Ermənistanda yaxınlaşan parlament seçkiləri fonunda diqqət çəkən məqamlardan biri də düşmən ölkə tərəfindən cəbhədə törədilən təxribatların sayının artmasıdır. Maraqlıdır ki, son təxribatlar fonunda erməni tərəfi kifayət qədər çox itkiyə məruz qalsa da, əməllərindən də əl çəkmir.
Bunun səbəbləri barədə isə elə ermənilərin özləri tərəfindən kifayət qədər maraqlı etiraflar edilir. Bu barədə danışmazdan öncə qeyd edək ki, fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib. Lakin düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib. Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir.
Xatırladaq ki, bu, fevral ayı ərzində erməni tərəfinin üçüncü belə təxribat cəhdidir. Hər dəfə də düşmən ciddi itkilər verərək geri çəkilir. Belə vəziyyət isə artıq Ermənistanın özündə böyük narazılıqlara yol açır. Erməni mediası isə indi açıq yazır ki, Serj Sarkisyan iqtidarı hakimiyyətdə qala bilmək üçün Qarabağ kartından gedərək daha çox istifadə edir və hətta bunun üçün erməni əsgərlərini də qurban verir. Bildirilir ki, xalq hakimiyyətin bu siyasətindən, Sarkisyanın hər şeydə Azərbaycan və Türkiyəni ittiham etməsindən yorulub. Erməni jurnalist Tevos Arşakyan "armenianreport" potalında bu xüsusda yazır: "Ermənistanda son 25 il ərzində hakimiyyət xalqın bütün bədbəxtliklərini azərbaycanlılar və türklərin üzərinə yıxmağa vərdiş edib. Ermənistanda qaz bahadır, günahkar Azərbaycandır. Ermənistanda hər şey bahadır, günahkar bizi illərlə blokadada saxlayan türklərdir. Ölkədə iş yoxdur, ədalət yoxdur, demokratiya yoxdur və bütün bunların günahkarı bizim qonşularımızdır. Erməni cəmiyyətinin müəyyən hissəsi hakimiyyətin bu uydurmalarına kor-koranə inanır. Halbuki, başqalarını günahlandırmaq daha asandır və bizim məmurlar da bunu edirlər. Bu, xüsusilə "Qarabağ klanı"na sərfəlidir. Çünki hakimiyyətdə qalmalarının əsas səbəbi Qarabağ münaqişəsidir. Bu klan illərdir uydurur ki, "biz olmasaq, türklər və azərbaycanlılar Ermənistanı məhv edəcək, Qarabağı alacaq". İllərdir biz eyni yalanları uduruq". Hesab olunur ki, cəbhədə son dövrlərdə vəziyyətin gərginləşməsi də Sarkisyan iqtidarının maraqlarına uyğundur. Çünki bununla iqtidar cəmiyyətin diqqətini əsas daxili məsələlərdən, o cümlədən parlament seçkilərindən yayındırır. Bu parlament seçkilərində isə Sarkisyanın qələbə qazanmaq şansı yox dərəcəsindədir. Çünki o, daxildə, eləcə də erməni lobbisi arasında dəstəyini itirib. Erməni lobbisinin Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın, keçmiş xarici işlər naziri Vardan Oskanyanın və "İrs" partiyasının lideri Raffi Ovannisyanın yaratdığı bloka dəstək verə biləcəyi haqda məlumatlar artıq Serj Sarkisyanın böyük narahatlığına yol açıb. Bunun qarşısını almaq üçün Sarkisyan ilk olaraq cəbhədə gərgin vəziyyət yaradır. Eyni zamanda, "Aykakan Jamanak" qəzetinin yazdığına görə, Ohanyan həm də 2015-ci ildə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin zərərsizləşdirdiyi silahlı dəstənin işi üzrə istintaqa cəlb edilə bilər. Həmin silahlı qrup Ermənistanda silahlı çevriliş həyata keçirməyi, o cümlədən Serj Sarkisyanın təyyarəsini Parisə, Qarabağ danışıqlarına gedərkən raketlə vurub partlatmağı planlaşdırıb. Hazırda həmin qrupun işi üzrə qapalı məhkəmə gedir. Qəzetə məlumat verən mənbələr deyib ki, məhkəmə istintaqında iş üzrə ortaya çıxan yeni məqamlar bəzi şəxslərin, o cümlədən Seyran Ohanyanın həbsinə gətirib çıxara bilər. Belə ki, çevriliş planlaşdıran silahlı qrupun keçmiş müdafiə naziri ilə əlaqələri ortaya çıxıb, bu əlaqələr qrupun rəhbəri, müdafiə nazirinin keçmiş müavini Vahan Şirxanyan üzərindən təmin edilib. Hazırda Şirxanyan həbsdədir. Bundan əvvəl elə həmin qəzet yazmışdı ki, Seyran Ohanyana qarşı orduda irimiqyaslı mənimsəmə ittihamları ilə cinayət işinin qaldırılmasına hazırlıq gedir. Söhbət bir neçə milyonluq yeyintidən gedir. Belə görünür ki, Ohanyan Sarkisyan üçün qarşıdakı seçkilərdə ən təhlükəli rəqibə çevrilir. Digər tərəfdən Ohanyanın müttəfiqi Vardan Oskanyanın oğlu və qardaşı oğlu adam oğurluğu ittihamı ilə istintaqa cəlb edilib. Bunlara paralel olaraq cəmiyyətin diqqəti cəbhə zonasında yaradılan gərgin vəziyyətə yönləndirilir. Görünür, aprel seçkilərinə qədər bu siyasət davam edəcək. Amma bu siyasət cəbhədə ermənilərin itkilərini də sürətlə artırır.
Tahir TAĞIYEV