Qulu İsmayılov: "Azərbaycanın böyük maliyyə risqi tələb edən layihələrə inamla yanaşmasının başqa bir səbəbi ölkədə olan siyasi sabitlikdir"
Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bir sıra vacib məqamlara toxunub. Ölkə başçısı, həmçinin, Azərbaycanın təşəbbüsü ilə reallaşan beynəlxalq layihələrdən də danışıb.
Prezident bu xüsusda "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla icra edildiyini bildirib: "Mən tam açıq deyə bilərəm - əgər Azərbaycan yenə də bu layihənin icrası ilə bağlı liderlik keyfiyyətlərini ortaya qoymasaydı, heç vaxt bu layihə icra edilməzdi. Mən şəxsən bu layihə ilə bağlı 10-a yaxın beynəlxalq konfransda, tədbirdə iştirak etmişəm. Bu tədbirlərdə, əlbəttə ki, öz sözümü demişdim, təkliflərimi irəli sürmüşdüm. Mən konkret danışmışdım, sadəcə olaraq formal yox, konkret - nə kimi işlər görülməlidir. Biz qərar qəbul etdik ki, biz özümüz öz gücümüzə, dost qonşu ölkələrlə birlikdə bunu edəcəyik və bunu edirik. Ondan sonra bu simpoziumları, konfransları keçirənlər də bizə qoşuldular. Əlbəttə ki, bu da məqbul bir haldır, biz bunu alqışlayırıq".
Dövlət başçısı bildirib ki, əməkdaşlıq formatı nə qədər çox genişlənərsə, bizim üçün bir o qədər yaxşıdır:
"Ancaq yenə də onu demək istəyirəm ki, yalnız Azərbaycanın liderliyi hesabına "Cənub Qaz Dəhlizi" icra edilir. Bunu bu işlərlə tanış olan hər kəs təsdiq edə bilər. Təsadüfi deyil ki, keçən ilin fevralında Bakıda "Cənub Qaz Dəhlizi"nin II Məşvərət Şurasının yekun sənədində bu göstərilir. Azərbaycan liderdir və burada əsas rolu oynayır".
Prezidentin "Cənub Qaz Dəhlizi" ilə bağlı söylədiyi fikirlər Azərbaycanın strateji layihələrə verdiyi böyük önəmin göstəricisi hesab edilə bilərmi?
Ekspert Qulu İsmayılov qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan, bir ölkə olaraq, yalnız bu layihəyə ciddi yanaşmır: "Yadınızdadırsa bu yaxınlarda Davos Forumundakı çıxışında ölkə başçısı Azərbaycanın üzv olduğu beynəlxalq layihərdə məsuliyyətli davranışını sübut edən rəqəmlər açıqladı. Həmin rəqəmlərdə Azərbaycanın öz üzərinə düşən işin neçə faizini yekunlaşdırdığı öz əksini tapırdı. Layihələrə üzv olan ölkələrlə aparılan müqayisədə ciddi fərq ortaya çıxırdı. Bütün bunlar Azərbaycanın məsuliyyətini və prinsipiallığını sübut edir. "Cənub Qaz Dəhlizi" də bizim təşəbbüsümüz və inadlı mövqeyimiz nəticəsində ərsəyə gəlib. Bəlkə də çoxları bu layihənin reallaşacağına inanmırdı. Bu layihənin reallaşması da Azərbaycanın uzaqgörən siyasətinin tərkib hissəsidir. Bakı-Tiflis-Ceyhan kəməri tikilməsəydi, enerji dəhlizi yaranmazdı. Daha sonra Bakı-Tiflis-Ərzurum kəməri tikildi. Bu dəhliz üzrə hazırda nəqliyyat dəhlizi yaradılır, Şərq-Qərb dəhlizi reallaşır. Bizə lazım idi ki, neft-qaz kəmərləri tikilsin, neft və qazımız dünya bazarlarına çıxsın. Tranzit, istehlakçı ölkələr də bunda maraqlıdır. İstehlakçı ölkələr alternativ mənbələrə çıxış əldə edir, tranzit ölkələr on illərlə gəlir əldə edəcək. Bu da reallaşmaqda olan layihəyə marağı artırır.
"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun dərin laylarında da ciddi qaz ehtiyatlarının olması Azərbaycanın daha geniş coğrafiyaya çıxmaq zərurətini ortaya qoyurdu.
2015-ci ildə TANAP layihəsinin, sonra TAP layihəsinin təməli qoyuldu. Azərbaycanın böyük maliyyə risqi tələb edən layihələrə inamla yanaşmasının başqa bir səbəbi ölkədə olan siyasi sabitlikdir. Bu faktor da olduqca önəmlidir".
Məhəmmədəli QƏRİBLİ