25 il öncə erməni vandallarının Xocalıda törətdiyi dəhşətli soyqırım Azərbaycan ərazilərinin işğal prosesində düşmən tərəfinin humanitar, beynəlxalq hüquq normalarına da əməl etmədiyini aydın surətdə nümayiş etdirdi. Ermənilərin bilərəkdən, məqsədyönlü şəkildə Xocalıda yol verdikləri vəhşiliklərin şüurlu surətdə törədilməsini, əslində, hazırda bu ölkəyə rəhbərlik edən Serj Sarkisyanın özü də açıq şəkildə etiraf edib.
Xatırlatmaq yerinə düşər ki, bu dəhşətli soyqırım törədilərkən Serj Sarkisyan işğal olunmuş ərazilərimizdə yaradılan separatçı rejimin əsas rəhbərlərindən biri olmaqla yanaşı, həm də Ermənistanın müdafiə naziri vəzifəsini yerinə yetirib.
Dağlıq Qarabağ münaqişəsi üzrə çoxsaylı araşdırmalar aparan tədqiqatçı Tomas de Vall "Qara Bağ" adlı kitabında o vaxt Sarkisyandan aldığı müsahibədən çox maraqlı məqamlar yerləşdirib. Burada Sarkisyan açıq etiraf edir ki, Azərbaycan ərazilərinin işğal edilməsində, o cümlədən Xocalı soyqırımının törədilməsində ermənilər konkret məqsəd güdüb və istəklərinə çatmaq üçün 366-cı alayın xidmətindən də geninə-boluna istifadə ediblər: "Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada OMON var idi, orada nə isə araşdırırdılar. Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu. Bizim müharibəmiz başqalarından bir qədər fərqlənirdi. Bizdə elə alındı ki, müəyyən etnik təmizləmə gedirdi. Başqa cür ola da bilməzdi". Beləliklə, hazırda Ermənistana rəhbərlik edən cani açıq etiraf edir ki, onlar Xocalıda bilərəkdən etnik təmizləmə, soyqırım törədiblər. Amma hələ də bir sıra dünya dövlətləri, bu eetiraflardan sonra belə, hələ də erməni canisinə, Xocalı qətliamını törədən ermənilərə qarşı istənilən zəruri addımları atmır. Xocalı, eləcə də ondan əvvəl xalqımıza qarşı dəfələrlə törədilən soyqırımların elə ilk mərhələdə öz hüquqi-siyasi qiymətini almaması, əslində, Azərbaycanın üzləşdiyi ən böyük ədalətsizliklərdən biri olub. Halbuki, bu şəhərdə beynəlxalq humanitar hüquq normalarını, insan hüquqları üzrə ən müxtəlif konvensiyaları ayaq altına atan erməni hərbi birləşmələri dinc əhalini qətlə yetirmək məqsədilə insanlığa ləkə olan ən qəddar üsulların tətbiqindən belə çəkinməyib.
Burada bir məsələni də xüsusi qabartmaq lazım gəlir ki, Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirildiyini sübut edən çoxsaylı faktlar mövcuddur və həmin faktlardan biri də budur ki, həmin gün əhalinin zorakılıqdan qaçıb qurtarmaq istəyən hissələri ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnib. Yəni Sarkisyanın da etirafından göründüyü kimi, ermənilər burada məqsədyönlü şəkildə soyqırım həyata keçiriblər. Bununla eyni zamanda beynəlxalq hüquq normaları da kobud şəkildə tapdalanıb. Xatırlatmaq yerinə düşərdi ki, beynəlxalq humanitar hüququn tələblərinə əsasən, müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. Amma ermənilər bu məqama məhəl qoymadı. İndi Azərbaycan qarşısında duran əsas məsələlərdən biri Xocalı soyqırımına beynəlxalq hüquq müstəvisində daha geniş qiymət verilməsi, faciəni tanıyan ölkələrin sayının artmasıdır. İndiyə qədər bu istiqamətdə atılan addımlar artıq 10-dan çox ölkənin rəsmən Xocalı soyqırımını tanıması ilə nəticələnib. Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində ardıcıl və sistemli tədbirlər öz nəticələrini verir. Digər tərəfdən, faciənin hər ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Elə facinənin növbəti ildönümündə də bu istiqamətdə mühüm tədbirlər həyata keçirildi, dünya yenidən Xoclalıda erməni vəhşiliyinin nələrə gətirib çıxardığını bir daha gördü. Bütün bunlar soyqırımın tanıdılması istiqamətində görülən işlərin öz bəhrəsini verməkdə olduğunu da aydın şəkildə nümayiş etdirir. Özü də nəzərə almaq lazımdır ki, Xocalı soyqırımını sübuta yetirən çoxsaylı videogörüntülər, fotoşəkillər, digər müvafiq sənədlər kimi maddi sübutların da sayı çoxdur. Bu sübutlardan səmərəli şəkildə istifadə olunması, Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun əməyi də misilsizdir. Etiraf edilməlidir ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi silsilə tədbirlər nəticəsində dünya ictimaiyyəti erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqda dolğun məlumatlar alır. Qeyd olunan xüsusda "Xocalıya ədalət" kampaniyasına xüsusi toxunmaq lazım gəlir.
Yarandığı vaxtdan "Xocalıya ədalət" kampaniyası uğurla davam etməkdə, faciə ilə ilgili həqiqətlərin dünyaya çatdırılmasına müvafiq töhfələrini verməkdə davam edir. Bu xüsusda "Xocalıya ədalət" kampaniyasının müəllifi olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əməyi isə kifayət qədər böyükdür. Xatırladaq ki, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi olan Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət" kampaniyasının tarixi o qədər də uzaq keçmişi əhatə etmir. Belə ki, hələ İslam Konfransı Təşkilatının Gənclər Forumunda təmsil olunarkən Leyla Əliyeva Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya çatdırılmasında genişmiqyaslı fəaliyyətə başladı. Elə indinin özündə də İKT-nin Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumu Ermənistanın işğalçı mövqeyinin dünya miqyasında pislənməsi istiqamətində fəal iş aparır. Forum hələ 2007-ci ilin payızında Bakıda "Gənclər sivilizasiyaların alyansına tərəfdardır" təşəbbüsü çərçivəsində təsis edilmiş "Sivilizasiyaların alyansı" Beynəlxalq Gənclər Hərəkatına da müraciət edərək, ona tərəfdaşları olan nüfuzlu beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın həm dinc azərbaycanlıların, həm də öz vətəndaşlarının qanını axıtmış sərsəm rejiminin fitnəkar hərəkətlərini dünya birliyinə çatdırmağı təklif edib. Qeyd olunan təklifdə bu fikirlər də yer almışdı ki, Dağlıq Qarabağ münaqişəsinə potensial baxımdan sivilizasiyalararası münasibətlərin kəskinləşməsinə gətirib çıxara biləcək bir münaqişə kimi baxılsın. O da göstərilirdi ki, Ermənistanda hakimiyyətə gəlmiş Serj Sarkisyanın bu cür siyasəti dünyanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayan Cənubi Qafqaz regionunda sabitliyin ciddi şəkildə pozulmasına gətirib çıxara bilər. Bundan sonra İKT Gənclər Forumu İdarə Heyətinin 2008-ci ilin aprelində Küveytdə keçirilən 6-cı sessiyasında Leyla Əliyeva Forumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə birinci baş əlaqələndiricisi seçildi. Qeyd edilən amil İKT Gənclər Forumunun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına daha çox diqqət ayırmasında mühüm rol oynadı. Bu çərçivədə ərsəyə gələn "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyası Leyla Əliyevanın fəallığı ilə daha geniş miqyasda dstəkləndi. Amma burada rəsmən əsas dönüş nöqtəsi 2008-ci ilin mayında yaşandı. Belə ki, həmin il mayın 17-də İstanbulda İKT Gənclər Forumu və İSESKO-nun təşkilatçılığı ilə keçirilmiş İKT ekspertlərinin ikigünlük iclasında Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyası İKT ekspertləri tərəfindən dəstəkləndi və 26 fevral - Xocalı soyqırımı gününün İKT ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul olundu. Bundan əlavə, Xocalı qətliamının İslam ölkələrində dərsliklərə daxil edilməsi ilə bağlı təklifin də İKT nazirlərinin toplantısına təqdim edilməsi razılaşdırıldı. 2010-cu ilin iyununda isə İKT-nin üzvü olan ölkələrin xarici işlər nazirlərinin Uqandada baş tutan konfransında İKT-nin Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın "Xocalıya ədalət - Qarabağa azadlıq" təşəbbüsü təsdiq edildi. Bu barədə İKT xarici işlər nazirlərinin konfransının 35-ci sessiyasında xüsusi qətnamə qəbul olundu. Qətnamənin xarici işlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradılmasına gətirib çıxardı. Qeyd edək ki, barəsində bəhs edilən qətnaməyə görə, İKT üzvü olan ölkələrdə humanitar faciələrin qurbanlarının Xatirə günü təsis edilir. Qətnamədə Xocalı faciəsinin də daxil olduğu bu siyahı təsdiq edilməklə yanaşı, XX əsrdə müsəlman ölkələri xalqlarının məruz qaldığı humanitar fəlakətlər, təcavüzlər və etnik təmizləmələr haqqında düzgün informasiyanın yayılması üçün kampaniyalar keçirilməsi nəzərdə tutulur. Leyla Əliyeva isə onun təşəbbüsünün nüfuzlu beynəlxalq təşkilat tərəfindən bəyənilməsi barədə qeyd edirdi: "Bu sənədin qəbul edilməsi Azərbaycan torpaqlarının işğalı faktının beynəlxalq birlik tərəfindən getdikcə daha çox dərk olunmasını və təcavüzkarın mənəvi-siyasi baxımdan daha da təcrid edilməsini əks etdirir. Qətnamə Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti İKT üzvü olan ölkələrdə və mədəniyyətlərarası dialoq vasitəsilə qlobal səviyyədə gənc nəslə çatdırmaq üçün imkan yaradır. Qətnamə bu təşəbbüsün həyata keçirilməsində Foruma geniş səlahiyyətlər verir".
Sonrakı mərhələlərdə "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyasının rəsmən qəbulu ilə bağıl mühüm addımlar atıldı. Məsələn, 2011-ci ilin əvvəllərində isə İslam Konfransı Təşkilatı Parlamentlər İttifaqı (İKT Pİ) "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstək olaraq bəyannamə qəbul edib. İKT Parlamentlər İttifaqı Şurasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən 13-cü sessiyasında Şuraya üzv dövlətlərin qəbul etdiyi Əbu-Dabi bəyannaməsində Xocalı faciəsini insanlığa qarşı törədilmiş kütləvi cinayət kimi tanımağa çağırılır. Bütün bunlar onun təsdiqi idi ki, "Xocalıya ədalət" kampaniyası müsbət nəticələrini verir və erməni vəhşiliklərindən xəbər tutanların sayı sürətlə artır. Elə indinin özündə də "Xocalıya ədalət" kampaniyası erməni qətliamının tanıdılmasında vacib əhəmiyyətə malikdir.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.