"Ölkədəki hazırkı rejim müharibə dalğası üzərində hakimiyyətə gəlib"
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstərməsi bir daha düşmənin mənfur xislətini ortaya qoydu. Həmişə olduğu kimi, bu dəfə də Ermənistan danışıqları pozmaq üçün təxribata əl atdı. Zatən, neçə aydır danışıqlar dalana dirənib.
Bu arada ATƏT-in Minsk Qrupunun həmsədrləri yaranmış vəziyyətlə bağlı bəyanat yayıb. Bəyanatda tərəflər danışıqlar aparmağa çağırılır. ATƏT və vasitəçilər Azərbaycan torpaqlarının işğaldan azad edilməməsindən deyil, atəşkəsin pozulmasından narahatlığını ifadə edir. Halbuki, atəşkəsin pozulması və cəbhədə gərginliyin artmasına başlıca səbəb Azərbaycan torpaqlarının işğal altında qalmasıdır. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr ATƏT-in Minsk Qrupunun, onun həmsədrlərinin mövqeyini möhkəmləndirir. Təəssüf ki, beynəlxalq vasitəçilər indiyədək bu sənədlərin adlarını belə çəkmir.
Bu arada prezident Serj Sarkisyan Müdafiə Nazirliyində silahlı qüvvələrin rəhbər heyətinin müşavirəsində deyib ki, sülh danışıqlarında hər hansı bir irəliləyiş əlaməti görmür və buna görə də cəbhə xəttində sabitliyin qorunması üçün Ermənistanla Azərbaycanın qüvvələr nisbətinin bərabər olması vacibdir.
Ən nəhayət, BMT-nin baş katibi Antoniu Quterriş tərəfləri atəşkəsə ziyan vura biləcək istənilən hərəkətdən çəkinməyə və dərhal Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına istiqamətlənən konkret danışıqları bərpa etməyə çağırıb.
Bütün bu deyilənlərin fonunda, son hadisələrdən sonra danışıqlarda hansısa canlanma müşahidə oluna bilərmi? Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, indiki situasiyada danışıqlarda yeni mərhələnin başlanacağı real görünmür: "Bu bir sıra faktorlarla bağlıdır. Əvvəla aparıcı dövlətlər, o cümlədən beynəlxalq təşkilatlar üçün Dağlıq Qarabağ münaqişəsinin həll olunması prioritet deyil. Suriyada, İraqda, Ukraynada baş verənlər onlar üçün daha aktualdır, nəinki Dağlıq Qarabağ münaqişəsinin həlli. Təəssüf ki, bu belədir. Digər tərəfdən, Ermənistanda bir aydan sonra parlament seçkiləridir. Ölkədəki hazırkı rejim müharibə dalğası üzərində hakimiyyətə gəlib. Yəni o vaxtkı Rusiya hakimiyyətinin köməyi ilə ermənilər Dağlıq Qarabağı və ətraf rayonları işğal etdilər, daha sonra həmin ermənilər Ermənistanda hakimiyyətə gətirildi. Sarkisyan rejimi də hər vəchlə çalışır ki, danışıqlarda dönüş yaranmasın, müharibə təhlükəsini bəhanə edib hakimiyyətdə qalsın. Yəni bu dəfə bir qədər fərqli formada. Keçiriləcək seçkilərdə hakim Respublikaçılar Partiyasının parlamentdə daha çox yer əldə etməsini istəyirlər. Bu baxımdan yaxın perspektivdə danışıqlarda pozitiv irəliləyiş gözlənilmir. Ən yaxşı halda, həmsədrlər çalışacaq ki, növbəti eskalasiya olmasın". Vidadi ORDAHALLI