Qabil Hüseynli: "Danışıqlarda nümayiş etdirdiyi siyasi intellektual qabiliyyət, zənnimcə, Azərbaycanın gələcəyi üçün çox böyük perspektivlər açacaq"
Fevralın 17-də Almaniyada sayca 53-cü Münhen Təhlükəsizlik Konfransı keçirilib. Fevralın 19-na qədər davam edən toplantıya dünyanın müxtəlif ölkələrindən 500-ə yaxın rəsmi, yüksək vəzifəli şəxslər qatılıb.
Konfransda Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra transatlantik əlaqələr və NATO-nun gələcəyi, təhlükəsizlik və müdafiə sahəsində Avropa əməkdaşlığı, Rusiya ilə əlaqələr, Suriya müharibəsi, Asiya-Sakit okean regionunda təhlükəsizliklə bağlı vəziyyət və informasiya müharibəsi məsələlərinin müzakirəsi aparılıb.
Münhendə təşkil olunan tədbirə qatılan Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, İsrailin müdafiə naziri Aviqdor Liberman, Kiyev şəhərinin meri, Ukrayna İslahatlar Naminə Demokratik Alyansının sədri Vitali Kliçko, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani, həmçinin, "Kaspersky Lab" şirkətinin sahibi və baş icraçı direktoru Yevgeni Kasperski ilə görüşüb. İlham Əliyev Münhendə Türkiyənin baş naziri Binəli Yıldırımla da müzakirələr aparıb.
Bütün bu görüşlərdə, eləcə də panel və "dəyirmi masa"larda etdiyi çıxışlarla İlham Əliyev dünyaya hansı mesajları verdi?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycan Prezidentinin Münhendə keçirdiyi görüşləri həm siyasi, həm də iqtisadi baxımdan uğurlu hesab etmək olar: "Belə ki, bu görüşlər zamanı həm Azərbaycanın Dağlıq Qarabağ məsələsində mövqeyinin gücləndirilməsinə nail olunur, həm də təhlükəsizlik məsələlərində əməkdaşlıqla bağlı yeni çalarlar müəyyən edilir. Dünyada və regionda mürəkkəb bir vəziyyət yarandığı vaxtda Azərbaycanın maraqlarının qabardılması, eləcə də əməkdaşlıq məsələləri prioritet təşkil edir. Bu baxımdan keçirilən görüşlərdə və təşkil olunan müzakirələrdə bu məsələlər xüsusi vurğulanır.
Həmçinin, erməni lobbisinin və ermənipərəst qüvvələrin Avropada Azərbaycana qarşı kampaniyalarını intensivləşdirdiyi bir vaxtda Prezident İlham Əliyevin dünyanın əsas güc sahiblərinin mühüm fiqurları ilə görüşləri və əldə edilən nəticələr düşmənlərimizə tutarlı cavabdır.
Bundan başqa, ölkə başçısının nüfuzlu şirkət rəhbərləri ilə görüşlərində əməkdaşlıq barədə müzakirələr və razılaşmalar iqtisadi baxımdan Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Həmin tədbirə toplaşan dövlət başçıları həm də ikili münasibətlərlə bağlı fikir mübadiləsi apardılar, gələcək sazişlərin imzalanması üçün, bir növ, bünövrə qoydular.
Bir sözlə, Münhen konfransı ölkəmiz üçün çox uğurlu oldu. Ölkə başçısının buradakı fəallığı, apardığı danışıqlar, danışıqlarda nümayiş etdirdiyi siyasi intellektual qabiliyyət, zənnimcə, Azərbaycanın gələcəyi üçün çox böyük perspektivlər açacaq".
Məhəmmədəli QƏRİBLİ