ABŞ Silahlı Qüvvələri qərargah rəislərinin Birləşmiş Komitəsinin sədri general Cozef Danford ötən həftə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovla Bakıda keçirdiyi görüş barədə açıqlama verib.
Baki-xeber.com xəbər verir ki, Danford Vaşinqtondakı Brukinq İnstitutunda çıxışı zamanı qeyd edib ki, onun Valeri Gerasimovla Bakıda görüşməsi ABŞ-ın Rusiyaya dair siyasətində dəyişikliyin baş verməsi anlamına gəlmir.
"Mənim ruslarla hərbi əməkdaşlıq etməyim qadağandır. ABŞ-da bunu qadağan edən bir qanun var. Bu səbəbdən mənim rusiyalı həmkarımla keçirdiyim görüş hər hansı bir siyasət dəyişikliyi deyildi və aylar əvvəl planlaşdırdığımız bir görüş olduğuna görə rəhbərliklə heç bir əlaqəsi yoxdur" – deyə Danford bildirib.
Danford bununla Barak Obama administrasiyasının Rusiya ilə bu cür təmasların azaldılmasına dair qərarını nəzərdə tutub.
Dunford, rusiyalı həmkarı ilə hərbi əlaqə kanallarının açıq saxlanması və bu əlaqənin olmamasının özü gətirə biləcəyi risqləri azaltmaq üçün görüşdüyünü deyib.
Gerasimovla görüşün yanvar ayında keçirilməsi planlaşdırıldığını, ancaq Trampın Pentaqonu ziyarəti etməsinə görə, görüşün təxirə saldığını ifadə edən Danford ABŞ ordusunun hər bir ölkə ilə hərbi əlaqələrinin olmasının vacibliyinə diqqət çəkib.
Danfordun sözlərinə görə, ABŞ-la Rusiya təyyarələri bir neçə bölgədə eyni anda hərəkət edir, əlaqənin olmaması Amerika və Rusiya əsgərlərini təhlükəyə sala bilər.
Qeyd edək ki, bundan əvvəl Pentaqon yaydığı açıqlamada qeyd edib ki, Danford Gerasimovla fevralın 16-da Bakıda keçirdiyi görüşdə arzuolunmaz münaqişələrdən qaçılmasına yönələn tədbirlərə dair təmasların intensivləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Rusiya Müdafiə Nazirliyi yaydığı məlumatda bildirmişdi ki, görüşdə Rusiya və ABŞ-ın hərbi fəaliyyətlərinin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin baş vermə risqinin azaldılması üzrə işin istiqaməti müəyyənləşdirilib.