Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması konfliktin hərb müstəvisində çözülmə ehtimalını da gedərək artırır. Artıq əksər ekspertlərin fikri bir məsələdə getdikcə daha çox uzlaşır ki, tezliklə konfliktin çözümü üçün əməli addımlar atılmasa, müharibə qaçılmaz olacaq.
Bunu ABŞ-ın "Foreign Policy Research İnstitute" analitik mərkəzinin Cənubi Qafqazla bağlı məqaləsində yer alan fikirlər də təsdiq edir. Burada qeyd olunur ki, cari il ərzində hərbi toqquşmalar risqi kifayət qədər yüksəlib: "Dağlıq Qarabağ münaqişəsinin bir çox ağrılı səbəbi var. Cənubi Qafqaz sakinləri ötən il hesab edirdilər ki, 2017-ci ildə bu münaqişə ətrafında gərginlik olmayacaq, bölgədə ümumilikdə hər şey müsbət yöndə cərəyan edəcək. Lakin pozitiv danışmaq bir qədər çətindir". Diqqət həm də ona yönəldilir ki, Cənubi Qafqaz regionunda problemlər çoxdur. Qeyd olunur ki, Azərbaycan ərazilərinin bir hissəsini işğalda saxlayan Ermənistan ümumiyyətlə çətin vəziyyətdədir: "Bu ölkənin iqtisadiyyatı daha çox Rusiyadan işçi miqrantların göndərdiyi pullardan asılı haldadır. Gürcüstanda da iqtisadi sabitlik zəifləyir. Bütün bunlarla yanaşı, regionda mürəkkəb siyasi vəziyyət hökm sürür. Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələri həll olunmamış qalır. Bu münaqişələrdə həllə yaxınlıq da görünmür".
Məqalədə bildirilir ki, Türkiyə-Rusiya yaxınlaşması ABŞ-Rusiya münasibətlərinin də həllinə yardım edə bilər: "Belə olarsa, Cənubi Qafqazın mürəkkəb siyasi mənzərəsi də aydınlaşar. Lakin unudulmamalıdır ki, ABŞ və Rusiyanın Cənubi Qafqaz uğrunda mübarizəsi heç vaxt bitməyəcək. Xüsusilə 2017-ci ildə bu mübarizə daha da qızışa bilər. Belə vəziyyət isə regionda həll olunmamış münaqişələrin alovlanmasına səbəb ola bilər. Alovlanmaq ehtimalı olan əsas münaqişə Dağlıq Qarabağdır. Burada müharibə qəfil başlaya, baş verə biləcək mümkün toqquşma isə ABŞ və Rusiyanı da üz-üzə qoya bilər". Amma o da istisna olunmur ki, böyük ölkələrin, o cümlədən Rusiya və ABŞ-ın əməkdaşlığı şəraitində Qarabağ münaqişəsi çözümünü tapa bilər. Amma bu əməkdaşlıq olmayacağı halda münaqişənin alolanma ehtimalı da yüksək olaraq qalacaq. Qeyd edək ki, Britaniya jurnalisti və Qafqaz məsələləri üzrə ekspert, Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş "Qara Bağ" kitabının müəllifi Tomas de Vaal da bu günlərdə "Carnegie Europe" saytında dərc olunmuş məqaləsində 2017-ci ildə Qarabağda müharibə təhlükəsinin daha da artdığını bildirib. O yazır ki, hər yaz Qarabağ münaqişəsini izləyən politoloq və ekpsertlər belə bir sual verir: "Müharibə olacaqmı?" Bu il onlar xüsusilə bədbindir. 2016-cı il bu mənada pis il olub. 2017 daha pis il ola bilər". Britaniyalı ekspert yazır ki, Azərbaycan 2016-cı ilin aprelində müəyyən ərazilərini geri qaytara bilib, lakin bunun psixoloji təsiri qat-qat böyük olub: "Azərbaycanda aprel hadisələrindən sonra vətənpərvərlik hissləri, münaqişənin hərbi yolla həllinə ümidlər artıb". "WIN/Gallup International" tərəfindən dünyanın 64 ölkəsində aparılan qlobal sorğu zamanı isə məlum olub ki,
Azərbaycan vətəndaşlarının 85 faizi öz Vətəni uğrunda döyüşməyə hazırdır. Ümumilikdə respondentlərin 61 faizi ölkəsi uğrunda döyüşməyə hazır olduğunu, 27 faizi isə döyüşməyə hazır olmadığını bildirib. Vətəndaşları uğrunda döyüşməyə hazır olan ölkələr daha çox Yaxın Şərq və Şimali Afrikada (83 faiz), Qərbi Asiyada (82 faiz), ən az isə Qərbi Avropa (25) regionundadır. Sorğunun nəticələrinə görə, azərbaycanlıların 85 faizi Vətən uğrunda döyüşməyə hazırdır. Azərbaycanlılar ölkəsi uğrunda döyüşməyə hazır olan xalqlar sırasında 6-cı yerdə qərarlaşıb. Gürcülər 76 faizlik göstərici ilə 9-cu, ermənilər 72 faizlik göstərici ilə 15-ci yerdə qərarlaşıb. Bütün bunlar Azərbaycanın, ermənilərdən fərqli olaraq, müharibəyə tam hazır olduğunu göstərir. Digər tərəfdən, onsuz da cəbhədə hər toqquşma erməni tərəfinin itkisini artırır. Təkcə aprel hadisələri zamanı döyüşlərdə 320-dən artıq düşmən məhv edilib və 500-dən artıq erməni hərbi qulluqçusu yaralanıb. Hazırda aprel döyüşləri zamanı ağır yaralanan 150 nəfərədək erməni hərbi qulluqçusunun Ermənistanın müxtəlif hərbi tibb müəssisələrində və bir sıra xarici ölkələrdə müalicəsi davam edir. Onu da əlavə edək ki, cari ilin yanvar ayı ərzində Ermənistan silahlı qüvvələrinin itkilərinin sayı artıq 10 nəfəri keçib.
Nahid SALAYEV