ABŞ-da Donald Trampın hakimiyyətə gəlişindən sonra Rusiya ilə Vaşinqton arasında ziddiyyətlərə son qoyulacağı gözlənirdisə, son proseslər bunun heç də rəvan olmayacağını göstərir. Belə görünür ki, ABŞ-da müəyyən qüvvələr və digər NATO ölkələrinin böyük əksəriyyəti ABŞ-Rusiya qarşıdurmasının dərinləşməsində, hətta müharibə həddinə çıxmasında maraqlıdır.
Barak Obama dövründə əsası qoyulan bu siyasəti hələ də Vaşinqtonda davam etdirmək istəyən qüvvələr mövcuddur. Əsas ziddiyyət və bəlkə də mümkün döyüş meydanı kimi isə Baltikyanı ölkələr seçilib. Belə ki, Birləşmiş Ştatlar Rusiyanın təcavüzünə qarşılıq olaraq NATO-nun müdafiəsini gücləndirmək məqsədilə Baltikyanı dövlətlərdə çoxminlik qoşunun yerləşdirilməsini rəsmiləşdirmək üçün Estoniya və Litva ilə əməkdaşlıq sazişləri imzalayıb. Estoniya, Latviya, Litva və Polşaya dörd çoxmillətli batalyon yerləşdirilir.
Müdafiə əməkdaşlığına dair razılıqlar Birləşmiş Ştatların Estoniya və Litvadakı qanuni statusunu idarə edəcək. Bu, "soyuq müharibə" bitəndən bəri NATO-nun Rusiya sərhədlərində ən böyük gücləndirmə aktının bir hissəsidir. Sərhədin digər tərəfində isə bundan daha çox Rusiya qoşunu yerləşdirilib. Britaniyalı ekspert Conatan Eyal yaranmış durumda Rusiya ilə qarşıdurmanı tamamilə mümkün sayır: "Baltikyanı ölkələrdən biri işğal olunduğunda, hər biri eyni aqibəti yaşaya bilər. Ona görə də, bu ölkələrdən hər hansı biri işğal olunsa, bütün NATO ölkələri buna cavab verəcək". Hazırda Birləşmiş Ştatlar Baltikyanı ölkələrə 6 min qoşunla birlikdə tanklar, ağır silahlar və təyyarələr göndərir. ABŞ həm də NATO-nun Polşada yerləşdirilən batalyonuna başçılıq edəcək. Bundan əlavə, məlumdur ki, ABŞ xüsusi təyinatlı qüvvələrinin onlarla hərbçisi xəlvətcə Baltik ölkələrinin ərazisində yerləşdirilib. Onların vəzifəsi Latviya, Litva və Estoniyanın xüsusi təyinatlı qüvvələrini mümkün Rusiya hərbi müdaxiləsinə qarşı hazırlamaqdır.
"The New York Times" qəzeti bu xüsusda yazır: "ABŞ xüsusi təyinatlı qüvvələrinin onlarla hərbçisi başının üstünü Rusiya təhlükəsi almış bu ölkələrin qoşunlarının hazırlığını və qətiyyətini möhkəmləndirmək məqsədilə yerləşdirilib. Habelə məqsəd amerikalılar tərəfindən Moskvanın keçmiş sovet respublikalarında qarışıqlıq yaratmağa yönəlmiş gizli səylərini aşkar etməkdir. Onlar Rusiyadan ölümünə qorxurlar və bunu qətiyyən gizlətmirlər". Pentaqonun xüsusi təyinatlı qüvvələr komandanlığının rəhbəri, general Raymond Tomasın sözlərinə görə, Amerika desantçıları Baltik respublikalarında daimi əsasla yerləşdirilib, onlar region ölkələrinin xüsusi təyinatlı qüvvələri ilə birgədir. Amerikalılar özləri ilə müasir kəşfiyyat-izləmə vasitələri, kəşfiyyat məlumatlarının əldə edilməsi üçün geniş imkanlara malik vasitələr də gətiriblər. Qəzet yazır ki, Ukraynada baş verənlərdən sonra Baltik ölkələrinin Rusiyadan qorxusu artıb. Kəşfiyyat məlumatları göstərir ki, Rusiya Kalininqrad vilayətində çoxsaylı müasir texnika, iri qoşun birləşmələri yerləşdirib. Hesab edilir ki, Donald Tramp Baltik ölkələrində güclənmək siyasətinə dəyişiklik etməsə, Rusiya ilə qarşıdurma qaçılmaz olacaq. İndilikdə isə, NATO-nun sərhədlərində güclənməsinə cavab olaraq, Rusiya Polşa və Litva ilə sərhəd olan Kalininqrada minlərlə qoşun və nüvə başlığı daşımaq imkanlarına sahib "İsgəndər"raketlərini göndərib.
Rusiyanın Kalininqrad vilayətində "İsgəndər" raketlərinin ardınca "Bastion" sahil raket diviziyonunu yerləşdirməsi də Qərbdə rusların aqressiv hərbi planları ilə bağlı narahatlıqları artırıb. "Bastion" raket kompleksləri 600 kilometr boyu dəniz sahilini mühafizə etmək, müxtəlif tipli gəmilərə, o cümlədən təyyarədaşıyan gəmi qruplaşmasına raket zərbələri endirmək üçün nəzərdə tutulub. Bir "Bastion" kompleksi "Oniks" tipli 36 raketə malikdir. Həmin komplekslər Rusiya hərbi sənayesinin ən yeni nümunələrindən biridir və silahlanmaya təzəliklə qəbul edilib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Kalininqrad vilayətində S-400 zenit-raket komplekslərinin də yerləşdirildiyini, Baltik donanmasının isə dəniz hədəflərinə qarşı "Bal" raket kompleksləri ilə təchiz edildiyini açıqlamışdı. Bunlar ABŞ-ın Rumıniya ərazisində yerləşdirdiyi raketdən müdafiə sistemini də sıradan çıxarmaq imkanlarına malikdir. Rusiyanın Kalininqrdda yeni raket kompleksləri yerləşdirməsinə NATO artıq reaksiya verib. Alyansın yaydığı bəyanatda Rusiyanın "Bastion" komplekslərini yerləşdirməsi gərginliyi artırmağa xidmət edən addım kimi qiymətləndirilir. NATO bildirir ki, bu, Rusiyanın aqressiv hərbi strategiyasının bir hissəsidir.
Analitiklərə görə, Rusiya bir-birinin ardınca Kalininqradda, NATO-nun qərb sərhədlərində özünün ən yeni raket sistemlərini yerləşdirməsi üçün çox münasib zaman seçib. Bu, o dövrə təsadüf edir ki, Donald Trampın Avropa ilə bağlı hansı siyasət yürüdəcəyi hələ məlum deyil. Çoxları narahatdır ki, Trampın prezidentliyi NATO-nun dağılması ilə nəticələnəcək. Tramp administrasiyası Rusiya ilə anlaşsa və Şərqi Avropada NATO qüvvələrinin artırılması planlarını dayandırsa, bu, Putinin daha bir geosiyasi qələbəsi olardı. Əks halda tərəflər arasında artan ziddiyyət dünyanı dəhşətli müharibəyə sürükləyəcək.
Nahid SALAYEV