"Bu, separatçıların iqtisadi baxımdan təcrid olunmasına, müəyyən qədər də olsa, yardım göstərə bilər"
"Azərbaycan və Ukrayna hakimiyyətləri iki ölkənin işğal olunmuş ərazilərində istehsal olunan malların rəsmi icazə olmadan idxalına qadağa qoyulması barədə razılığa gəliblər".
Bu barədə mətbuata açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib. Onun sözlərinə görə, Ukrayna prezidenti Petro Poroşenkonun Bakıya səfəri zamanı ölkə başçıları gömrük orqanlarının rəhbərlərinə görüş keçirmək və bu məsələni müzakirə etməklə bağlı tapşırıq verib. Səfir deyib ki, Azərbaycan və Ukrayna gömrük orqanlarının rəhbərləri görüşüb və işğal edilmiş ərazilərdən malların yalnız mərkəzi hakimiyyət tərəfindən lisenziya verildiyi təqdirdə tədarük edilə biləcəyi ilə bağlı mexanizm işləyib hazırlayıblar: "Mexanizmə əsasən, hər iki regiondan məhsullar ancaq rəsmi Bakı və rəsmi Kiyevin razılığı əsasında buraxıla bilər. Məsələn, şampan şərabının markalanmasını götürək. Əgər orada "Ukrayna, Artyom zavodu, Donbas" yazılıbsa, deməli, hər şey normaldır. Yox, əgər hansısa "Novorusiya" yazılıbsa, Azərbaycan onu qəbul etməyəcək. Eyni qayda Dağlıq Qarabağdan olan məhsullara da şamil ediləcək. Bu məsələdə dövlətlərarası sazişlər imzalamağa ehtiyac yoxdur. Qaydalar və hüquqi aktlar prezidentlərin tapşırıq verdiyi andan qüvvəyə minib".
Ümumilikdə, belə bir razılaşmanın əldə olunması müsbət haldır. Maraqlıdır, bəs ekspertlər buna necə yanaşır? Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, iki ölkə arasında belə bir razılaşmanın əldə olunması təqdirəlayiqdir: "Nəzərə almaq lazımdır ki, hər iki dövlət separatizmdən əziyyət çəkir. Bu səbəbdən belə bir razılaşmanın əldə olunması separatçıların iqtisadi baxımdan təcrid olunmasına, müəyyən qədər də olsa, yardım göstərə bilər. Eyni zamanda, məsələnin aktual olaraq qalmasına yardım edir. Çox yaxşı olardı ki, Azərbaycan digər ölkələrlə də bənzər razılaşmalar əldə etsin. Məsələ ondadır ki, Dağlıq Qarabağdakı qondarma rejim sərvətlərimizi talan edərək xaricə satır. Düzdür, onlar bir sıra hallarda bunu Ermənistan məhsulu kimi təqdim edir. Ancaq bəzən bunu öz məhsulu kimi də dünyaya təqdim etməkdən çəkinmirlər. Hesab edirəm ki, belə halların qarşısını almaq üçün digər dövlətlərlə də danışıqlar aparılmalıdır. Separatçı qurumlar tanınmasa da, onlar müəyyən özəl şirkətlər vasitəsilə bu işlərlə məşğul olmağa çalışır. Fikrimcə, mümkün olan qədər bu istiqamətdə kompleks işlər görülməlidir".
Vidadi ORDAHALLI