"Ölkədəki işsizlik, aclıq insanların ölkəni tərk etməsini daha da sürətləndirir"
Ermənistanın baş naziri Karen Karapetyan Moskva səfərindən ölkəsinə "əliboş" dönüb. Söhbət Ermənistanda investisiya fondunun yaradılmasından gedir. Məsələ ondadır ki, Ermənistan baş nazirinin investisiya fondu yaratmaq haqqında təklifinə cavab olaraq, Medvedyev, sadəcə, bu fondun tədqiq edilməsinə razılıq verib. Medvedyev, həmçinin, Karapetyana pulla bağlı heç bir söz deməyib.
Erməni jurnalist Naira Ayrumyanın "Lragir.am" saytında dərc olunan məqaləsində qeyd olunur ki, Rusiyadan seçkidən öncəki dövrdə investisiyalar gözləmək çətin idi: "Üstəlik, Rusiyanın Ermənistanın siyasi mühiti ilə bağlı heç bir problemi yoxdur və bunun üçün də hakimiyyət və ya müxalifəti investisiyalarla dəstəkləməyə ehtiyac görmür. Ona görə də K.Karapetyanın gözləntilərinin heç bir siyasi əsası yox idi. Medvedyev Ermənistana dedi ki, pul yoxdur, amma siz səbr edin. Moskva Ermənistanı xaric hesab etməyi dayandırdı, amma qarşılığında yenə də pul vermədi".
Nəzərə alınsa ki, ötən illərlə müqayisədə 2016-cı ilin nəticələrinə görə Ermənistana investisiya qoyuluşunda kəskin eniş qeydə alınıb, bu təklifin İrəvan üçün hansı əhəmiyyət kəsb etdiyi bəlli olar. O üzdən, bu il iqtisadi baxımdan vəziyyət Ermənistan üçün daha çətin olacaq. Artıq Rusiya da iqtisadi baxımdan Ermənistanı himayə etməkdən bezib. Məsələyə münasibət bildirən millət vəkili, politoloq Aydın Mirzəzadənin sözlərinə görə, əslində, Ermənistan bu gün Rusiya üçün ağır bir yükdür: "Ermənistana kredit vermək, onların bütün işlərini bu günə qədər həll etmək Rusiya üçün müəyyən qədər yükdür. İki ölkə arasında birgə investisiya fondu yaratmaq üçün Ermənistanın heç bir iqtisadi potensialı yoxdur. Ermənistanın hansı iqtisadi potensialı var ki, Rusiyaya investisiya qoysun? Ona görə də bununla bağlı vəsait ayrılmayıb. Söhbət ondan gedir ki, Rusiya Ermənistana müəyyən qədər yatırımlar etməklə, Ermənistandan əhalinin köçməsinin qarşısını almaq istəyir. Çünki Ermənistan əhalisi durmadan ölkəni tərk edir. Ölkədəki işsizlik, aclıq insanların ölkəni tərk etməsini daha da sürətləndirir. Digər tərəfdən, necə hərəkət edəcəklər, hansı işləri görəcəklər, daha nələri ümumi hala gətirəcəklər, bu məsələ qətiyyən Azərbaycanı narahat etmir. Onsuz da Ermənistan özünü müstəqil dövlət kimi tanıda bilmir. Ermənistanın nə iqtisadi, nə də siyasi potensialı elə böyük deyil ki, onlar Rusiyaya inteqrasiya etməklə rusları daha da gücləndirsin".
Vidadi ORDAHALLI