Əbədi və əzəli torpaqlarımız olan Dağlıq Qarabağ ərazisi Azərbaycan dövlətinin nəzarətindən kənarda qalıb. Erməni işğalçılarının qəsb etdiyi torpaqlarımıza yaxın gələcəkdə yenidən sahib olacağımıza heç kəsin şübhəsi yoxdur. Xalqımız hər zaman bu ümidlə yaşayıb və dövlət səviyyəsində bu sahədə olduqca ciddi addımlar atılır.
Azərbaycan Respublikasının Prezidenti mütəmadi olaraq Qarabağ problemi ilə bağlı beynəlxalq tribunalardan fikirlərini bildirərək erməni işğalından danışıb, qəsbkarları ifşa edib. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Ordusu erməni işğalı altında olan torpaqları hər an azad etməyə hazırdır, səfərbərdir. Azərbaycan Ordusu öz qüdrətini ötən ilin aprelində göstərdi və hərbçilərimizin zəfəri hər birimizdə böyük ruh yüksəkliyi yaratdı. Azərbaycan xalqı həmişə işğal altında olan torpaqlarımıza qayıdış gününü ümid və inamla gözləyir. Artıq Qarabağa böyük qayıdışın təməli qoyulub. Söhbət Cocuq Mərcanlı kəndinə yol alacaq böyük və əbədi köçdən gedir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi bu gün öz sakinlərini gözləyir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev imzaladığı 24 yanvar 2017-ci il tarixli Sərəncamla Qarabağa qayıdışın ilk müjdəsini verdi. Əlbəttə, Azərbaycan xalqının ürəyindən xəbər verən bu sənəd həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan böyük dəyərə malikdir.
Ölkə başçısının Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq sərəncamının əhəmiyyətini şərh edən mütəxəssislərin vurğuladığına görə, bu onu göstərir ki, Azərbaycan dövləti sülhsevərdir, o sahib olduğu hər qarış torpağa qayğı ilə yanaşır, əraziləri abadlaşdırır, orada yaşayacaq insanların gələcək rifahını təmin edir. İşğaldan azad edilən torpaqlarda abadlaşdırma işləri dövlətimizin iqtisadi gücündən, mənəvi əzmindən xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Cocuq Mərcanlıda görüləcək işlərdən də danışıb.
"Bu layihənin icrası çox böyük rəmzi məna daşıyır. Bu, tarixi hadisədir" - deyə bildirən ölkə başçısı işğaldan azad edilən torpağımızda görüləcək işlər haqqında fikirlərini bildirib: "Biz kənd sakinlərini işğaldan azad edilmiş kəndə qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, maraqla yanaşırlar. Əminəm ki, onlar indi səbrsizliklə o günü gözləyirlər. Əminəm ki, qısa müddət ərzində Cocuq Mərcanlı kəndini yenidən quracağıq".
Prezident İlham Əliyev qeyd edib ki, hazırda minalardan təmizləmə işləri aparılır: "Televiziyada kəndin görüntüləri göstərilib. Bir neçə ay o kənd işğal altında olub. Ondan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı keçirilmişdi və işğalçılar, düşmənlər o kənddən qovulmuşdular. Bir neçə ay ərzində onlar o kəndi yerlə-yeksan ediblər. Əlbəttə ki, indi orada minalardan təmizləmə işləri, sonra isə infrastruktur layihələrinin icrası olmalıdır. Mən göstəriş vermişəm ki, beynəlxalq təşkilatlara da müraciət olunsun ki, onlar da öz nümayəndələrini kəndə göndərsinlər. Görsünlər ki, erməni vəhşiliyi nədən ibarətdir".
Dövlət başçısı deyib ki, indi işğal altında olan torpaqlara erməni işğalçıları beynəlxalq müşahidəçiləri buraxmırlar:
"Ağdamın, Füzulinin və digər şəhərlərimizin dağıntılarını beynəlxalq mətbuatda az-az görə bilirik. Niyə görə? Çünki buraxmırlar. Amma Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin canlı şahididir. Gəlsinlər görsünlər ki, özlərini mədəni xalq kimi təqdim etməyə çalışanlar hansı vəhşiliklər törədirlər. Ona görə orada bu işlər görülməlidir. Sonra isə bütün sənədləşmə işləri aparılmalıdır, pasportlaşdırma, erməni vəhşiliklərinin sənədləşdirilməsi aparılmalı, video, foto, bütün dağılmış binaların ölçüləri, dəymiş ziyan hesablanmalıdır. Yəni bu işlərə çox əsaslı yanaşmalıyıq və orada ilk növbədə, qeyd etdiyim kimi, infrastruktur - yollar, qaz, su, işıq xətləri çəkilməli, ondan sonra isə mütləq məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlər tikilməlidir. İlkin mərhələdə 50 ev tikiləcək, amma göstəriş vermişəm ki, kəndin master planı hazırlansın. Mən əminəm ki, burada gələcəkdə 200 ev tikiləcək. Əlbəttə ki, burada yaşayacaq insanlar üçün iş yerləri açılmalıdır. Əkin sahələri və digər iş yerlərinin təmin edilməsi üçün tədbirlər görüləcək və beləliklə, biz vətəndaşlarımızı uzun fasilədən sonra öz doğma ata-baba yurdlarına qaytaracağıq".
Ölkə başçısının fikirləri insanların sabaha ümidini daha da artırır. Qeyd edək ki, Cocuq Mərcanlı Azərbaycan Respublikasının Cəbrayıl rayonu Çaxırlı inzibati ərazi vahidində kənddir. Məlumatlara görə, yerli ləhcədə "Cojux Mərcannı" kimi tələffüz edilir.
Məlumatlara görə, kənd 1993-cü ildə Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub.
Yaşayış məntəqəsi XIX əsrdə Cavadağa Cavanşirə məxsus ərazidə salınıb. Etnotoponimdir. Mərcanlı tayfa adını özündə əks etdirir. Burada cocuq sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir. Oykonim "Kiçik Mərcanlı kəndi" mənasındadır.
2 aprel 2016-cı ildə Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən "Lələtəpə" yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da Cocuq Mərcanlıdan danışıb. O, mətbuata bildirib ki, 190 ailə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıtmaq istəyir.
Ə.Həsənovun sözlərinə görə, ötən ilin aprel döyüşləri Azərbaycan tarixində böyük bir hadisədir: "Bu döyüşlər zamanı iki yüksəklik geri qaytarıldı, 10 min hektarlarla ərazi azad olundu. Hazırda o ərazilərdə minalardan təmizlənmə işləri aparılır. Aprel döyüşlərinədək "Lələtəpə" işğal altında idi, lakin Cəbrayıl rayonunun bir kəndi - Cocuq Mərcanlı kəndi ulu öndər Heydər Əliyevin Ali Baş Komandan kimi 1994-cü ildə apardığı Horadiz əməliyyatı zamanı azad edilmişdi. Amma o ərazi "Lələtəpə"dən istənilən an vurula bilərdi. Ona görə də orada yaşayış təmin olunmamışdı. Yalnız bir ailə öz istəyi ilə orada məskunlaşmışdı: çox böyük fədakarlıqla, böyük təhlükə altında orada 25 ildir yaşayır. Ötən ilin aprelində "Lələtəpə" azad ediləndən sonra o kənddə yaşamaq imkanı yarandı, təhlükə sovuşdu. Hazırda bizim ordu oradan xeyli irəlidədir, yəni Cəbrayıl tərəfə".
Baş nazirin müavini əlavə edib ki, Cocuq Mərcanlıda yaşamaq imkanının olduğunu bilən həmin kəndin sakinləri - vaxtilə kənddə yaşayan 400 ailədən artıq 190-nı doğma yerlərinə köçmək istədikləri barədə ərizə ilə müraciət ediblər: "Mən bunu cənab Prezidentə məruzə etdim, dövlət başçısı sərəncam imzaladı, 4 milyon manat vəsait ayırdı. O vəsait həmin kənddə ilk 50 fərdi yaşayış evinin və bir məktəb binasının tikintisinə yönəlib".
Ə.Həsənov bildirib ki, tez bir zamanda 50 fərdi yaşayış evinin tikintisinə başlanacaq: "Cənab Prezident belə tapşırıq verib. Təcili olaraq 190 ailədən 50-ni ora köçürəcəyik".
Bildirək ki, Azərbaycan Prezidentinin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.
Baş nazirin müavini Əli Əhmədov da Cocuq Mərcanlıya qayıdacaq böyük köç haqqında müsbət fikirlər açıqlayıb: "Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayılın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam tarixi addım, tarixi qərardır. Bu, böyük hadisələrin müjdəçisi, başlanğıcıdır".
O bildirib ki, sərəncam Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində həyata keçirdiyi çox əhəmiyyətli addımlardan biridir: "Azərbaycan dövləti və hökuməti bununla işğal altında olan torpaqlarımızı geriyə qaytarmaq əzmini bir daha qəti şəkildə ortaya qoydu. Biz geriyə qaytardığımız torpaqları bir kəndin timsalında bərpa etməklə, cəmiyyətin yüksək əhval-ruhiyyəsini, ovqatını bütün dünyaya, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış beynəlxalq təşkilatlara, torpaqlarımızı müvəqqəti də olsa işğal altında saxlayan erməni tərəfinə çatdırmış oluruq. Bütün cəmiyyətimizin əhval-ruhiyyəsi və mövqeyi ondan ibarətdir ki, nəyin bahasına olursa olsun, Azərbaycan işğal olunmuş torpaqlarını geri qaytaracaq, bu ərazilər bərpa olunacaq. Bizim məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıdacaq. Bununla da həm Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, həm də böyük tarixi ədalətsizlik aradan qaldırılacaq".
Ə.Əhmədov qeyd edib ki, Cocuq Mərcanlıda görüləcək işləri dövlət həyata keçirəcək: "Amma mən hesab edirəm ki, torpaqlarımız işğaldan azad edildikcə, beynəlxalq qurumlar həmin torpaqların bərpa olunmasına yardımlar göstərəcək, qrantlar ayıracaqlar. Lakin bu, gələcəyin işidir".
Azərbaycan xalqı öz halal torpaqlarına qayıtmağı haqq edən xalqdır. Azərbaycan dövləti bu qayıdış naminə böyük işlər görür. İnanırıq ki, ilk qaranquş - Cocuq Mərcanlının uğuru səyalı olacaq və biz digər torpaqlarımıza da qayıdacağıq. Torpaqlarımız ölkə başçısının qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın inamı və birliyi sayəsində işğaldan azad ediləcək!
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.