"Son zamanlar postsovet ölkələrində baş verənlərdən görünür ki, dünya birliyi ikili standartları kənara qoyub Dağlıq Qarabağ probleminə də eyni rakursdan yanaşa bilər"
Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel-müzakirədə iştirakı zamanı "Vestnik Kavkaza" xəbər agentliyinin münaqişələrin həlli ilə bağlı ünvanladığı suala belə cavab verib: "Əvvəlcə qeyd etdiyim kimi, danışıqların aparılması və münaqişənin nizamlanması ilə bağlı mandat ATƏT-in Minsk Qrupuna aiddir.
Bu qrupa ABŞ, Fransa və Rusiya həmsədrlik edir. Əlbəttə ki, biz Avropa İttifaqının danışıqlar prosesinə birbaşa cəlb olunmasını gözləmirik. Baxmayaraq ki, Avropa Komissiyası münaqişənin həlli ilə məşğul olan Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib. Biz Avropadan və hər bir ölkədən postsovet məkanında olan bütün münaqişələrə dair vahid standart yanaşmanı gözləyirik. Biz bu gün xanım Merkelin ərazi bütövlüyü ilə bağlı söylədiklərini yüksək qiymətləndiririk. Lakin biz bu prinsipin seçmə üsulla yox, bütün münaqişələrə tətbiq olunmasını istəyirik. Fikrimizcə, baxmayaraq, Azərbaycanın Avropa İttifaqı ilə Assosiasiya Sazişi sazişdən çox birtərəfli təlimatlar siyahısına bənzəyirdi, onun imzalanmamasının səbəblərindən biri də, hətta əsas səbəbi onunla bağlı idi ki, onlar Ermənistan ilə Azərbaycan arasında münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunması ilə bağlı dəqiq ifadə edilmiş mətnin bu Sazişə daxil edilməsini istəmirdilər. Onların Gürcüstan və Moldova ilə razılaşmalarında bu müddəa var idi. O zaman Ukraynanın belə bir problemi yox idi. Lakin Azərbaycana gəldikdə, ikili standartlar üzə çıxır. Ukraynada baş verənlərlə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq olunmuşdur. Dağlıq Qarabağda baş verənlərlə bağlı Ermənistana qarşı sanksiyalar tətbiq olunmamışdır. Bu ikili standartlı yanaşma aradan qaldırılmalıdır. Əlbəttə ki, bu, dərhal münaqişənin həllinə gətirib çıxarmayacaq. Lakin biz səylərimizi birləşdirsək və təcavüzkar Ermənistana torpaqları boşaltmaq üçün təzyiq göstərsək, düşünürəm ki, onda münaqişə daha tez həll olunacaq. Çünki bizim məsələyə gəldikdə, dəfələrlə bu auditoriyada qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Ermənistan qoşunlarının çıxarılmasını tələb edən aparıcı beynəlxalq təşkilatların qətnaməsi var və bu qətnamələr icra olunmalıdır".
Göründüyü kimi, İlham Əliyev münaqişələrin həlli ilə bağlı yanaşmada ikili standartların olduğunu açıq mətnlə ifadə edib və xalqımızın Avropadan bütün münaqişələrə vahid yanaşma gözlədiyini bildirib.
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, İlham Əliyev çox haqlı irad səsləndirib: "Münaqişələrin nizama salınması ilə bağlı ikili standartlar ortaya qoyulur. Biz bunun şahidi oluruq. Məsələn, Rusiyanın Ukraynada etdiyi, Ermənistanın bizə qarşı etdiyindən heç nəyilə fərqlənmir. Amma siz münasibətə baxın, dərhal Rusiyaya qarşı sanksiyalar işə düşdü. Bəyəm dünya birliyi bilmir ki, Ermənistanı hansı yolla konstruktivliyə gətirmək olar?
Ermənistanı konstruktiv mövqeyə getirməyin yeganə yolu beynəlxalq sanksiyaların tətbiqidir. Ölkə başçısı tamamilə doğru vurğulayır ki, bu məsələdə Azərbaycan ikili standartla üzləşib. Paralellər aparanda görürük ki, oxşar hadisələr zamanı dərhal sanksiyalar işə düşüb. Dağlıq Qarabağ problemilə bağlı isə vəziyyət fərqlidir. Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək Dağlıq Qarabağ və ətraf 7 rayonu işğal edib, soyqırım törədib, 1 milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salıb, insan hüquqlarını kütləvi surətdə pozub. Çox təəssüf ki, təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq etməkdən hələ də çəkinirlər. Uzun sürən atəşkəs dövründə danışıqlarda irəliləyiş yoxdursa, deməli, mütləq yeni variantlar tətbiq olunmalıdır və bu da ancaq Ermənistana təzyiq vasitələri nəticəsində mümkün ola bilər. Son zamanlar postsovet ölkələrində baş verənlərdən görünür ki, dünya birliyi ikili standartları kənara qoyub Dağlıq Qarabağ probleminə də eyni rakursdan yanaşa bilər".
Məhəmmədəli QƏRİBLİ