Dünyanın əsas nüvə nəhəngləri sayılan ABŞ və Rusiya arasında hərbi ziddiyyətlərin mövcudluğu hələ də bəşəriyyət üçün ən ciddi təhdidlərdən sayılır. Xatırladaq ki, tərəflər arasında ziddiyyət Barak Obama hökuməti dövründə daha kəskin xarakter alıb. Amma ABŞ-da məlum hakimiyyət dəyişikliklərindən sonra tərəflərin mövqeyində müəyyən yenilənmə müşahidə olunur.
Hətta bu günlərdə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Danford arasında Bakıda olduqca vacib görüş baş tutub. Rusiya Müdafiə Nazirliyi bildirir ki, Rusiya və ABŞ Baş qərargahlarının rəisləri Bakıdakı görüşdə gərginliyin azalması və risqli hadisələrin yaranmasının qarşısının alınması üçün birgə tədbirlərin görülməsi üzrə razılığa gəlib: "Hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması, gərginliyin və risqli hadisələrin yaranmasının azalması üzrə birgə işin istiqamətləri müəyyən edilib". Tərəflər Rusiya-Amerika münasibətlərinin cari vəziyyəti, həmçinin Avropada, Yaxın Şərqdə, Şimali Afrikada və dünyanın başqa əsas regionlarında beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi barədə fikir mübadiləsi aparıb. Qeyd edək ki, bundan əvvəl Pentaqon yaydığı açıqlamada qeyd edib ki, Danford Gerasimovla fevralın 16-da Bakıda keçirdiyi görüşdə arzuolunmaz münaqişələrdən qaçılmasına yönələn tədbirlərə dair təmasların intensivləşdirilməsi ilə bağlı məsələləri müzakirə edib.
Bu arada general Cozef Danford da Valeri Gerasimovla Bakıda keçirdiyi görüşü şərh edərkən maraqlı açıqlamalar verib. Danford Vaşinqtondakı Brukinq İnstitutunda çıxışı zamanı qeyd edib ki, onun Valeri Gerasimovla Bakıda görüşməsi ABŞ-ın Rusiyaya dair siyasətində dəyişikliyin baş verməsi anlamına gəlmir: "ABŞ-da bizim hərbi sahədə əməkdaşlığımıza mane olan qanun var". Danford burada Obama administrasiyasının Rusiya ilə bu cür təmasların azaldılmasına dair qərarını nəzərdə tutub: "Mənim rusiyalı həmkarımla Bakı görüşüm siyasətdə hər hansı dəyişikliklərin baş verməsi kontekstində keçirilməyib və ABŞ administrasiyası ilə heç bir əlaqəsi yoxdur". İndi istisna olunmur ki, Bakı görüşündən sonra ABŞ-da Barak Obama administrasiyasının Rusiya ilə bu cür təmasların azaldılmasına dair qərarında dəyişiklik edilsin.
Ağ Evin mətbuat xidmətinin rəsmi nümayəndəsi Şon Spayserin də məsələ ilə bağlı maraqlı açıqlamaları olub. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp hesab edir ki, Dövlət Departamentinin rəhbəri Reks Tillersonun Rusiya XİN rəhbəri Sergey Lavrovla Almaniyadakı və general Cozef Danfordun Valeri Gerasimovla Azərbaycandakı görüşü çox məhsuldar olub. Beləliklə, Bakı görüşündən sonra yayılan məlumatlar ABŞ və Rusiya arasında hərbi müstəvidə ziddiyyətlərin azalma ehtimalını artırır. Xatırladaq ki, Rusiya və ABŞ özləri də prosesdə maraqlıdır. İndi hesab edilir ki, Bakı görüşünün davamı olarsa, bu, ABŞ və Rusiyanın nüvə ziddiyyətlərinin də sona çatmasına gətirib çıxara bilər. ABŞ Silahlara Nəzarət Assosiasiyası bu məsələ fonunda bildirir ki, ABŞ-ın 6800 nüvə silahı var, Rusiya isə 7000 belə silaha malikdir. İndilikdə isə məlumdur ki, ABŞ nüvə silahları məsələsində paritet yaratmaq və lider mövqeyə yüksəlmək istəyir. Prezident Donald Tramp da bəyan edib ki, ABŞ-ın öz nüvə arsenalını genişləndirməsini istəyir: "ABŞ nüvə silahı gücü məsələsində geridə qalıb və o, zirvədə olmalıdır. Amma heç bir ölkənin nüvə silahı olmasaydı, bu gözəl olardı". Şon Spayser isə bu xüsusda bildirib: "ABŞ-ın nüvə sahəsində heç kimdən geri qalmaq fikri yoxdur, biz də başqaları kimi, potensialımızı genişləndirəcəyik. Tramp açıq şəkildə bəyan etdi ki, ABŞ bu sahədə üstünlüyü heç kimə verməyəcək. Digər ölkələr nüvə potensialına malikdirsə, bu sahədə üstünlük ABŞ-da olacaq. Bizim məqsədimiz Amerikanın bu sahə üzrə bütün dünyada üstünlüyü saxladığına əmin olmaqdır. Digər ölkələr nüvə potensialını artırırsa, biz buna sakitcə kənardan baxmaq niyyətində deyilik və buna yol verməyəcəyik".
Hesab edilir ki, baş verənlər Rusiya və ABŞ-ın yeni nüvə silahlanması yarışına start verə bilər. Buna son qoymaq üçün isə tərəflər arasında Bakı danışıqlarının davam etdirilməsinə ciddi ehtiyac var. Hələlik isə tərəflərin nüvə gücü bütün dünya üçün təhdid yaradır. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirir ki, ölkəsinin strateji nüvə qüvvələri lazımi səviyyədədir: "Raket qoşunlarında strateji əhəmiyyətli raket buraxma qurğularının 99%-i döyüş hazırlığı vəziyyətindədir. Bunların 96%-i dərhal buraxılmaq üçün daim hazırdır. Keçən il ərzində Rusiya ordusu modernizasiya edilmiş 4 Tu-160 və Tu-95 MC təyyarələri ilə təchiz edilib". ABŞ dövlət katibi Reks Tillerson da ölkəsinin nüvə gücünün indinin özündə belə lazımi səviyyədə olduğunu vurğulayır. O hətta qeyd edir ki, Vaşinqton müttəfiqlərini nüvə silahı ilə müdafiə etməyə hazır olduğunu da bildirib.
Tahir TAĞIYEV