Seyid Camal Əzimbəyli: "Düşünürəm ki, bu, Azərbaycanın Qarabağ həqiqətlərini dünyada yaymasına yardımçı olacaq"
Roma Papasının Bakıdakı nümayəndəsi Vladimir Fekete Xocalı soyqırımının bəşəriyyətə qarşı böyük ədalətsizlik adlandırıb. Qafqaz Müsəlmanları İdarəsində keçirilən "Xocalı soyqırımı xalqın qan yaddaşıdır!!! Xocalıya ədalət!" adlı tədbirdə V. Fekete bildirib ki, Xocalıda insanlar soyqırıma məruz qalıb və o həmişə həmin qurbanlar üçün duasını əsirgəməyəcək.
O, həmçinin, qeyd edib ki, Xocalıda insanlığa qarşı cinayət törətməklə günah və ədalətsizlik işlədənlər cəzasız qalmayacaq: "Böyük Yaradan mütləq onların cəzasını verəcək. Mən Xocalıda törədilən soyqırıma, ədalətsizliyə məruz qalan azərbaycanlılar üçün duamı heç vaxt əsirgəməyəcəyəm".
Məlumat üçün qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilib. İşğal zamanı etnik azərbaycanlılara qarşı soyqırım törədilib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Ümumilikdə, Roma Papasının Bakıdakı nümayəndəsinin Xocalı soyqırımını tanımasını və bununla bağlı bir sıra fikirlər səsləndirməsini ekspertlər necə dəyərləndirir? Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, Roma Papasının nümayəndəsi tərəfindən soyqırımla bağlı fikirlərin səsləndirilməsi təqdir olunasıdır: "Ona görə ki, istər Avropa Ölkələrində, istər Qərbin özündə etimad göstərilən dini institutun təmsilçisinin belə söyləməsi yaxşı haldır. O mənada ki, bu, soyqırımın dünyada tanıdılmasına yardım edəcək. Düşünürəm ki, bu, Azərbaycanın Qarabağ həqiqətlərini dünyada yaymasına yardımçı olacaq. Eyni zamanda, Azərbaycanın gücünün beynəlxalq güclər tərəfindən qəbul olunmasına bir işarədir. Hesab edirəm ki, bu məsələnin dünyada tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da ayrıca müstəsna xidmətləri var. Ardıcıl olaraq Qarabağ həqiqətlərini faktlarla dünyaya çatdırır. O cümlədən, Avropadakı din xadimlərinə bu həqiqətlər deyilir. Ona görə də Vatikan təmsilçisinin bu yanaşmasını təqdir edirəm. Düşünürəm ki, digər beynəlxalq təşkilatlar da Qarabağ həqiqətlərini, Xocalı soyqırımını zamanla tanıyacaqlar".
Vidadi ORDAHALLI