Azərbaycan ərazilərinin hələ də bir hissəsini işğal altında saxlayan Ermənistanda aprel seçkiləri yaxınlaşdıqca siyasi fəallıq da artır. Bu fəallıq həm də hakimiyyət daxilində ciddi ziddiyyətlərin yaranması ilə müşayiət olunur. Belə görünür ki, əsas ziddiyyət prezident Serj Sarkisyanla baş nazir Karen Karapetyan arasında qeydə alınır.
Bu ilin aprelinə qədər tərəflər arasında ziddiyyətlərin daha da dərinləşməsi gözlənir. Hazırda prezident Karen Karapetyanı istefaya göndərməyə çalışır. Serj Sarkisyan onun fəaliyyətindən narazı qaldığını, bu təyinatla böyük səhvə yol verdiyini deyib. Baş nazirin yerinə yeni müdafiə naziri Vigen Sarkisyanın gətirilməsi nəzərdə tutulur. "Joxovurd" qəzeti yazır ki, Karapetyan vəzifəyə gətirildiyi gündən Sarkisyan rejimini parçalamaqla məşğuldur. Bu da cinayətkar rejimi ciddi narahat etməyə başlayıb. "Jamanak" qəzeti də eyni iddianı bölüşür. Nəşrə görə, Serj Sarkisyan üçün baş nazir postuna ən uyğun və mümkün namizəd məhz Vigen Sarkisyandır. Bildirilir ki, məhz bu səbəbdən Vigen Sarkisyanın adı parlament seçkilərində Ermənistan Respublika Partiyasının siyahısında birinci olacaq. Qəzetin iddiasına əsasən, prezident səlahiyyətlərinin bitəcəyi 2018-ci ilin aprelinə qədər Ermənistanda müxtəlif aksiyalar təşkil olunacaq və xalq Serj Sarkisyana "minnətçi düşəcək" ki, hökumətə başçılıq etsin, yəni baş nazir olsun. Bu vəzifədə onun məhz Vigen Sarkisyanı əvəz edəcəyi gözlənir. Amma Moskvadan dəstək alan Karapetyan Sarkisyanın planlarının həyata keçməsində əsas maneədir.
Ermənistanın "Aykakan jamanak" qəzeti bu fonda yazır ki, Rusiya Serj Sarkisyanı Karen Karapetyanla dəyişdirir. Qəzet Ermənistan baş nazirinin Rusiyaya səfərinə diqqət çəkərək, bunun son 10 ildə ilk hadisə olduğunu qeyd edib: "Karapetyanı Moskvada fəxri qarovul qarşıladı. Bu, əlbəttə ki, prosedur qaydası idi, çünki Karapetyan Moskvaya rəsmi səfərə getmişdi. Lakin diqqətçəkən məqam odur ki, son 10 ildə Ermənistanın heç bir baş naziri Rusiyaya rəsmi səfərə getməyib. Sonuncu dəfə baş nazir kimi Serj Sarkisyanın özü 2007-ci ildə Moskvaya rəsmi səfərə getmişdi. Daha sonra o prezident oldu və prezidentliyi dövründə heç kimə bunu etməyə icazə vermədi. Hətta Putin və Medvedyevlə isti münasibətlərə malik olan Tiqran Sarkisyan belə bunu edə bilməmişdi. Sarkisyan bununla göstərirdi ki, Rusiya ilə bağlı məsələlərdə qərarları yalnız özü verir. Karen Karapetyan isə, faktiki olaraq, bu tabunu dağıtdı. Onun bu səfəri göstərir ki, Rusiya Ermənistandakı aparıcı rolu Karapetyana verir".
Qəzet qeyd edir ki, Rusiya Karapetyanı həm də Sarkisyana alternativ yaradır: "Sarkisyan nə vaxtsa çərçivəni aşarsa, onu dərhal Karapetyanla əvəzləyəcək. Əslində Karapetyanın Ermənistana gəlişi və baş nazir postuna təyin olunması ilə Rusiya öz əlində alternativ yaratdı".
Qeyd edək ki, Karen Karapetyan Ermənistana baş nazir təyin olunması ərəfəsində "Qazprom"da işləyirdi.
Karapetyanın gəlişilə Putinin Sarkisyana alternativ yaratması ehtimalları yeni deyil. Bir müddət öncə rusiyalı politoloq Vadim Dubnov Karapetyanın təyinatını Moskvanın gələcək planları ilə bağlı olduğunu açıqlamışdı. Bu planların tərkib hissələrindən biri də Qarabağ məsələsilə bağlıdır. Moskva Ermənistan iqtidarına öz istəklərini qəbul etdirmək üçün özünə daha loyal şəxsin hakimiyyətdə olmasını istəyir. Sarkisyan bu missiyanın öhtəsindən gələ bilmədiyi üçün indi Karapetyanla əvəzlənir. Rusiya Ermənistanda öz yanaşmasını dəyişir. Digər tərəfdən məlumdur ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) daxilində baş verənlərdən də narahatdır. Qurum daxilindəki vəziyyət Kremlin ürəyincə deyil və ruslara görə, buna səbəb olan faktorlardan biri məhz Bakıdır. Məlumdur ki, KTMT-nin yeni baş katibi Ermənistan nümayəndəsi olacaqdı. Lakin ötən ilin oktyabrında İrəvanda keçirilən toplantıya Qazaxıstan prezidenti Nursultan Nazarbayev "müəmmalı xəstəliyinə" görə getmədi və təyinat baş tutmadı. Hələ o vaxt məlum idi ki, Nazarbayev məhz Qarabağ məsələsinə görə təşkilatın rəhbərinin erməni olmasını istəmir. Növbəti toplantı yenə ötən ilin 26 dekabrında Sankt-Peterburqda baş tutdu. Bu dəfə Belarus prezidenti Aleksandr Lukaşenko, ölkəsində gözlənilən "çevriliş təhlükəsini" əsas gətirərək, rus torpaqlarına gəlmədi və erməni baş katibin təyinatı təxirə salındı. Moskva bilir ki, Qarabağ məsələsi həll olunmayınca Bakı bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Eyni zamanda Bakı ilə Avrasiya İttifaqı məsələsində də anlaşmaq mümkün olmayacaq. Bakı ilə anlaşmaq üçün Qarabağ məsələsi həll olunmalıdır və bunun ən yaxşı yollarından biri Rusiyanın diqtəsilə hərəkət edən qüvvənin Ermənistanda hakimiyyətə gəlməsidir.
Nahid SALAYEV