"Çünki aprel döyüşləri və ondan sonra Cocuq Mərcanlı nümunəsi bir daha sübut etdi ki, Məmmədyarovun dediklərinin həyata keçməsi mümkündür"
Məlum olduğu kimi, yanvarın 24-də E.Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfəri çərçivəsində RF xarici işlər naziri Sergey Lavrovla görüşmüşdü. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ətraflı müzakirə olunub. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində qaldırılan məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.
Məmmədyarov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına beynəlxalq təşkilatların cəlb olunması məsələsinə də münasibət bildirib. Nazir deyib: "Heç şübhə etmirəm ki, işğal olmuş rayonları bir-bir azad edəcəyik".
Məmmədyarov deyib ki, Azərbaycan erməni işğalından azad edilmiş ərazilərin bərpası üçün beynəlxalq təşkilatlarla danışıqlar aparır. Nazir bildirib ki, bu, sadə proses deyil. Təhlükəsizliklə, texniki məsələlərlə bağlı bir sıra suallar qalır: "Bütün təklifləri hazırlamaq, beynəlxalq təşkilatların bu prosesə hansı formada cəlb olunması məsələsini düşünmək lazımdır".
Heç şübhə etmirəm ki, işğal olmuş rayonları bir-bir azad edəcəyik".
Məmmədyarovun "heç şübhə etmirəm ki, işğal olmuş rayonları bir-bir azad edəcəyik" fikirinə müxtəlif məzmunlu reaksiyalar verilib. Xarici işlər nazirinin bu fikirini nə dərəcədə əsaslı saymaq olar?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, Elmar Məmmədyarovun həmin fikirini tam olaraq dəstəkləyir: "Adətən diplomatlar bir qədər pərdəli danışırlar. Xüsusilə də Elmar Məmmədyarov ehtiyatlı mövqeyilə yadda qalıb. Ancaq Moskava görüşlərindən sonra "optimist ola bilmərəm" deməsi çox ciddi etirafdı. Onun "rayonlarımızı bir-bir azad edəcəyik" fikirinə də mümkün variant kimi baxıram. Artıq beynəlxalq ekspertlə bu barədə yazır ki, Azərbaycan lokal müharibə taktikasına üstünlük verəcək. Bu bizim seçimimizə aid olan məsələdi. Kimsə bunu bizə qadağan edə bilməz. Necə istəyirik, elə də azad edirik. Çünki aprel döyüşləri və ondan sonra Cocuq Mərcanlı nümunəsi bir daha sübut etdi ki, Məmmədyarovun dediklərinin həyata keçməsi mümkündür".
Məhəmmədəli QƏRİBLİ