“Azərbaycan prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımları dəstəkləyirik. Azərbaycanın çəkdiyi ağrılara, üzləşdiyi faciələrə acıyırıq”. Bunu APA-ya açıqlamasında Moldova parlamentinin Xarici əlaqələr və Avropaya inteqrasiya komissiyasının sədr müavini, deputat Sergi Stati bildirib.
”ATƏT-in Minsk qrupunun fəaliyyətini aktiv olması şərti ilə dəstəkləyirik”, - deyə o vurğulayıb.
S. Stati hazırda Moldova parlamentində Xocalı soyqırımı ilə bağlı hər hansı sənədin müzakirə olunub-olunmaması ilə bağlı qəti fikir bildirməsə də, vurğulayıb ki, Moldova bu məsələdə Azərbaycanın səylərinə dəstək verir və müxtəlif beynəlxalq qurumlarda bundan sonra dəstəyini davam etdirəcək: “Bütün hallarda Xocalıda azərbaycanlıların başına faciə gəlib və biz bunu bilirik. Buna hüquqi qiymətin verilməsi vacibdir. Xocalı elə bir hadisədir ki, təkrarlanmaması üçün ona hüquqi qiymət verilməlidir. Şəxsən biz azərbaycanlı həmkarlarımızla birgə bu məsələni beynəlxalq təşkilatlarda qaldırmağa hazırıq”.
S. Stati Azərbaycan-Moldova parlamentlərarası əlaqələrin güclü olduğunu da bildirib: “AŞPA, GUAM PA və ATƏT PA-da sıx əməkdaşlığımız var. Digər çərçivələrdə də əlaqələrimiz var. Hər iki ölkənin parlamentində dostluq qrupları yaradılıb və fəaliyyət göstərir”.
Deputat Moldovada azərbaycanlıların fəallığından də danışıb: “Bizim ölkənin iqtisadi, ictimai həyatında azərbaycanlıları çox aktivdir. Təəssüf ki, hazırda parlamentimizdə milliyyətcə azərbaycanlı yoxdur, amma Moldovada buna layiq azərbaycanlılar çoxdur və onların seçilmək istəyi istəyi olsa, bundan məmnun olarıq”.