"Şübhəsiz ki, bundan sonra həm "Transxəzər", həm də digər enerji layihələri o prinsipə uyğun həyata keçirilə bilər"
Məlum olduğu kimi, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun Bakıda keçirlən 48-ci iclasında kommünike qəbul edilib. İclasa sədrlik edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Xəzəryanı ölkələrin dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində əsas razılaşmalar mövqelərin əhəmiyyətli dərəcədə yaxınlaşdırılması və ciddi nəticələrin əldə olunması üçün əlverişli şərait yaradır.
X.Xələfov qeyd edib ki, konvensiya layihəsinin bütün təməl müddəalarının razılaşdırılmasının yekunlaşdırılması üzrə növbəti sammitin keçirilməsi Xəzəryanı dövlətlərin gələcək qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi əsasın yaradılması məqsədi daşımalıdır.
İclasda konvensiyanın suverenlik, yurisdiksiya, təhlükəsizlik, ərazi suları və balıqçılıq zonalarının müəyyənləşdirilməsi, əsas xətlərin müəyyənləşdirilməsinin metodologiyası, dənizin dibinin və yerin təkinin bölüşdürülməsi, hərbi gəmilərin ərazi sularından keçməsi, həmçinin, kabel və boru kəmərlərinin çəkilməsinə aid olan müddəalar müzakirə olunub və razılaşdırılıb.
Beləliklə, verilən rəsmi açıqlamalardan bəlli olur ki, Xəzərin hüquqi status problemi nəhayət həllini tapa bilər. Amma buna qədər də Bakı iclasında artıq mühüm məqamlar razılaşdırılıb. Onlardan biri də kabel və boru kəmərlərinin çəkilməsinə aid olan müddəaların razılaşdırılmasıdır. Bu məqam hazırda Bakı və Aşqabad üçün daha mühüm əhəmiyyət kəsb edir. Çünki artıq bu, "Transxəzər" qaz kəmərinin çəkilişini həyata keçirməyə imkan verir.
Maraqlıdır, bəs ekspertlər necə düşünür?
Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, sözügedən razılaşma bu yöndə müsbət irəliləyiş hesab oluna bilər: "Xəzərlə bağlı işçi qrupu səviyyəsində razılaşma əldə olunub. Bu amillər, şübhəsiz ki, müvafiq konvensiyada öz yerini tutacaq və ondan sonra rəsmi sənədə çevriləcək. İndiki halda ümumi razılaşmanın əldə olunması müsbət qiymətləndirilməlidir. Ümumiyyətlə, bu razılaşmanın əldə olunması üçün də, prinsip etibarilə, heç bir maneə yox idi. Çünki artıq oxşar kəmərlər Baltik dənizi və Qara dənizin dibi ilə çəkilir. Beynəlxalq hüquq rezin deyil ki, onu istənilən tərəfə çəkəsən. Beynəlxalq hüquq hamıya eyni şəkildə tətbiq olunmalıdır. Nəzərə almaq lazımdır ki, Xəzər qapalı su hövzəsidir. Qapalı su hövzələri haqqında beynəlxalq konvensiyalara uyğun olaraq, suyun təki sərhədyanı ölkələrin çıxıntılarından hesablanaraq ortaq xətt üzrə müəyyənləşdirilir. Dünyada bununla bağlı bir çox analoji konvensiyalar var. Xəzərin statusu ilə bağlı müvafiq konvensiya da həmin sənədlərə uyğun olaraq həyata keçirilməlidir. Azərbaycanın bu məsələdə mövqeyi hər zaman açıq olub. Azərbaycan Xəzərin sülh dənizi olmasını və bütün sərhədyanı dövlətlərin Xəzərin resurslarından müvafiq beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq istifadə etməsinin tərəfdarı olub. İndiki şəkildə əldə olunan razılaşmanın da konvensiyada öz əksini tapacağına ümid bəsləyirik. Şübhəsiz ki, bundan sonra həm "Transxəzər", həm də digər enerji layihələri o prinsipə uyğun həyata keçirilə bilər".
Vidadi ORDAHALLI