Cibuti XİN rəhbəri: “Xocalı faciəsi ilə bağlı qətnamənin qəbulu Cibutinin mövqeyinin açıq göstəricisidir”
“BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü ATƏT-in Minsk qrupunun həmsədrləridir. Onlar münaqişə ilə bağlı qətnamələrə səs veriblər”. APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O bildirib ki, 1993-cü ildə qəbul olunmuş 822 saylı qətnamədən sonra həmin dövrdə Minsk qrupunun sədri olan cənab Rafaelliyə tapşırıq verilib ki, işğal olunmuş ərazilərdən silahlı qüvvələrin çıxarılmasına dair cədvəl hazırlasın: “Bəziləri düşünür ki, qətnamələr atəşkəsə dair olub. Halbuki orada silahlı qüvvələrin qeyd şərtsiz çıxarılması tələb edilir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri dərhal icra olunur, bəziləri isə illərlə kağız üzərində qalır. Biz daha çox ölkələri bu prosesə cəlb etməliyik. Afrika ölkəsi kimi Cibutinin səsi vacibdir”.
“Təəssüf ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı görüşlərə optimist yanaşmıram. Ermənistanlı həmkarım da çıxışlarında yer qoymur ki, nə isə müsbət bir şey müzakirə edək”. Bunu da E.Məmmədyarov deyib.
O bildirib ki, bütün beynəlxalq təşkilatlar qərar və qətnamələrində Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Gələn ay Moskvaya səfərim zamanı ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya ilə danışıqlarda bu məsələyə toxunacağam. Hansı addımları atacağımızı müzakirə edəcəyik ki, necə edək ki, “status-kvo”nu dəyişək. Hamı bilir ki, məsələ necə həll olunmalıdır. Danışıqlar masasının üzərində hansı planın olduğunu, məsələni bir günə həll edilməsinin mümkün olmadığını hamı bilir. Qoşunlar ilk növbədə kazarmalara qayıtmalıdır ki, sülhü təmin edə bilək. Bu münaqişə region üçün böyük təhlükədir”.
E.Məmmədyarov deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlər martın ortalarında regiona səfər edəcəklər. “Ötən gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə bunu müzakirə etmişik. Lakin dəqiq tarix hələlik məlum deyil”, - deyə nazir əlavə edib.
Cibuti xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf isə bildirib ki, Xocalı faciəsi ilə bağlı qətnamənin qəbulu Cibutinin münaqişəyə dair mövqeyinin açıq göstəricisidir. O qeyd edib ki, bəzən BMT Təhlükəsizlik Şurasında qəbul olunan qətnamələr icra edilmir: “Bu tək Qarabağ problemi ilə bağlı deyil. Biz davamlı olaraq bu kimi qətnamələri qəbul etməklə, ədaləti dəstəklədiyimizi bildirməliyik".
“Azərbaycanla Cibuti arasında əməkdaşlıq ötən əsrin 90-cı illərindən başlayıb. O zaman Cibuti 4 qətnamənin qəbulunda Azərbaycana dəstək verib” - deyə naziri bildirib.
O bildirib ki, ölkəsi bu gün də Azərbaycanın mövqeyinə dəstək verir: "Cibuti ilə Azərbaycan arasında siyasi məsləhətləşmələr keçirilir. Azərbaycan beynəlxalq arenada nüfuzunu artıran ölkədir. Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılması üçün səylərimizi əsirgəməyəcəyik. Əməkdaşlığımızın iqtisadi tərəfini gücləndirməliyik. Münasibətlərimizi ikitərəfli formatla məhdudlaşdırmayacağıq”.
Nazir qeyd edib ki, Cibuti mürəkkəb regionda sabitlik adasıdır: “Azərbaycan sülhpərvər ölkədir. Coğrafi məsafə artıq əhəmiyyət kəsb etmir. Biz limanların idarə edilməsi sahəsində əməkdaşlıq edirik. Bir çox sahələrdə əməkdaşlıq edə bilərik, bu, iki xalqın xeyrinə olacaq”.