentin ailəsinin Türkiyə və Azərbaycanla biznes əlaqələrinin olması versiyasını irəli sürüb və bildirib ki, bundan böyük narahatlıq keçirir.
Dağlıq Qarabağ konfliktilə bağlı isə o deyib ki, atəşkəsin pozulması yolverilməzdir və bu istiqamətdə Azərbaycana təzyiqləri artırmaq lazımdır: "Bundan sonra onların Ermənistana yönəlik addımları dayana bilər".
Konqresmen bildirib ki, onlar ABŞ prezidentinə qondarma "erməni soyqırımı"nı tanımaqla bağlı müraciət ünvanlamağı düşünür. Hətta bununla bağlı yeni layihənin təqdim edilməsi də gözlənir.
Sözügedən konqresmenin bu hərəkətlərini necə dəyərləndirmək olar?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, bunu növbəti ermənipərəst konqresmenin zühuru kimi dəyərləndirmək olar: "Bilirsiniz ki, ABŞ-da güclü erməni diasporu var. Onlar daim belə əqidədə olan konqresmen və senatorları pulun müqabilində öz maraqlarına xidmət etdirir. Şəxslər dəyişir və hər dəfə biz bu ampluada yeni simalara rast gəlirik. Yəni belə çağırışlar bizim üçün yenilik deyil. Erməni diasporu və lobbisinin hazırda xüsusi fəallıq göstərməsi təsadüfi deyil. Artıq Trampın qismində ABŞ prezidenti onların rəyinə elə də önəm vermir. Bir sözlə, nazları ilə oynamır. Biz bunu yeni prezidentin bir neçə addımında müşahidə etmişik. Bu da erməni diasporunu ciddi narahat edir. Bilirsiniz ki, ABŞ-dakı ermənilər Trampın prezident olmaması üçün əllərindən gələni edib. Lakin təxminləri özünü doğrultmayıb. İndi isə məhz prezidenti şantaj etməklə nəyəsə nail olmağı hədəfləyirlər. Adam Şiffin açıqlamasının məğzində məhz bu məqam dayanır. Amma düşünmürəm ki, onlar belə üsulla nəyəsə nail ola bilsin".
Məhəmmədəli QƏRİBLİ