ABŞ-ın yeni prezidenti Donald Trampın fəaliyyətdə olan administrasiyasının atdığı son addımlar qonşu İran və Amerika arasında hərbi müstəvidə yeni ziddiyyətlərə rəvac verir. Hətta bu gedişlə yaxın tezlikdə ABŞ-İran müharibəsinin başlanacağını proqnozlaşdıranlar da var. Məhz belə bir vaxtda ABŞ Konqresinə İrana qarşı hərbi gücün tətbiqi barədə qətnamə daxil olub.
Məlumata görə, "İrana qarşı gücdən istifadəyə icazə" adlı qətnaməni Nümayəndələr Palatasının Florida ştatından olan deputatı Elsi Hastinqs təklif edib. Qətnamədə bildirilir ki, prezidentin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədinə çatması üçün lazım gələrsə, Birləşmiş Ştatların Silahlı Qüvvələrindən istifadə etməsinə icazə verilir.
Xatırladaq ki, son günlərdə Donald Trampın bir neçə müsəlman ölkəsindən, o cümlədən İrandan miqrantların qəbuluna qadağa qoyması onsuz da Tehranın sərt narazılığına səbəb olmuşdu. Bunun ardınca İranın orta mənzilli ballistik raket sınağı keçirməsi vəziyyəti daha da gərginləşdirib. ABŞ-ın BMT-də daimi nümayəndəsi Nikki Haley vəzifəsinə başlayan kimi, İranın ballistik raket sınağı ilə bağlı Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.Bununla bağlı yayılan açıqlamada o bildirib: "ABŞ İranın 29 yanvarda orta mənzilli ballistik raket sınağı keçirməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb".
İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon da ABŞ-ın açıqlamasından bir neçə saat öncə eyni səbəblə Təhlükəsizlik Şurasının təcili toplantının keçirilməsi üçün çağırış etmişdi. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri - ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya (5+1) ilə 2015-ci ilin iyun ayında əldə olunan anlaşmaya görə, İrana qarşı bütün sanksiyalar qüvvədən düşüb. İran da öz növbəsində nüvə proqramı fəaliyyətini dayandırıb. Lakin Donald Tramp ABŞ prezidenti seçiləndən sonra vəziyyət dəyişib. Tramp hələ seçkiöncəsi kampaniyada İranla nüvə proqramı anlaşmasını sərt tənqid etmişdi. Onun bu məsələdə İsraillə eyni hərəkət etdiyi deyilir. BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını isə ABŞ-ın İrana qarşı savaş açması kimi dəyərləndirmək olar.
Qeyd edək ki, İranın xarici işlər naziri Məhəmməd Cəfər Zərif Tehranda keçirdiyi mətbuat konfransı zamanı raket sınağını nə təsdiq, nə də təkzib edib, lakin İranın raketlərin nüvə başlığı daşımaq məqsədilə istehsal edilmədiyinə dair mövqeyini bir daha təkrarlayıb. İranın baş diplomatı ABŞ-ı nüvə proqramı ilə bağlı razılaşmanın əleyhinə addım atmamağa çağırıb. İndiana universitetinin İran məsələləri üzrə təhlilçisi Hüseyn Banai isə raket sınağının motivlərinin daha çox siyasi məqsəd daşıdığını düşündüyünü bildirir. Onun sözlərinə görə, İran ABŞ-ın aqressiv administrasiyasına cavab vermək üçün necə davranmalı olduğunu bilir: "İran müdafiə proqramının ABŞ-ın yeni administrasiyası tərəfindən gərginliyin yaradılması üçün bəhanə kimi istifadə edilməyəcəyinə ümid edir. Mənə elə gəlir ki, İran bunu Obama adinistrasiyası dövründə apardığı normal fəaliyyətlərindən geri çəkilməyəcəyinə dair siqnal göndərmək üçün edib və Vaşinqtonun sərt ton qarşısında əyilmək və yumşalmaq istəmədiyini göstərmək istəyib".
Amma bu durumda İsrailin baş naziri Benyamin Netanyahu İranı BMT Təhlükəsizlik Şurasının qərarlarını pozmaqda ittiham edib. Baş nazir İranın təcavüzkarlığının cavabsız qalmamalı olduğunu deyib. Netanyahu fevral ayında ABŞ prezidenti Donald Trampla görüşündə İrana qarşı sanksiyaların bərpa edilməsini gündəmə gətirəcəyini söyləyib. İranla razılaşmanın daha bir opponenti olan amerikalı senator Bob Korker İranın bundan sonra ballistik raket sınağı pozuntularına yol verilməyəcəyini deyib. Bütün bunlar İranla bağlı vəziyyətin gedərək daha gərgin xarakter almaqda olduğunu üzə çıxarır.
İran və ABŞ arasında ziddiyyətin daha bir səbəbi isə Suriya məsələsi ilə bağlıdır. Politoloq Qabil Hüseynli də bildirir ki, Amerika İranı həm Suriyadan, həm də İraqdan tamamilə çıxarmaq niyyətindədir və bunu İŞİD əməliyyatlarının tərkib hissəsi kimi görür. Politoloqun sözlərinə görə, Suriya məsələsində Amerikanın hədəfindəki əsas dövlətlərdən biri İrandır: "Amerika İranı həm Suriyadan, həm də İraqdan tamamilə çıxarmaq niyyətindədir. Çünki İran artıq şiələr vasitəsilə İraq hökumətinə öz iradəsini diktə edə bilib, Əsədi öz təsiri altına salıb və Suriyada da xeyli qoşun və texnikası var. Amerika bütün bu məsələləri tamamilə qeyri-məqbul sayır və belə hesab edir ki, İran artıq Aralıq dənizinə çıxmaq kimi böyük geostrateji imkanlara yiyələnib". Q.Hüseynli bildirib ki, Amerika İranı məhz bu imkanlardan məhrum etməyi hazırda bir nömrəli vəzifə kimi qarşısına qoyub: "Suriya məsələsinin həll edildiyinə dair illüziyalar yarandığı zamanda, Astana sammitindən bir neçə gün keçməmiş və qarşıda gəzlənilən Cenevrə görüşü ərəfəsində Suriyada hadisələr yenidən qızışa və bu, çox böyük qarşıdurmalara gətirib çıxara bilər".
Tahir TAĞIYEV