Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasında bu gün əsas maneə yaradan faktorlardan biri də BMT Təhlükəsizlik Şurasının konfliktin həllinə dair məlum dörd qətnaməsinin hələ də icraya yönəldilməməsidir. Halbuki, həmin qətnamələrin qəbulundan 25 il keçir və onların icra edilməməsi Azərbaycanın haqlı narazılığına səbəb olur.
Rəsmi Bakı bu xüsusda iradlarını ən yüksək səviyyədə dəfələrlə ən müxtəlif tribunalardan səsləndirib və burada əsas arqumentlərdən biri kimi o göstərilib ki, bəzi qətnamələr hələ mürəkkəbi qurumadan icra edilir. Amma Dağlıq Qarabağ konflikti ilə əlaqədar qətnamələrin üzərindən illər keçsə də, indiyə qədər burada göstərilənlərin icrası istiqamətində real addımlar atılmayıb. Halbuki BMT, o cümlədən onun Təhlükəsizlik Şurasının daimi üzvlərinin əməli addımları Qarabağ probleminin qısa zaman kəsiyində sülh yolu ilə həllinə gətirib çıxarmaq iqtidarındadır. Elə indinin özündə də Azərbaycan BMT-nin fəal şəkildə münaqişənin həllində iştirakını vacib sayır, bu məsələ gedərək daha aktiv şəkildə gündəmə gətirilir. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bu fonda Dağlıq Qarabağ münaqişəsinə geniş şəkildə toxunub: "Üzləşdiyimiz problemlərdən ən böyüyü Ermənistan tərəfindən Azərbaycan ərazisinin davamlı işğalıdır. Bu da Ermənistan tərəfindən etnik təmizləmə və ərazimizin 20 faizinin işğalı ilə nəticələnib. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr iyirmi ildən artıqdır ki, kağız üzərində qalmaqdadır".
Azərbaycan Prezidenti vurğulayıb ki, bütün münaqişələrin həlli eyni prinsipə, eyni yanaşmaya əsaslanmalıdır: "Hər bir ölkənin ərazi bütövlüyünə hörmət edilməlidir, onu pozmaq olmaz. Beynəlxalq səviyyədə tanınan sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. Ermənistan və Azərbaycan arasında münaqişə, həmçinin region üçün ən böyük təhlükədir. Bizim konstruktiv siyasətimiz münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər vacib təşkilatların qəbul etdiyi qətnamələr əsasında sülh yolu ilə ən tez nizamlanması məqsədini daşıyır". Beləliklə, dövlət başçısı təərfindən bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılıb ki, BMT Təhlükəsizlik Şurasının işğalçıların torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmasını nəzərdə tutan qətnamələrinin Ermənistan tərəfindən icra olunmaması bütün region üçün ən böyük təhlükədir. Azərbaycanın konstruktiv siyasəti isə münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər vacib təşkilatların qəbul etdiyi qətnamələr əsasında sülh yolu ilə ən tez nizamlanması məqsədini daşıyır. Eyni zamanda Azərbaycanın tələbi budur ki, BMT Təhlükəsizlik Şurasında daimi üzvlük edən, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransa təcavüzkara təzyiq göstərməlidir. Bu fonda da adları çəkilən ölkələrin iştirakı ilə münaqişənin həllinə dair Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan dörd qətnamə yerinə yetirilməlidir. Əks halda Qarabağ münaqişəsinin hərb müstəvisində həlli qaçılmaz olacaq və bundan təkcə Azərbaycanla Ermənistan yox, Rusiya, ABŞ və Fransa da müəyyən qədər təsirlənəcək. Məhz bu səbəbdən Azərbaycan konfliktin həllinin sürətlənməsində BMT-nin fəallığının artmasını istəyir. Xatırladaq ki, məsələnin bu şəkildə qoyulması Ermənistanı da kifayət qədər narahat edir. Çünki İrəvan məsələnin BMT müstəvisinə çıxacağı təqdirdə həllinin sürətləncəyini, status-kvonun dəyişəcəyini yaxşı bilir. Azərbaycan isə məsələnin çözümünün sürətlənməsi üçün BMT-nin fəallığında maraqlıdır. Bu məsələ Prezident İlham Əliyevin Münhendə Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ilə görüşündə də qaldırılıb. Yeri gəlmişkən qeyd edək ki, həmin görüşdə Antonio Quterreşi də maraqlandıran əsas məslələrdən biri məhz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektviləri olub. Burada Azərbaycan dövlət başçısı məsələ ilə bağlı BMT-nin baş katibinə məlumat verib. Dövlət başçısı hələ ki, danışıqlar prosesində ciddi irəliləyişin olmamasından təəssüfləndiyini bildirib. Son zamanlar Ermənistan tərəfinin danışıqlarda az qala könülsüz iştirak etdiyini, münaqişənin həlli istiqamətində əldə olunan müəyyən razılaşmaları pozduğunu deyib. Antonio Quterreş isə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əsas şərtlərin nədən ibarət olması ilə maraqlanıb. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğaldan azad edilməli, qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, bölgədə sülhməramlı qüvvələr yerləşdirilməlidir. Məhz bundan sonra Dağlıq Qarabağın statusuna dair referendumun keçirilməsi mümkündür. Ən əsası isə, Prezident İlham Əliyev BMT-nin və baş katib Antonio Quterreşin mövcud vəziyyətə müdaxilə edib, prosesin sürətlənməsinə daha yaxından təkan verməsinin əhəmiyyətini vurğulayıb. Həqiqətən də BMT, eləcə də onun baş katiinin vəziyyətə müdaxiləsi Qarabağ münaqişəsinin həllini əhəmiyyətli dərəcədə sürətləndirmək iqtidarındadır. Xatırladaq ki, baş katib olmazdan öncə Antonio Quterreş BMT-nin qaçqınlar üzrə ali komissarı vəzifəsində çalışıb və Azərbaycanda dəfələrlə səfərdə olub. Bu mənada o, Qarabağ münaqişəsi ilə yaxından tanışdır və Azərbaycanın haqlı mövqeyinə də hər zaman dəstək verib. Hesab edilir ki, Antonio Quterreşin Azərbaycan Prezidentinin dediyi kimi məsələyə müdaxiləsi Qarabağ düyününün çözümündə əhəmiyyətli irəliləyişin əldə olunmasına gətirib çıxara bilər. Əslində, bunu BMT-dən təkcə Azərbaycan istəmir. İndi Qarabağ münaqişəsinin həllində maraqlı tərəf kimi çıxış edənlər BMT-nin konfliktin çözümündə fəallığını artırmasını vacib sayır. Məsələn, ISESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri bildirir ki, Dağlıq Qarabağ və digər münaqişələr olan yerdə BMT daha çox iş görməlidir: "Dünyada artan mənfi tendensiyaların qarşısının alınması beynəlxalq ictimaiyyətdən daha sıx əməkdaşlıq tələb edir. Bütün bunlar mənəvi məsuliyyəti öz üzərimizə götürməyi zərurətə çevirir. Bu gün dünya beynəlxalq tarazlığı sıradan çıxaracaq təhlükələrə meyillidir. Sülh və təhlükəsizliyə təhdidlərə gəlincə, qloballaşma baxımından ciddi işlər görülməlidir. Dağlıq Qarabağ və digər münaqişələr olan yerdə BMT daha çox iş görməlidir. BMT Təhlükəsizlik Şurasında olan böyük dövlətlər lazımi addımlar atmalıdır. Beynəlxalq hüquqa əsaslanan yeni dünya düzəni qurulmalıdır. Buna görə böyük dövlətlər təcili qərarlar qəbul etməlidir. Əks təqdirdə, dünya cəngəlliyə çevrilər, hüquqa hörmət qalmaz". Eyni mövqeni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bölüşür. Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etdiyini xatırladan Ərdoğan bildirib ki, Dağlıq Qarabağ və ətraf rayonlar əsl sahibinə, yəni azərbaycanlılara qaytarılmalıdır: "Buranın əsl sahibi azərbaycanlılardır və onlar öz topaqlarına qayıdıb məskunlaşmalıdırlar. İşğalla nəyəsə nail olmaq olmaz. Türkiyə olaraq Qarabağın işğalının əleyhinəyik". Ərdoğan qeyd edib ki, ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Bu qəbildən olan misalların sayını, əslində, kifayət qədər artırmaq mümkündür. Bu mənada hesab edilir ki, BMT bu çağırışlardan nəticə çıxarmalı, Qarabağ münaqişəsinin həll prosesinin sürətlənməsinə artıq müdaxilə etməlidir. Azərbaycan tərəfi isə ən yüksək səviyyədə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində yenidən bu məsələni gündəmə gətirməklə, həm də Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasının mahiyyətində dayanan əsas səbəblərdən birini gündəmə gətirmiş oldu. Siyasi təhlilçilər bunu çox vacib sayır. Çünki rəsmi Bakının prinsipial mövqeyi, Ermənistanla yanaşı, böyük dövlətləri də regionun təhlükəsizliyilə bağlı məsuliyyət daşıdıqlarını anlamağa anlamağa sövq edir. Dövlət başçısı Avropada həm də dünya ictimaiyyətinə açıq şəkildə bildirdi ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlamasının başlıca səbəblərindən biri BMT kimi qurumun, böyük dövlətlərin münaqişənin həllində yetərincə fəallıq göstərməməsidir. Halbuki, BMT qəbul etdiyi qətnamələrlə açıq bəyan edir ki, Azərbaycanın beynalxalq səviyyədə tanınan ərazi bötövlüyü pozulub. Ermənistanın bu istiqamətdə destruktiv mövqeyini davam etdirməsi və BMT-nin, digər təşkilatların məsələyə biganə yanaşması bölgədə müharibə ehtimalını artırır. Azərbaycan isə həm də göstərir ki, bunun məsuliyyətini, işğalçı ölkə ilə yanaşı, münaqişəyə passiv yanaşan qurum və dövlətlər də daşıyacaq.
İndilikdə isə həyata keçirilən diplomatiya çərçivəsində görünən odur ki, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələri aradan qaldırılana, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunana qədər bütün müvafiq beynəlxalq təşkilatlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsi məsələsinin gündəmə gətirilməsi siyasəti davam etdiriləcək. Bu əsasda Azərbaycan müxtəlif beynəlxalq qurumların tribunasından istifadə edərək münaqişəni müxtəlif aspektlərdən gündəmə gətirir və müzakirələrə çıxarır. Artıq bu siyasət müsbət nəticələrini də verir. Belə ki, ötən illər ərzində beynəlxalq təşkilatlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilən qərar və qətnamələr Azərbaycanın ədalətli mövqeyini və münaqişənin həllinin siyasi-hüquqi əsaslarını daha da gücləndirib. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və digər beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş bu kimi çoxsaylı qərar, qətnamə və bəyanatlar münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin iradəsinin ifadəsi də sayıla bilər. Bu fonda indi Azərbaycan üçün əsas məsələ beynəlxalq qurumların həmin qətnamə və qərarlara uyğun olaraq qəti addımlar atmasıdır. Hesab olunur ki, bu sırada öncüllük də dünyanın ən böyük təşkilatı sayılan BMT-yə məxsus olmalıdır. Çünki bu hal Qarabağ münaqişəsinin həllini əhəmiyyətli dərəcədə sürətləndirə bilər.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.