Abxaziyadan keçən dəmir yolunun yenidən bərpası istiqamətində Gürcüstandan gələn ziddiyyətli məlumatlar bu məsələ ətrafında iqtidarla müxalifət arasında böyük ziddiyyətin yarandığını göstərir. Hökumət bu məsələnin müzakirə mövzusu olmadığıın bildirsə də, müxalifət tamam fərqli fikirlər səsləndirir.
Qeyd edək ki, hər şey Ermənistan baş naziri Karen Karapetyanın bu günlərdə Gürcüstana səfər etməsi və geri qayıdandan sonra Yuxarı Lars yoluna alternativ nəqliyyat dəhlizinin açılacağına dair bəyanat verməsindən sonra başlanıb. Müxalif "Vahid Milli Hərəkat" partiyası Abxaziyadan keçən dəmiryolunun açılması barədə razılaşma əldə olunmasından şübhələnir. Partiyanın nümayəndəsi Nika Rurua bildirir: "Abxaziyadan keçən dəmiryolu açılarsa, hansı ki, buna əsaslı şühələr var, bu, Gürcüstanın ərazi bütövlüyünün bərpasını, qaçqınların öz evlərinə qayıtmasını və separatçı rejimlərin tanınmaması siyasətini istisna edir". Müxalif siyasətçi deyib ki, Ermənistan baş nazirinin Gürcüstana səfəri zamanı Abxaziya dəmiryolunun açılması barədə danışıqların getməsinə dair ciddi şübhələr yaranıb. Onun sözlərinə görə, şübhələri Karapetyanın İrəvana qayıdıb Yuxarı Larsa alternativ iqtisadi yolun açılacağına dair bəyanat verməsi də təsdiq edir: "Abxaziyadan keçən dəmiryolunun açılması tamamilə yolverilməzdir. Bu, Gürcüstanın ərazi bütövlüyünə ölümcül yara vuracaq, qaçqınların qayıtmasını istisna edəcək, suverenliyin bərpasını qeyri-mümkün edəcək". O əlavə edib ki, Abxaziyadan keçən dəmir yolunun açılması milli maraqlara açıq-aşkar xəyanət olardı və bu ancaq Rusiyanın, bir də separatçıların işinə yarayır: "Habelə bu, bizim Azərbaycanla münasibətlərimizi korlayacaq, Poti limanından yükdaşımaları azaldacaq və Gürcüstanın iqtisadi durumunu pisləşdirəcək". Xatırladaq ki, Ermənistan Rusiya ilə quru əlaqəsini ancaq Gürcüstanı Şimali Osetiya ilə birləşdirən Yuxarı Lars yolu ilə yarada bilir. Həmin yol isə yayda sel və daşqınlara, qışda qar-çovğuna görə tez-tez bağlanır. Ermənistanda alternativ yol tapmaq üçün neçə vaxtdır çarəsiz cəhdlər edirlər. İndilikdə müxaliflərin dediklərini Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze təkzib edir. O deyib ki, Ermənistan baş nazirinin Gürcüstana səfəri zamanı Abxaziya dəmirolunun açılışı məsələsi barədə danışıqlar olmayıb: "Müxalifət partiyaları iddia edirlər ki, guya Ermənistanın baş naziri Karen Karapetyanın Tiflisə səfəri zamanı Abxaziya dəmiryolunun açılışı barədə danışıqlar olub. Bizim görüşlərdə konkret belə bir məsələ müzakirə olunmayıb, heç söhbət belə getməyib". Kaladze müxalifətin fikirlərini bir daha əsassız adlandırıb və təkzib edib. Amma Nika Rurua bildirir ki, hakimiyyət danışıqlardan geri çəkilməyib və məsələ hələ də müzakirə mövzusudur: "Abxaziya dəmiryolunun açılması qətiyyən mümkün deyil. Bu yolun açılması Gürcüstanın ərazi bütövlüyünə sarsıdıcı, ölümcül zərbə olacaq. Abxaziya dəmir yolunun açılması Gürcüstanın dövlət maraqlarına xəyanətdir və bu addım yalnız separatçıların maraqlarına xidmət edəcək. Digər tərəfdən, bu bizim iqtisadiyyatımızı da zəiflədəcək. Bir daha deyirəm ki, ən əsası Abxaziya dəmiryolunun açılması Azərbaycanla münasibətləri pozacaq". Qeyd edək ki, bu məsələ bir müddət əvvəl də gündəmə gəlmişdi. Amma o vaxt bu proses reallaşmadı.
Qeyd edək ki, bu dəmiryolu açılsa, Rusiyadan Ermənistana dəmir yolu ilə yüklərin daşınması xeyli asanlaşacaq. Xatırladaq ki, Abxaziyadan keçən və Rusiya ilə Ermənistanı birləşdirən dəmir yolu bu regiondakı münaqişə ilə bağlı bağlanıb. Ermənistana yüklər ya Poti limanından qatarlarla, ya da quru yolu ilə daşınır. Erməni tərəfi dəmiryolunun açılmasını çox istəyir. Amma indiyə qədər Tiflis, eləcə də rəsmi Bakı buna qarşı çıxıb. Dəmiryolu bərpa olunsa, Gürcüstan bununla təkcə Abxaziyanı yox, Ermənistanı da blokada vəziyyətindən çıxaracaq. İndiyə qədər məsələ ilə bağlı gürcü tərəfinin mövqeyi Ermənistanı faktiki blokadada saxlamağa imkan verib, İrəvanın öz yeganə etibarlı müttəfiqi Rusiya ilə əlaqələri xeyli ölçüdə kəsilib. Ermənistanın blokadasının aradan qaldırılması Qarabağda vəziyyətin gərginləşməsi fonunda Bakıya ciddi xəyanət olardı. Bu baş verərsə, gürcü tərəfi Azərbaycanın timsalında mühüm müttəfiqini itirməli olacaq. Çünki Gürcüstan Abxaziyadan keçən yolu açsa, o zaman Azərbaycanın və Türkiyənin Ermənistana tətbiq etdiyi blokada öz əhəmiyyətini itirəcək. Nəticədə Türkiyənin və Azərbaycanın Dağlıq Qarabağ məsələsində Ermənistana təsir göstərmək üçün mühüm rıçaq əlindən çıxacaq. Tiflis bunları mütləq nəzərə almalıdır. Amma qeyd edək ki, Gürcüstanın Abxaziyadan keçən yolu açması asan deyil. Tiflis ən azından iqtisadi və enerji baxımından Azərbaycan və Türkiyədən asılıdır. Elə Gürcüstanın müstəqil ölkə kimi varlığını davam etməsinə də Bakı və Ankaranın qatqıları böyükdür.
Tahir TAĞIYEV