Azərbaycanın uzun illərdir üzləşdiyi Dağlıq Qarabağ probleminin ədalətli həllinə nail olmaq dövlətimizin qarşısında duran vacib məsələdir. Məlumdur ki, bu sahədə ölkə başçısı tərəfindən məqsədyönlü siyasət aparılır.
Bilirik ki, indiyə qədər bir sıra beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə dair bəyanatlar verib, erməni təcavüzünü pisləyən sənədlər qəbul edib.
Azərbaycanın ərazi bütövlüyünə növbəti dəstək bəyanatını bu dəfə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk səsləndirib. Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə Avropa İttifaqı Şurasının prezidenti D.Tusk qeyd edib ki, Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır. O, həmçinin, bildirib: "Biz Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və tədarükün diversifikasiyasında vacib ölkədir".
D.Tusk eyni zamanda qeyd edib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir.
Avropa İttifaqı Şurasının prezidenti D.Tuskun rəhbərlik etdiyi qurumun Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıması ilə bağlı səsləndirdiyi fikri şərh edən tanınmış politoloq Arzu Nağıyev "Bakı-Xəbər"ə bildirdi ki, bu təqdirəlayiq haldır: "Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən qəbul edilən sərhədlər çərçivəsində tanınır və Avropa İttifaqının bunu bir daha bəyan etməsi, təbii ki, təqdirəlayiq bir haldır. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər tək insan haqları ilə bağlı bir neçə avroskeptikin istəyi ilə qurulmamalıdır, bu artıq arxada qalan bir dövr idi. Düşünürəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev keçən ilin sonunda Avropa İttifaqının nümayəndə heyəti ilə görüşdə bununla bağlı aydınlıq gətirdi. Bu gün artıq Avropa dövlətləri də başa düşür ki, onların enerji təhlükəsizliyinə təhdidi aradan qaldırmaq və Rusiya və digər dövlətlərin siyasi ambisiyalarına uyğun olaraq iqtisadi problemlərə tuş gəlməmək üçün, Azərbaycan mühüm rol oynayan dövlət və təbii ki, tərəfdaşdır. Prezident İlham Əliyevin görüşlərində də bu məsələyə xüsusi diqqət yetirilib və 2018-ci ildə artıq Azərbaycan qazının Avropaya daxil olacağı mühüm bir hadisə kimi qiymətləndirilir. Yəni Azərbaycan, işğal olunmuş rayonlar və Dağlıq Qarabağ ərazisi daxil olmaqla, suveren bir dövlətdir və Avropa Birliyi də bunu qəbul edir".
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, siyasi icmalçı Elçin Mirzəbəyli isə bildirir ki, Aİ prezidentinin bəyanatı qurumla Azərbaycan arasında yeni əməkdaşlığın başlamasından xəbər verir: "Öncə qeyd edim ki, Azərbaycan Prezidentinin Brüsselə səfəri və səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən bəyanatlar Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni, həm də çox önəmli bir mərhələnin başlandığından xəbər verir. Mübaliğəsiz olaraq cənab Prezidentin səfərini tarixi səfər kimi qiymətləndirmək olar. D.Tuskun Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəklədiyini bəyan etməsi isə bu məsələ ətrafında bütün manipulyasiyalara son qoyur. Ərazi bütövlüyünün, suverenliyin və müstəqilliyin dəstəklənməsi o deməkdir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını, işğal altında olan Azərbaycan torpaqları üzərində ölkəmizin suveren hüquqlarının tanındığını qəbul edir və müstəqil dövlət kimi Azərbaycanın öz suveren hüquqlarının bərpası istiqamətində atdığı addımları dəstəkləyir. Bu çox önəmli bir bəyanatdır və çox açıq şəkildə ifadə olunub. Qənaətimə görə, Avropa İttifaqının bu yanaşması münaqişənin həlli prosesinə öz müsbət təsirini göstərəcək. Azərbaycan Prezidentinin səfəri çərçivəsində baş verən mühüm hadisələrdən biri də Avropa İttifaqı ilə strateji tərəfdaşlıqla bağlı saziş üzərində işə başlanmasıdır. Avropa İttifaqı ilə strateji tərəfdaşlıq barədə saziş ölkəmizə bir çox üstünlüklər vəd edir. Bu saziş həm də Azərbaycanın Avropa İttifaqının bərabərhüquqlu tərəfdaşlığına yol açması baxımından da mühüm əhəmiyyət daşıyır. Strateji tərəfdaşlıq haqqında saziş assosiativ sazişdən çox üstün bir beynəlxalq müqavilədir. Burada söhbət hansısa şərtlər çərçivəsində bu və ya digər prosesə qoşulmaqdan deyil, bərabərhüquqlu strateji tərəfdaşlıqdan gedir".
AMİP funksioneri Əli Orucovun qənaətinə görə, artıq dünya erməni təcavüzkarlığını getdikcə dərindən anlamağa çalışır: "Avropa İttifaqı hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Avropa Parlamentinin bununla bağlı qətnaməsi də var. Artıq dünya ictimaiyyəti Dağlıq Qarabağ problemi və Ermənistanın Azərbaycana təcavüzü faktını getdikcə daha dərindən anlamağa başlayır. Lakin Azərbaycan diplomatiyası müdafiə taktikasından hücum taktikasına keçməli, danışıqlar prosesində həm BMT-nin, həm Avropa Parlamentinin, həm İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumların işğalla bağlı qəbul etdiyi qətnamələri müzakirədə əsas sənədlər kimi masa üzərinə çıxarmalıdır. Eyni zamanda BMT Nizamnaməsinin özünü işğaldan müdafiə haqqını verən müddəalarına əsaslanmalıdır. Məncə, Avropa da artıq münaqişənin təkcə region üçün deyil, həm də Avropa İttifaqı üçün də təhlükə yaratdığının ciddi fərqindədir. Çünki Avropanın enerji təhlükəsizliyi Cənubi Qafqazdan, xüsusən də Azərbaycandan keçir. Burada alovlana biləcək münaqişə və müharibələrın qitə üçün də böyük fəsadları ola bilər. Odur ki, Avropa İttifaqı prezidentinin dilindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi səsləndirilirsə, buna münaqişəyə real baxışların təzahürü kimi yanaşılmalıdır".
Tarixçi-politoloq Məhərrəm Zülfüqarlının sözlərinə görə, Aİ rəhbərinə qədər də müxtəlif beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, lakin heç biri təcavüzkarı konkret olaraq göstərməyib. M.Zülfüqarlı hesab edir ki, bu bəyanat əhəmiyyətsiz də deyil: "Bilirsiniz ki, əksər dövlətlər Azərbaycanın ərazi bütövlüyünü sözdə tanıyır, əmələ gələndə isə bir iş görmürlər. Məsələ burasındadır ki, beynəlxalq qurumlar erməniləri, Ermənistanı işğalçı dövlət kimi tanıyıb ifşa etmirlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var və onların heç biri yerinə yetirilməyib. Digər sənədlər də həmçinin. Bunlar öz yerində. Tuskun açıqlamasına gəlincə, deyə bilərəm ki, bu müsbət haldır. Onun bəyanatını təqdir edirəm".
AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor, millət vəkili Musa Qasımlı bizimlə söhbətində Aİ rəhbərinin bəyanatını təqdir etdiyini dedi: "Avropa İttifaqının əvvəllər qəbul etdiyi sənədlərin mahiyyəti ilə ruhu üst-üstə düşüb. Bu bir daha göstərir ki, Avropa İttifaqına daxil olan dövlətlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunmasında maraqlıdır".
Politoloq Rufiz Qonaqov "Bakı-Xəbər"ə bildirdi ki, Avropa İttifaqının prezidenti D.Tuskun bəyanatını yüksək qiymətləndirir: "Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev hər bir xarici ölkəyə etdiyi səfərdə ilk növbədə Azərbaycanın təhlükəsizliyini, bütövlükdə sülhün bərqərar olmasını, Ermənistanın Azərbaycana təcavüzünü, Dağlıq Qarabağın Azərbaycan ərazisi olaraq işğal edilməsi faktını önə çəkir. Növbəti dəfə Avropa İttifaqı rəhbəri ilə keçirdiyi görüşdə də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünə önəm verdiyini bir daha nümayiş etdirdi. Eyni zamanda da Avropa İttifaqı rəhbəri də bu məsələdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi. Yəqin məlumatınız var, təxminən 10 gün əvvəl Avropa Şurasının da belə bir qətnaməsi var idi ki, Azərbaycanın ərazi bütövlüyünü tam tanıyır. Baxmayaraq ki, ermənilər bunun qarşısını almaq üçün çox cəhdlər etdilər, ancaq nəticəsiz qaldı. Sözsüz ki, Azərbaycan heç bir ölkənin ərazisini işğal etməyib. Ermənistan işğalçı ölkə kimi Azərbaycanın ərazi bütövlüyünə xələl gətirib. Bütövlükdə, BMT-nin 4 qətnaməsi var və Azərbaycanın ərazi bütövlüyünü dünya dövlətləri, bütün beynəlxalq qurumlar, Avropa Şurası, BMT və digərləri tanıyır. Azərbaycan da daxil, bir sıra dövlətləri birləşdirən qurumun prezidenti tərəfindən Azərbaycan dövlətinin ərazi bütövlüyünün bu kontekstdə dəstəklənməsi Azərbaycanın xarici siyasətinin növbəti uğurlarından biridir. Cənab Prezident hər bir görüşdə Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü məsələsini bir daha ona görə gündəmə gətirir ki, Azərbaycan həm də enerji ölkəsidir, eyni zamanda da dünya üçün əhəmiyyətli dövlətdir".
R.Qonaqov bildirir ki, sözsüz, Qarabağ problemi Azərbaycanın xeyrinə həll edilməsə, müharibə yenidən başlayarsa, bu, bölgədə sabitliyin yenidən pozulmasına gətirib çıxarar. O hesab edir ki, Azərbaycanın torpaqlarını azad etməsi üçün müharibəyə əl atması mövcud enerji layihələri üçün təhlükə yarada bilər. "Azərbaycan bütün dünyada balanslaşdırılmış və tarazlaşdırılmış bir siyasət yürüdür. Ölkəmiz bütün layihələrin həyata keçirilməsində Avropa İttifaqı və Avropa Şurası ilə daim əməkdaşlıq edib və sözsüz ki, müzakirə onunan məsələlərdən biri də təhlükəsizlik məsələsi idi. Məhz bu baxımdan Avropa İttifaqının növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, Azərbaycanın haqq yolunda olmasını deməsi, əlbəttə, Azərbaycan Prezidentinin apardığı xarici siyasətin, Azərbaycan diplomatiyasının növbəti uğurudur" - deyə politoloq bildirdi.
Beləliklə, 1988-ci ildən davam edən Qarabağ probleminin ən böyük həqiqətinin Qarabağın tarixən Azərbaycana məxsus olduğunu nəzərə alsaq, D.Tuskun bəyanatını Azərbaycanın haqq mövqeyinin ən ali səviyyədə dəstəklənməsinin daha bir sübutu və diplomatiyamızın qələbə göstəricisi kimi qəbul edə bilərik.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur