"Bütün mümkün olan vasitələrlə bu istiqamətdə səylərimizi artırmalıyıq"
Xəbər verildiyi kimi, Azərbaycan Baş Prokurorluğu işğal olunmuş Qarabağ bölgəsində qanunsuz qazıntı işləri aparmaları ilə əlaqədar Ermənistan, İspaniya və Böyük Britaniyadan olan alimlərin barəsində cinayət işi açıb və İnterpola sorğu göndərib.
Belə ki, Ermənistan Milli Akademiyası Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyan, İspaniyanın Milli Təbiətşünaslıq İnstitutunun elmi tədqiqatçısı Yolanda Fernandes Xalvo və "Azıx layihəsi" Britaniya muzeyinin direktoru Blanford Tanyu Kinq barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işi açılıb. "Adıçəkilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib və onlar beynəlxalq axtarışa verilib. Azərbaycan müvafiq sorğu ilə İnterpola müraciət edib".
Rəsmi Bakı bundan əvvəl də Britaniya və İspaniya arxeoloqlarını Dağlıq Qarabağda qazıntı işləri aparmamağa çağırıb.
2008-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bəyan etmişdi ki, Azıx mağarasında qazıntılar paleolit dövrünə aiddir ki, bu da qanunsuzdur və "Silahlı münaqişə zamanı mədəni dəyərlərin saxlanması haqqında" Haaqa Konvensiyası, "Arxeoloji dəyərlərin qorunması haqqında" Avropa Konvensiyası, UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" Konvensiyasına ziddir.
2016-cı ilin noyabrında Azərbaycan XİN Azıx mağarasında tədqiqatlar aparan arxeoloqlar qrupunu "qara siyahı"ya daxil edib.
Bütövlükdə, bu kimi tədbirlərin görülməsinin əhəmiyyətinə mütəxəssislər necə yanaşır? Sözügedən məsələni dəyərləndirən tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlının fikrincə, bu kimi tədbirlərin görülməsinin bir neçə aspektdən faydası var: "Azərbaycanın ərazi bütövlüyünün bərpası baxımından belə addımların atılması doğru addımdır. Necə ki, Lapşin qanunsuz əməllərinə görə məsuliyyətə cəlb olunaraq həbs olundu, işğal olunmuş ərazilərdə qanunsuz tədqiqat aparan əcnəbi şəxslər də bənzər formada cəzalandırılmalıdır. Onlara əvvəlcədən bir sıra xəbərdarlıqlar edilməsinə rəğmən, görünən odur ki, bundan nəticə çıxarmayıblar. O üzdən, bu istiqamətdə tədbirlərin görülməsi müsbət haldır. Beynəlxalq səviyyədə də maksimum çalışmaq lazımdır ki, bənzər hallar bundan sonra əngəllənsin. İşğal olunmuş ərazilərdə istənilən bu və buna bənzər işlər qanunsuzdur. Həmçinin, yerli qanunlarla yanaşı, beynəlxalq konvensiyalara ziddir. Fikrimcə, bütün mümkün olan vasitələrlə bu istiqamətdə səylərimizi artırmalıyıq".
Vidadi ORDAHALLI