Məlum olduğu kimi, Avropanın alternativ mənbədən təbii qazla təminatında bu gün Azərbaycan ən mühüm rola malik ölkə qismində qəbul olunur. İndi Avropada Azərbaycandan bura qədər uzanacaq "Cənub Qaz Dəhlizi"nə böyük ümidlə baxılır. Hesab olunur ki, məhz "Cənub Qaz Dəhlizi" ilə Avropada Rusiyanın enerji hegemonluğuna son qoyulacaq.
Digər tərəfdn burada o da nəzərə alınır ki, "Cənub Qaz Dəhlizi" ilə təkcə Azərbaycan yox, İran, İraq, Türkmənistan, hətta İsrail qazının nəqli gözlənir. Özü də bu layihədə liderlik bilavasitə Azərbaycana məxsusdur. Bunu regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev də xüsusi olaraq vurğuladı. Dövlət başçısı qeyd etdi ki, "Cənub Qaz Dəhlizi" bu gün ancaq Azərbaycanın liderliyi hesabına icra edilir: "Mən tam açıq deyə bilərəm ki, Azərbaycan yenə də bax bu layihənin icrası ilə bağlı liderlik keyfiyyətlərini ortaya qoymasaydı, bu layihə heç vaxt icra edilməzdi. Mən şəxsən bu layihə ilə bağlı 10-a yaxın beynəlxalq konfransda, tədbirdə iştirak etmişəm. Bu tədbirlərdə, əlbəttə ki, öz sözümü demişdim, təkliflərimi irəli sürmüşdüm. Yəni konkret danışmışdım, sadəcə olaraq formal yox, konkret nə kimi işlər görülməlidir. Qərar qəbul etdik ki, biz bunu özümüz öz gücümüzə, dost, qonşu ölkələrlə birlikdə edəcəyik və bunu edirik. Ondan sonra bu simpoziumları, konfransları keçirənlər də bizə qoşuldular, əlbəttə ki, bu da məqbul bir haldır. Biz bunu alqışlayırıq. Əməkdaşlıq formatı nə qədər çox genişlənərsə, bizim üçün bir o qədər yaxşıdır. Lakin bir daha onu demək istəyirəm ki, "Cənub Qaz Dəhlizi" bu gün ancaq Azərbaycanın liderliyi hesabına icra edilir. Bunu bu işlərlə tanış olan hər kəs təsdiq edə bilər. Təsadüfi deyil ki, Azərbaycanın bu işdə liderliyi, fəal və əsas rolu ötən ilin fevralında Bakıda keçirilən ikinci "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının yekun sənədində də göstərilib".
Hazırda məhz Azərbaycanın sayəsində tezliklə "Cənub Qaz Dəhlizi"nin vacib qollarından biri sayılan TANAP layihəsi istifadəyə veriləcək. Burada əsas məsələlərdən biri də TANAP-ın Dardanel boğazından keçəcək hissəsidir. Azərbaycan təbii qazının Türkiyəyə və buradan Avropaya nəqlini nəzərdə tutan kəmərinin Dardanel boğazından keçəcək dəniz hissəsi üzrə iki boru kəmərinin tikintisinin 2 ay müddətində aparılması gözlənir. TANAP-ın baş direktoru Saltuk Düzyolun sözlərinə görə, tikinti sahəsinə çatdırılması planlaşdırılan əsas xəttin borularının satın alınması artıq yekunlaşıb. "Boru kəməri ilə yanaşı çəkiləcək fiber-optik kabellərin alınması prosesi isə davam edir. Fiber-optik kabellərin tikinti sahəsinə cari ilin iyul-avqust aylarında çatdırılması planlaşdırılır". Düzyol bildirib ki, TANAP-ın dəniz hissəsində istifadə ediləcək avadanlıqların quraşdırılması üzrə hazırlıqlar başa çatdırılıb: "Boruların çəkilməsi dinamik quraşdırma sisteminə malik müasir texnologiya ilə həyata keçiriləcək. İki boru kəmərinin və fiber-optik kabellərin çəkilməsi işlərinin 60 gün davam etməsi gözlənir. TANAP-ın dəniz hissəsinin tikintisi işlərinə başlanılması üçün lazımi hazırlıqlar və icazələrin alınması prosesi davam edir". Türkiyə ərazisində TANAP-ın inşası başa çatdıqdan sonra o, TAP boru kəmərinə birləşəcək. TAP-ın da tikintisi sürətlə gedir. Azərbaycan təbii qazını Avropaya çatdıracaq TAP-ın ümumi dəyəri isə 4,5 milyard avro olacaq. TAP-ın icraçı direktoru Yan Bradşou bildirib ki, buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib: "Şahdəniz" konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilin əvvəllərinə planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək". TAP-ın icraçı direktoru deyib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də Avropa İnvestisiya Bankından TAP-a avadanlıq və xidmətlərin tədarükü məsələsində maliyyə vəsaiti cəlb oluna bilər. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasil olunacaq qazın Avropaya daşınmasını təmin edəcək TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Xatırladaq ki, TAP-ın əsas səhmdarlarından biri də məhz Azərbaycandır. Bu arada isə məlum olub ki, Avropada enerji hökmranlığına malik Rusiyanın "Qazprom" şirkəti Avropaya qaz nəqli üçün "Poseydon" və TAP kəmərlərindən istifadə imkanlarını araşdırır. "Qazprom" şirkətinin İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedyev də bunu təsdiq edib və Rusiya qazının Avropaya TAP-la çatdırılma ehtimalını yüksək qiymətləndirib. Rusiya qazı TAP-la Avropaya nəql olunsa, bu, Azərbaycanın daha çox gəlir əldə etməsinə səbəb olacaq.
Nahid SALAYEV