"Biz analoji addımları Ermənistandan görmürük"
İlham Əliyev Münhendə keçirdiyi görüşlər çərçivəsində BMT-nin baş katibi Antonio Quterreşlə də bir araya gəlib. Görüşdə Prezident İlham Əliyev A.Quterreşi BMT-nin baş katibi seçilməsi münasibətilə bir daha təbrik edib. Dövlət başçısı onunla Bakıda keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Baş katib BMT-nin qaçqınlar üzrə ali komissarı kimi Azərbaycana səfərlərindən, Prezident İlham Əliyevlə görüşlərindən məmnunluqla bəhs edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivləri ilə maraqlanıb. Prezident İlham Əliyev bu məsələ ilə bağlı BMT-nin baş katibinə məlumat verib. Dövlət başçısı hələ ki, danışıqlar prosesində ciddi irəliləyişin olmamasından təəssüfləndiyini bildirib. Son zamanlar Ermənistan tərəfinin danışıqlarda az qala könülsüz iştirak etdiyini, münaqişənin həlli istiqamətində əldə olunan müəyyən razılaşmaları pozduğunu deyib.
Prezident İlham Əliyev ötən ilin aprelində təmas xəttində Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribata cavab verdiyini və nəticədə torpaqlarımızın bir hissəsinin işğaldan azad olunduğunu bildirib. Dövlət başçısı qondarma "Dağlıq Qarabağ Respublikası"nın "konstitusiyası"na dəyişikliklər edilməsi ilə bağlı "referendum"un qanunsuz olduğunu, bir sıra təşkilatların bu məsələyə etiraz etdiyini deyib. Bildirib ki, bu bir daha Ermənistan tərəfinin münaqişənin həllində maraqlı olmadığını sübut edir.
A.Quterreş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində əsas şərtlərin nədən ibarət olması ilə maraqlanıb. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğaldan azad edilməli, qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, bölgədə sülhməramlı qüvvələr yerləşdirilməlidir. Məhz bundan sonra Dağlıq Qarabağın statusuna dair referendumun keçirilməsi mümkündür. Prezident İlham Əliyev BMT-nin və baş katib A.Quterreşin mövcud vəziyyətə müdaxilə edib prosesin sürətlənməsinə daha yaxından təkan verməsinin əhəmiyyətini vurğulayıb.
Göründüyü kimi, İlham Əliyev bununla danışıqlar prosesinə töhfə vermək üçün daha bir böyük jestini edir. Ötən il Rusiya mətbuatına verdiyi müsahibədə Prezident bildirmişdi ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu verməyə hazırdır. BMT baş katibi ilə görüşdə isə İlham Əliyev daha bir kompromis addım atmağa hazır olduğunu bəyan edib. Söhbət qeyd olunan mərhələdən sonra Dağlıq Qarabağın statusuna dair referendumun keçirilməsinin mümkünlüyü ilə bağlı verilən açıqlamadan gedir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Prezident İlham Əliyevin kompromislərə hazırlıqlı olduğunu göstərən ardıcıl addımlarını necə dəyərləndirmək olar?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, bununla Azərbaycan beynəlxalq hüquq normalarına hörmətlə yanaşdığını ortaya qoyur: "Biz Ermənistanın davranışlarında isə tamamilə bunun tərsini görürük. İlham Əliyevin BMT baş katibi ilə görüşdə səsləndirdiyi fikirlər həm obyektiv reallığı əks etdirir, həm də Azərbaycanın nə dərəcədə kompromisə hazır olduğunu ortaya qoyur. Biz analoji addımları Ermənistandan görmürük. Əslində, bu, dünya birliyinə bir mesajdır ki, son bir ildə Azərbaycan iki böyük jestini ortaya qoyub, bəs Ermənistan? Konkret məqama gələndə, Ermənistan ortada görünmür. Hiss olunur ki, Ermənistanı hansısa güclər bu prosesdən yayındırır, onu konstruktivliyə meyllənməyə qoymurlar. Çünki Ermənistan dünyaya bu şəkildə meydan oxumaq gücünə sahib deyil. Təbii ki, İlham Əliyevin təklif etdiyi kompromislər də Azərbaycanın maraqları çərçivəsindədir, ancaq buna baxmayaraq, Ermənistandan da səs çıxmalıdır axı... Bütün bunlar bir daha göstərir ki, Ermənistan işğalçı siyasətindən əl çəkmək niyyətində deyil".
Məhəmmədəli QƏRİBLİ