"Bunların hamısı gələcək məqsədlər üçün hədəflənmiş addımlardır"
Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynadakı konflikt və Şimali Qafqazdakı terrorçuların fəaliyyəti ilə əlaqədar Cənub Hərbi Dairəsinin qoşunlarının gücləndirilməsi haqqında əmr verib. Bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Nazir Cənub Hərbi Dairəsinin yeni silahlarla təchiz edilməsini də əmrində vurğulayıb.
Qeyd edək ki, Cənub Hərbi Dairəsi 2010-cu ildə formalaşdırılıb. Bu dairənin məqsədi Rusiyanın cənub-qərb sərhədlərini, xüsusilə Şimali Qafqazı müdafiə etməkdir. Cənub Hərbi Dairəsinin tərkibinə Şimali Qafqazdakı bütün növ qoşun birlikləri ilə yanaşı, Xəzər, Qara dəniz donanmaları, Ermənistan, qondarma Cənubi Osetiya və Abxaziyadakı Rusiya hərbi bazaları daxildir. Cənub Hərbi Dairəsi NATO-nun şərqə doğru genişlənməsi ilə əlaqədar 2013-2016-cı illərdə yeni texnikalarla təchiz edilməyə başlanıb. Bununla əlaqədar Şimali Qafqaz və Ermənistanda "İsgəndər-M" raketləri yerləşdirilib.
Şoyqunun Qafqazdakı ordunu gücləndirməklə bağlı verdiyi əmrin başqa hansı açıqlanmayan hədəfləri ola bilər?
Hərbi ekspert Üzeyir Cəfərov qəzetimizə açıqlamasında bildirdi ki, Rusiyanın bu addımı müxtəlif bəhanələrlə ört-basdır etməsi inandırıcı görünür: "Son dövrlər Rusiyanın sistemli olaraq Qafqazdakı ordu birləşmələrinə böyük diqqət ayırması və bunun fonunda həmin qoşun növlərini ən müasir silahlarla təchiz etməsi ciddi məqsədlərdən xəbər verir. Bundan əvvəl Ermənistanda dislokasiya olunan 102-ci bazaya ən müasir silahlar verildi. Ardınca Xəzər Donanmasının gücləndirilməsilə bağlı Putin fərman imzaladı. Bu istiqamətdən Rusiyaya hansı təhdid ola bilər? Təbii ki, yoxdur. Şimali Qafqaza gəldikdə isə, oradakı terrorçuların hücumları əvvəlki illərdəki kimi deyil. Arada kiçik insidentlər qeydə alınır ki, bunun da qarşısının ordu birləşmələrilə alınmasına ehtiyac duyulmur. Nə qədər qəribə səslənsə də, mən Rusiyanın bu arqumentinə inanmıram. Bunların hamısı gələcək məqsədlər üçün hədəflənmiş addımlardır. Həmin hədəflər də Rusiyanın Qafqazdakı gələcək maraqlarının təmin olunmasına yönəlib".
Məhəmmədəli QƏRİBLİ