Əli Orucov: "Rusiya mövcud rejimin saxlanmasını bu dəfə də istəsə, o zaman Sarkisyan növbəti saxtakarlığa getməklə seçkiləri öz xeyrinə dəyişəcək"
Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca ictimai-siyasi vəziyyət gərginləşir. Hökumətlə yanaşı, ölkə müxalifətində də fikir ayrılıqları yaranıb. "İrs" partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postancyanın istefası cəmiyyətdə ciddi rezonans yaradıb.
Səbəb kimi partiya prinsiplərinə əməl olunmaması və təşkilatdaxili ideoloji parçalanma göstərilir. Z.Postancyan buna görə partiyadan istefa verdiyini deyib. O, siyasətdən gedəcəyini də bildirib.
Ölkədəki siyasi analitiklər belə halların yaxşı nəticə verməyəcəyini deyir. Çünki hazırda Ermənistanda istər iqtidar, istərsə də müxalifət cəbhəsində parçalanmalar, fikir ayrılıqları hökm sürür. "İrs" və Birlik partiyaları, həmçinin, keçmiş müdafiə naziri Seyran Ohanyanın parlament seçkilərində birgə iştirakı müxalifətçilər tərəfindən birmənalı qarşılanmayıb.
Ermənistan vətəndaşları isə hakimiyyət uğrunda çəkişmələrdən yorulub. Ölkədə tez-tez etiraz aksiyaları keçirilir. Özbaşınalıqlara son qoyulmasını tələb edən növbəti mitinqi "Təsisçi parlament" ictimai hərəkatının qadınlar birliyi keçirib. Aksiya iştirakçıları rejimin təzyiqlərinə məruz qalan fəalların azadlığa buraxılmasına çağırış edib.
O da məlumdur ki, seçkidən sonra ölkə parlamentli respublika olacaq. Sarkisyan rejimi indiyə qədər hakimiyyətdə qalmaq üçün bütün saxtakarlıqlardan istifadə edib. Budəfəki seçkidə hakim Respublikaçılar Partiyası parlamentdə çoxluğu götürmək üçün hansı vasitələrə əl ata bilər? Ümumiyyətlə, buna nail ola bilərmi? Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, bu dəfə situasiya fərqlidir: "Məlum olduğu kimi, Ermənistan konstitusiyasına edilən dəyişikliklərə görə prezidentin səlahiyyətləri azaldılır, parlamentin səlahiyyətləri artırılır. Parlamentdə hansı partiya daha çox yer qazanacaqsa, hakimiyyəti də həmin qüvvələr idarə edəcək. Seçkilərin əvvəlki illərdən daha gərgin keçəcəyi gözlənir. Çünki Sarkisyan rejiminin yeritdiyi yarıtmaz siyasət cəmiyyətdə böyük məyusluq yaradıb. Seçkilərə 5 partiya və 4 seçki bloku qatılacaq. Proporsional sistem üzrə deputatlığa namizədlərin siyahısını təqdim edən partiyalar bunlardır: hakim Respublikaçılar Partiyası, "Daşnaksütyun" erməni inqilabi federasiyası, "Azad demokratlar", "Erməni dirçəlişi" və Ermənistan Kommunist partiyaları. Hakim Respublikaçılar Partiyasının siyahısında birinci sırada müdafiə naziri Vigen Sarkisyan gəlir. Bununla yanaşı, seçkilər ərəfəsində hakimiyyətə qarşı çox güclü müxalif bloklar formalaşmaqdadır. Hakimiyyəti qorxudan əsas məsələ odur ki, ona qarşı keçmiş məmur, nazir və biznes dairələri birləşir. Müxalif qüvvələrin parlamentdə səs çoxluğunu ələ keçirmək üçün daha aktiv fəaliyyətə keçməsi hakimiyyəti sərt addımlar atmağa məcbur edib. Belə ki, bir vaxtlar Serj Sarkisyanın komandasında yer alanlar indi daha çox fəallıq göstərir. Bu səbəbdən Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın oğlu və qardaşı oğlu İrəvanda saxlanıb. Hakimiyyət indidən rəqiblərinə qarşı bir sıra təzyiq rıçaqlarını işə salır. Hesab edirəm ki, Rusiya mövcud rejimin saxlanmasını bu dəfə də istəsə, o zaman Sarkisyan növbəti saxtakarlığa getməklə seçkiləri öz xeyrinə dəyişəcək. Yox, başqa qüvvələrin hakimiyyətə gəlməsini istəsə, nəticə fərqli olacaq". Vidadi ORDAHALLI