"Miyatoviç bunu media azadlığı ilə əlaqələndirməkdənsə, yaxşı olardı ki..."
Rəsmi Bakının tələbi ilə Belarusun paytaxtı Minskdə həbs olunan Rusiya, İsrail və Ukrayna vətəndaşı olan blogger Aleksandr Lapşinin məsələsinin necə nəticələnəcəyi ictimaiyyətin diqqət mərkəzindədir. Qeyd edək ki, artıq Lapşin Azərbaycan Prezidenti İlham Əliyevə üzrxahlıq ərizəsi yazıb. Blogger məktubunda öz hərəkətlərinə görə üzr istəyib və Azərbaycana qarşı səhvinin sadəlövhlükdən baş verdiyini qeyd edib.
Bunun ardınca A.Lapşinin anası Azərbaycan Prezidentinə oğlunun əfv edilməsi üçün müraciət edib. Belarus Prokurorluğu isə Lapşinin Azərbaycana ekstradisiya olunması barədə qərar verib. Lapşin qərarın ləğvi üçün Minsk Şəhər Məhkəməsinə müraciət etsə də, məhkəmə qərarı qüvvədə saxlayıb. Bundan sonra o, sonuncu və ən yuxarı instansiyaya - Belarus Ali Məhkəməsinə müraciət edib. Məhkəmə fevralın 4-də yekun qərar çıxaracaq.
Qeyd edək ki, Lapşin dəfələrlə qanunsuz olaraq Dağlıq Qarabağda olub. Buna görə Azərbaycanın "qara siyahı"sına düşüb. Ancaq ötən il o, Ukrayna pasportunda adının "Aleksandr" yox, "Oleksandr" kimi yazdıraraq saxta adla Azərbaycanın sərhədlərini keçib. Daha sonra sosial şəbəkələrdə bununla lovğalanıb.
Lapşinin məsələsi ilə bağlı Ermənistanda da böyük isterika, çaşqınlıq və pərtlik müşahidə olunmaqdadır. Gözlənir ki, məsələyə fevralın 4-də nöqtə qoyulacaq və blogger onu Minskdə gözləyən təyyarə ilə Bakıya gətiriləcək.
Bu arada diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, ATƏT-in Media Azadlığı ofisinin rəhbəri Dunya Miyatoviç Lapşin məsələsini Ermənistanın ombudsmanı ilə müzakirə edib və yaranan vəziyyətdən narahat olduğunu bildirib. Maraqlıdır, Miyatoviç bu məsələni Azərbaycanla müzakirə etmək əvəzinə, Ermənistanla edir. Bunun səbəbi nədir və nə dərəcədə doğrudur?
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, Miyatoviçin bu addımı məntiqsizdir: "Əvvəla Lapşinin ekstradisiyası barədə verilən qərar doğru addım idi. Yəni əsas məsələ onun Bakıya gətirilməsidir. Bu məsələnin hüquqi, siyasi və mənəvi yükü Azərbaycan sərhədlərini pozan, ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan davranışlara yol verən bu şəxsin Azərbaycana gətirilməsidir. Lapşin Azərbaycana gətirilsə, bu, Dağlıq Qarabağa qanunsuz səfər edənlərə dərs olacaq. Anlayacaqlar ki, buna görə onlar məsuliyyətə cəlb olunacaq. Qaldı ki, Miyatoviçin Ermənistan ombudsmanı ilə görüşməsinə, bunun heç bir əsası yoxdur. Miyatoviç bunu media azadlığı ilə əlaqələndirməkdənsə, yaxşı olardı ki, onun qanunları pozmasına və davranışlarına diqqəti yönəltsin. Bununla bağlı müzakirə aparılası tərəf Azərbaycandır, Ermənistan deyil".
Vidadi ORDAHALLI