"Tam vizasız gediş-gəlişin təmin olunması da görmək istədiyimiz yeniliklər sırasındadır"
Yanvarın 24-də Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin fəaliyyətinin 25-ci ildönümü ilə əlaqədar qəbul təşkil edilib. Qəbulda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin tarixindən danışıb.
O əminliklə bildirib ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri həmişə davam edəcək. Ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu vurğulayan səfir deyib ki, Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü isə Türkiyənin gücüdür.
Milli Məclisin səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov ölkələrimiz arasında əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərini qeyd edib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin və mərhum prezident Süleyman Dəmirəlin səyləri nəticəsində ölkələrimiz arasında yaranmış dostluq və qardaşlıq münasibətləri bu gün qətiyyətlə davam etdirilir. Bu gün bu münasibətlərin daha da möhkəmlənməsində prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın böyük xidmətləri var.
Ə.Əmiraslanov Azərbaycanla Türkiyə arasında, digər sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin də inkişaf etdiyini, qanunverici orqanlarımızda fəaliyyət göstərən dostluq qruplarının bu işdə mühüm rol oynadığını diqqətə çatdırıb.
Türkiyə ilə Azərbaycan arasında diplomatik münasibətlərin 25 illik tarixi həm də bir hesabat xarakteri daşıya bilər. Bu illər ərzində iki ölkənin yaxınlaşması üçün nələr edildi və daha nələrin edilməsinə böyük ehtiyac duyulur?
Siyasətçi Ramiz Tağıyev qəzetimizə açıqlamasında bildirdi ki, diplomatik münasibətlərin qurulduğu dönəmdən Türkiyə ilə Azərbaycan arasında münasibətlər daim normal olub:
"Bu dövr ərzində hər iki ölkədə dəyişən hakimiyyətlərin dostluq və qardaşlıq münasibətlərinə zərrə qədər də təsiri olmayıb. Münasibətlər və bundan doğaraq görülən işlər artan dinamika üzrə cərəyan edib. Düzdür, bir neçə dəfə iki qardaş ölkə arasında nifaq salmağa cəhdlər edilib, amma təbii ki, mümkün olmayıb. İki ölkə arasında böyük ticarət münasibətləri, qarşılıqlı investisiya yatırmı var. Ən böyük enerji və infrastruktur layihələrində iki ölkə birgə təmsil olunur. Diplomatik sahədə bir-birimizin maraqlarını lazım olan səviyyədə qoruyuruq. Kəsişən maraqlarımız yoxdur. Azərbaycan Türkiyəyə, qardaş ölkə isə bizə görə ən risqli addımları belə atır. Türkiyənin Ermənistanla sərhədlərini hələ də bağlı saxlamasını buna misal çəkə bilərik. Görüləsi vacib olan iş kimi isə xaricdəki türk və azərbaycanlı diasporlarının çox sıx işləməsinin zərurliyini qeyd edə bilərəm. Əvvəllər bu sahədə vəziyyət heç də ürəkaçan deyildi. Get-gedə normallaşır, amma daha da sıx inteqrasiya zəruridir. Tam vizasız gediş-gəlişin təmin olunması da görmək istədiyimiz yeniliklər sırasındadır".
Məhəmmədəli QƏRİBLİ