ABŞ və İsrail rəsmilərinin son açıqlamaları, atdıqları addımlar Azərbaycanın qonşuluğunda dəhşətli müharibənin başlanmasını artıq qaçılmaz reallığa çevirir. Məsələ burasındadır ki, adı çəkilən hər iki dövlət İranı ciddi təhdid mənbəyi kimi qəbul edir və bu təhdidin hərbi zərbələrlə aradan qaldırılmasını mümkün sayır.
Elə bundan irəli gələrək ABŞ və İsrail İrana qarşı alyans formalaşdırır. İsrail hökumətinin həftəlik iclasında yenidən qeyd olunan mövzuya toxunan bu ölkənin baş naziri Binyamin Netanyahu qeyd edir: "İsrail və ABŞ arasında alyans, xüsusilə İran tərəfindən gözlənilən ümumi təhlükə, həmçinin, Yaxın Şərqdə yeni imkanlar sayəsində möhkəmlənir. İsrail və ABŞ arasında ittifaq həmişə sarsılmaz olub, lakin bu ittifaq daha da möhkəmləndi. O, iki səbəbdən möhkəmləndi: hər şeydən əvvəl, mənimlə prezident Donald Tramp arasında çoxillik şəxsi münasibətlər mövcuddur, ikinci mühüm səbəb gözlənilən ümumi təhlükələr və Yaxın Şərqdə mövcud imkanlardır".
Netanyahunun sözlərinə görə, iki ölkə liderinin şərik olduğu fikir İran tərəfindən artan təhlükənin dəyərləndirilməsidir: "Biz hər ikimiz əsas şeyi - İran tərəfindən artan təhlükəni və müxtəlif sahələrdə İranın təcavüzünə müqavimət göstərmək zərurətinin olduğunu görürük". Xatırladaq ki, Binyamin Netanyahunun ABŞ-a bu günlərdə həyata keçən səfərində də İrana qarşı birgə fəaliyyət müzakirə olunub və müəyyən razılıqlar əldə edilib. Bütün bunlar fonunda İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib ki, amerikalı həmkarı Ceyms Mattislə ilk görüşündə də məhz İran tərəfindən təhdidlər müzakirə olunub və bu istiqamətdə qətiyyətli tədbirlərlə bağlı vədlər alıb: "Biz bir sıra məsələləri müzakirə etdik. Başlıcası isə İran mövzusu ilə bağlıdır. Həmkarımla görüş zamanı vurğuladım ki, ölkəmizin qarşılaşdığı üç problem var: İran, İran və İran. Uzaq məsafəli ballistik raketlərə malik olan və raket tüxnikasını gücləndirilmiş şəkildə inkişaf etdirən İran. Nüvə texnologiyalarına malik olan İran. İsraillə coğrafi sərhədləri olmayan, lakin onları Livanda "Hizbullah" və Qəzzada Həmas vasitəsilə yaradan, terror təşkilatlarının əsas sponsoru olan İran". Nazirin sözlərinə görə, Mattis ABŞ-ın yeni rəhbərliyinin İrana qarşı qətiyyətlə fəaliyyət göstərmək" niyyətini təsdiq edib: "Müdafiə naziri Mattislə açıq və səmimi dialoq aparmaq və İsrailin təhlükəsizliyinin möhkəmləndirilməsi, Yaxın Şərqdə ABŞ-ın maraqlarının qorunması kimi məsələlərdə əməkdaşlıq barədə razılıq əldə etdik. Həmçinin yaxın dövrlərdə yenidən görüş keçirməklə əlaqədar razılaşdıq".
Xatırladaq ki, İsrail İranın nüvə təsisatlarını çoxdan hədəfdə saxlayır. Lakin bundan əvvəl Barak Obama hökuməti İsrailin İrana qarşı hərbi əməliyyatlarına icazə verməyib. İndi isə yeni ABŞ hökuməti İrana qarşı hərbi əməliyyatlara yaşıl işıq yandırır. Prezident Donald Tramp da İrana qarşı hərbi güc tətbiqinin masa üzərində olduğunu bildirir. ABŞ-ın vitse-prezidenti Maykl Pens isə bildirir ki, ölkəsi İranın nüvə silahı əldə etməməsi üçün əlindən gələni edəcək. Pens bəyan edib ki, Donald Trampın fəaliyyəti dövründə ABŞ İranın nüvə silahına sahib olmamasını təmin etmək üçün çalışacaq: "İranın bu cür silaha sahib olması regiondakı ölkələrə, bizim müttəfiqlərimizə, xüsusilə də İsrailə təhlükə törədə bilər". Bundan əvvəl isə "The Wall Street Journal" qəzeti məlumat yaymışdı ki, rəsmi Vaşinqton bir sıra ərəb ölkələri ilə İrana qarşı hərbi alyansın yaradılmasını müzakirə edir. Alyansa Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya qatıla bilər. Gələcəkdə alyansa digər ərəb ölkələrinin də qoşulması nəzərdə tutulub. Məlumata görə, hazırda alyansın iş prinsipinin detalları hazırlanma mərhələsindədir. Alyansa daxil olması gözlənilən Bəhreynin millət vəkili Camal Əbu Həsən isə belə bir vaxtda yaydığı bəyanatla İranın Güney Azərbaycanı işğal etdiyini bildirərək, BMT-ni bu məsələyə münasibət bildirməyə dəvət edib. Bəhreyn Millət Məclisinin xarici əlaqələr və müdafiə komissiyasının üzvü Camal Əbu Həsən BMT-ni Güney Azərbaycanı müstəqil ölkə kimi tanımağa çağırıb: "Güney Azərbaycanın İran işğalından xilas olması və müstəqil dövlət qurma mücadiləsini dəstəkləyirik. BMT-ni Güney Azərbaycan millətinin haqlı savaşına dəstək olmağa çağırırıq".
Bütün bunlar rəsmi Tehranı kifayət qədər qıcıqlandıran addımdır. İran indi hərbi mövqelərini gücləndirməyə xüsusi diqqət yetirir. Çünki ABŞ və İsraillə toqquşmanın qaçılmaz olduğunu yaxşı bilir.
Bu vəziyyətdə İran həm də təhlükəni önləmək üçün Rusiya ilə strateji alyans yaratmaq istəyir. Burada hesab olunur ki, Yaxın Şərqdə birgə fəaliyyət Rusiya ilə belə strateji alyans yaratmağa imkan verir. İran parlamentinin sədri Əli Laricani "Əl-Məyadin" telekanalına müsahibəsində bildirib ki, Tehran və Moskvanın Yaxın Şərqdəki vəziyyətlə bağlı əsas məsələlər üzrə heç bir fikir ayrılığı yoxdur. Onun sözlərinə görə, Suriyadakı münaqişənin nizamlanmasına da aiddir. Spiker qeyd edib ki, bununla əlaqədar İran sözügedən regionda Rusiya ilə strateji alyans yaratmaq istərdi. Amma Rusiya buna gedəcəkmi?...
Tahir TAĞIYEV