Prezident İlham Əliyev tərəfindən 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilib. Bəzi Qərb ölkələrində islamafobiya meyllərinin gücləndiyi, müsəlman ölkələrində çaxnaşmaların şiddətləndiyi bir dönəmdə Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi olduqca maraqlı görünür.
Bununla bağlı prezidentin imzaladığı sərəncamda da qeyd olunur ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub:
"Ölkəmiz İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. Hətta dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında ənənələr yaşadılıb. Sovet dönəmində cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçib. 300-dən çox məscid tarixi-mədəni abidə kimi qorunur".
Qərbdə İslamafobiya təbliğatının gücləndiyi dönəmdə, Azərbaycanda İslam Hərəyliyi İlinin elan olunmasının nə kimi beynəlxalq əhəmiyyəti var?
Beynəlxalq münasibətlərin araşdırılma mərkəzinin rəhbəri Rufiz Qonaqovun sözlərinə görə, 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsi Azərbaycanın bütün dünyada barışdırıcı qüvvəyə çevrilməsi baxımından çox əhəmiyyətlidir: "Azərbaycan dünyada modern müsəlman ölkəsi kimi tanınır. Azərbaycandakı multikulturalizm ənənələri, digər dini konfessiyalara yanaşma tərzi təkcə İslam ölkələrinin deyil, bütün dünyanın diqqətini cəlb edir. İslam həmrəyliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də vacibdir. Müsəlman ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbaycana dəstək veriblər. Azərbaycanda ötən il "Multikulturalizm İli"ndə bir çox layihələr həyata keçirilib. Azərbaycan bütün konfessiyaları, dinləri, millətləri qarşılıqlı hörmət əsasında qarşılamaq qabiliyyətini dünyaya nümayiş etdirdi. Düşünürəm ki, "İslam Həmrəyliyi İli"ndə də Azərbaycan qarşıya qoyduğu məqsədlərə tam nail olacaq".
Məhəmmədəli QƏRİBLİ