Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməsi sahəsində yaranan problemlər məsələnin hərbi müstəvidə çözülmə ehtimalını gedərək artırır. Problemin yenidən kəskinləşməsinə əsas səbəb erməni hərbi birləşmələrinin fevralın 25-i gecə yarısından başlayaraq hücuma keçməsi nəticəsində aprel müharibəsindən sonra ən böyük eskalasiyanın başlanmasıdır.
Son məlumatlar göstərir ki, hazırda gərginlik davam edir. Erməni diversiya qrupunun hücumlarının davam etməsi və ağır artilleriyanın işə düşməsi baş verənlərin sıradan atəşkəs pozuntusu olmadığını göstərir. Hazırda Ermənistanda belə hesab edilir ki, yaşananların əsas səbəbi Serj Sarkisyanın qarşıdan gələn parlament seçkiləri fonunda siyasi xal qazanmaq və daxili gərginlikdən diqqəti yayındırmaq cəhdlərinin nəticəsidir. Bununla Sarkisyan cəmiyyətin əsas diqqətini cəbhəyə yönəltməyə çalışır. Amma belə vəziyyətin Ermənistanı uçuruma aparması fikrini bu ölkədə qəbul edənlərin sayı da sürətlə artır. Hesab olunur ki, mümkün yeni müharibə Ermənistanın sonunu gətirə bilər və bu səbəbdən sülh danışıqlarının bərpası vacib sayılır. Erməni Milli Konqresi parlament fraksiyasının başçısı Levon Zurabyan da bildirir ki, Dağlıq Qarabağda sülhün bütün mahiyyəti güzəştlərdir. O xatırladıb ki, sabiq prezident Levon Ter-Petrosyanın komandasında qarşılıqlı güzəştlərə cəhd 1991-ci ildə, 1994-cü ildə, 1998-ci ildə və ondan sonra da olub: "Mən düşünmürəm ki, məntiqə malik olan hansısa bir ciddi insan sülhün zərurət olduğunu və ona nail olmaq üçün qarşılıqlı güzəştlərin vacibliyini anlamasın". Ermənistanın keçmiş müdafiə naziri, hazırda keçmiş xarici işlər naziri Vardan Oskanyan və "İrs" partiyasının lideri Raffi Ovanisyanla birlikdə blok yaradıb parlament seçkilərinə hazırlaşan Seyran Ohanyan da artıq eyni mövqedən çıxış edir: "Erməni və Azərbaycan xalqları yanaşı yaşayıblar və bundan sonra da yaşayacaqlar, onlar sülh istəyirlər, lakin bizim regionda sülh və tolerantlıq məsələsini həll etmək üçün Azərbaycanla Ermənistan arasında balansı təmin etmək lazımdır. Eyni zamanda iki xalqı xalq diplomatiyasına təşviq etmək, qarşılıqlı etimad mühiti formalaşdırmaq vacibdir".
Keçmiş müdafiə nazirinin sözlərinə görə, bu etimadın olmaması danışıqlar prosesini pozur, aprel müharibəsi də buna sübutdur: "Münaqişənin nizamlanmasının nəticəsi olaraq qaliblər və məğlublar olmamalıdır, yaxud birtərəfli qərarlar verilməməlidir. Biz ancaq belə həll yolu ilə uzunmüddətli sülhə nail ola bilərik". Xatırladaq ki, Seyran Ohanyan məhz aprel müharibəsindən sonra Ermənistanda başlayan proseslərin nəticəsi olaraq keçmiş səngər yoldaşının komandasını tərk edib və hazırda özünü Sarkisyana qarşı əsas müxalif qüvvə hesab edir. O bildirir ki, hazırda ölkədə mövcud olan sistem, iqtisadi siyasət Ermənistanın inkişaf imkanlarını sıfıra endirir. Onun sözlərinə görə, indiki vəziyyət Ermənistan üçün dönüş nöqtəsidir: "Ya biz vəziyyətin ciddiliyini, qarşımızdakı çağırışın dərinliyini anlayırıq, ya da bizi ciddi bədbəxtlik gözləyir". Sabiq nazir qeyd edib ki, Ermənistana yeni elita, xalqa isə yeni iqtisadi siyasət və mühit lazımdır: "Gizlətmirəm, mənə yüksək vəzifələr təklif olunub, lakin mən bundan imtina etmişəm. Mənim indiki siyasi elitanın heç bir üzvü ilə problemim yoxdur. Lakin mən özümü bu hakimiyyətin tərkibində görmürəm. Çünki bizim yanaşmalarımız fərqlidir". Bütün bunlar fonunda sabiq nazir də etiraf edir ki, Qarabağ məsələsində qarşılıqlı güzəştlər fonunda əməli addımlar atılmalıdır. Əks halda o da qəbul edilir ki, əks vəziyyət Ermənistanı uçruma yuvarlayacaq. Belə görünür ki, indiki durumda Qarabağ münaqişəsinin davam etməsi daha çox Sarksiyanın öz maraqlarına cavab verir. Halbuki, Erimənistanda fərqli düşünənlərin sayı artır və bu, hakimiyyətə Ermənistan daxilində əlavə təzyiq yaradır. Burada onu da xatırlatmaq lazım gəlir ki, Ermənistan ordusu, cəmiyyəti, onların havadarları ötənilki aprel döyüşlərinin nəticələrini də yaddan çıxarmayıblar. Məhz elə bundan sonra işğalçı ölkənin siyasi və hərbi hakimiyyətində ciddi dəyişikliklər baş verdi. Bu ilin aprelində isə Ermənistanda parlament seçkilərinin keçirilməsi planlaşdırılıb. Odur ki, parlament seçkilərində qalib gəlmək üçün həm ölkədəki mövcud hakimiyyətin, həm də Ermənistanın havadarlarının ölkədə azalmaqda olan nüfuzunu Dağlıq Qarabağdakı təxribatların hesabına artırmağa çalşırlar. Amma belə təxribatla elə son döyüşlər fonunda məlum oldu ki, Ermənistanın daha sarsıdıcı məğlubiyyəti ilə nəticələnir. Məhz bu fonda Sarkisyandan narazılıq artır və onun Qarabağ məsələsində danışıqlar prosesində artıq əməli addımlar atmasının vacibliyi elə ermənilərin özü tərəfindən gündəmə gətirilir.
Tahir TAĞIYEV