Bu gün Avropanın enerji xəritəsinin yenilənməsində, əsaslı dəyişikliklərə məruz qalmasında müstəsna rol oynayan əsas ölkə qismində müasir Azərbaycan çıxış edir. Məhz ölkəmizin təşəbbüsü və birbaşa iştirakı ilə həyata keçən enerji layihələrinin Avropa üçün gedərək daha böyük əhəmiyyət kəsb etdiyi Qərb dünyasında birmənalı şəkildə etiraf olunur.
İndi sözügedən layihələrin mümkün qədər tez başa çatması məqsədilə Avropa dövlətlərinin də fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirdiyi müşahidə olunur. Ən azı ona görə ki, həmin layihələr Qərbin strateji maraqları ilə tam uzlaşır. Bunu Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini də təsdiq edir və konkret nümunə kimi "Cənub Qaz Dəhlizi" layihəsini göstərir. O, bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və qaz təchizatının şaxələndirilməsində mühüm rolunu da xüsusi qeyd edir...
"Cənub Qaz Dəhlizi" bəzi parametrlər baxımından da böyük önəmə malikdir. Əvvəla, məhz "Cənub Qaz Dəhlizi" ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə, yuxarıda qeyd olunduğu kimi, bütün regionun enerji xəritəsini dəyişəcək. Digər tərəfdən, qarşılıqlı əməkdaşlıq şəraitində layihə böyük uğurla irəliyə doğru gedir. Azərbaycan bu xüsusda çox vacib əməkdaşlıq formatının əsasını da yarada bilib. Görülən işlər ona gətirib çıxarır ki, Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında enerji müstəvisində mövcud əməkdaşlıq əlaqələri "Cənub Qaz Dəhlizi" layihəsi ilə daha da güclənəcək. Başqa sözlə, bu, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeni səhifə olacaq. Beləliklə, "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla icrası Azərbaycanla Avropa İttifaqı arasında gələcək əlaqələr üçün vacib amillər sırasında yer alır. Bu layihə həm də tamamilə yeni bir regional əməkdaşlıq formatını yaradıb. Söhbət Cənubi Qafqaz ölkələri olan Gürcüstan, Azərbaycan və Türkiyədən, eləcə də Yunanıstan, Bolqarıstan və İtaliya kimi Avropa İttifaqı ölkələrindən, həmçinin, namizəd ölkə kimi Albaniyadan gedir. Bu layihə bütün analitiklər tərəfindən Xəzər-Aralıq dənizi boyu saysız ölkələrin enerji və milli təhlükəsizliklərinə təminat layihəsi kimi dəyərləndirilir. Müəllifi və təşəbbüskarı Azərbaycan olan bu layihə həyata keçdikcə, Avrasiya oxu boyu təhlükəsizliyin fundamenti bərkiyir.
Xatırladaq ki, hələ 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında "Cənub Qaz Dəhlizi" ilə bağlı birgə bəyannamə, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair saziş imzalanıb, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçilib, 2013-cü il dekabrın 17-də "Şahdəniz-2" layihəsinə dair yekun investisiya qərarı qəbul edilib və 2014-cü ildə "Cənub Qaz Dəhlizi" nin təməlqoyma mərasimi keçirilib. Hazırda "Cənub Qaz Dəhlizi" layihəsinin vacib tərkib hissəsi kimi TANAP və TAP kəmərinin sürətli çəkilişi həyata keçirilir. Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan mühüm layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. Bunların cəmi məhz "Cənub Qaz Dəhlizi" layihəsini əmələ gətirir. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur.
TAP-ın təməli isə keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. "Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Yuxarıda qeyd olunduğu kimi, "Şahdəniz" konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonraya planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək. TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, "Şahdəniz-2"dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.
Tahir TAĞIYEV