Hərb cəbhəsi ilə yanaşı diplomatik sferada da Azərbaycanın düşmən Ermənistandan böyük fərqlə öndə olması danılmaz həqiqətdir. Bunu ermənilər özləri də gedərək daha çox etiraf edir. Hətta burada o da açıq vurğulanır ki, Azərbaycan Ermənistanın əsas müttəfiqi olan Rusiyanın da mövqeyinin əhəmiyyətli dərəcədə dəyişməsinə nail ola bilib.
Bu arada diqqət yönəldilən əsas məqamlardan biri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfəri çərçivəsində rus həmkarı ilə görüşüdür. Qeyd edək ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ətraflı müzakirə olunub. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində qaldırılan məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb. Elmar Məmmədyarov münaqişənin həlli üzrə Azərbaycanın mövqeyini bir daha vurğulayıb və status-kvonun dəyişdirilməli olduğunu qeyd edib. Tərəflər beynəlxalq gündəlikdə duran və qarşılıqlı maraq doğuran digər məsələlərə dair də geniş fikir mübadiləsi aparıb. Bütün bunlar isə Sergey Lavrovun bir müddət əvvəl Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığına dair səsləndirdiyi fikirlərdən sonraya təsadüf edir. İrəvanda hesab olunur ki, Azərbaycan tərəfinin addımları həm Lavrovun mövqeyində korrektələrə səbəb olub, həm də Serj Sarkisyan rejiminin diplomatik uğursuzluğunu artırır. Bu xüsusda "armenianreport" saytı yazır ki, 2017-ci ilin başlanğıcında Ermənistan diplomatiyası iki dağıdıcı məğlubiyyətlə üzləşdi: "Birinci məğlubiyyət Sergey Lavrovun mətbuat konfransında səsləndirdiyi fikirlər idi. Çoxları Lavrovun Bakıya qarşı çıxış etdiyini deyir və bunu İrəvanın qələbəsi kimi təqdim edir. Halbuki, Lavrov "işğal edilmiş ərazilər qaytarılmalıdır" deməklə Ermənistanın işğalçı olduğunu elan etdi. Yəni bizim strateji müttəfiqimiz Rusiya bizi işğalçı hesab edir. Bəs Eduard Nalbandyan nə iş görür, hara baxır?! O heç nə etmir. Bizim Xarici İşlər Nazirliyimiz ağzına su alıb oturub, Lavrovun sözlərinə heç bir reaksiya vermir. Biz Azərbaycanı nümunə göstərmək istəmirik, amma buna məcburuq. Lavrovun "Qarabağ Azərbaycanın daxili işi deyil" sözlərinə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov dərhal reaksiya verdi və açıq-aşkar qəzəbini göstərdi. Göründüyü kimi, Bakı Lavrova cavab verəcək, Rusiya qarşısında öz maraqlarını müdafiə edəcək qədər cəsarətə malikdir, İrəvan isə yox".
Sayt İrəvanın diplomatiyasının ikinci məğlubiyyəti kimi Dağlıq Qarabağa qanunsuz səfər edən Rusiya və İsrail vətəndaşlığına malik Aleksandr Lapşinin həbs edilməsi hadisəsini göstərib: "Bakının tələbilə o, Belarusda həbs olundu, sonra Azərbaycan Prezidentinə üzrxahlıq məktubu yazdı. Məktubda Lapşin məsuliyyətsiz hərəkətlərinə görə üzr istəyirdi. Ermənistan isə bu məsələdə heç nə edə bilmədi və susdu. Hərçənd, hansı addımdan danışmaq olar? Nalbandyan Sarkisyanın yaxın silahdaşıdır və o, erməni siyasətində buna görə toxunulmazdır. Əsas Ermənistanın maraqlarının müdafiəsi yox, onun Sarkisyan rejiminə sədaqətidir". Bu arada xatırladaq ki, üç ölkənin (Rusiya, İsrail və Ukrayna) vətəndaşı olan Aleksandr Lapşin 2016-cı ilin dekabrında Azərbaycanın tələbilə Belarusda saxlanıb. Belə ki, 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Lapşin işğalçı rejimin beynəlxalq aləmdə təşviqatı məqsədilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərlər edib. Bundan əlavə o, 2016-cı ilin 6 aprel və 29 iyun tarixlərində Azərbaycanın ərazi bütövlüyünün əleyhinə kütləvi çağırışlar edib və işğalçı rejimin "müstəqilliyini" dəstəklədiyini bildirib. Bundan sonra Azərbaycanda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində fakta görə Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və Lapşin dövlətlərarası axtarışa verilib. Belarusun hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində Lapşin saxlanıb. Bundan sonra cari ilin əvvəllərində Azərbaycanın Baş Prokurorluğu bəyanat yayaraq Lapşinin ekstradisiyası barədə sənədləri Belarusa göndərdiyini açıqlayıb. Ötən həftə Belarusda Lapşinin Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edilib. Bunun ardınca Azərbaycanın tələbilə Belarusda tutulan bloqçu Aleksandr Lapşin Prezident İlham Əliyevə əfv xahişilə məktub göndərib. İsrailin Belarusdakı konsulu Yuliya Raçinski-Spivakova deyib ki, məktubu notarial qaydada təsdiqləyərək Prezident Administrasiyasına göndərib. Diplomat bildirib ki, Lapşinin İsraildə yaşayan anası da oğlunun bağışlanması üçün İsrail Xarici İşlər Nazirliyi vasitəsilə Azərbaycan Prezidentinə məktub ünvanlayıb. Ermənistanda isə bu vaxta qədər Lapşinin fəaliyyəti xüsusi təqdir olunurdu. Amma Azərbaycanın atdığı addımlar nəticəsində bu şəxs layiqli cəzasını almaqdadır və bu hal indi İrəvanda Azərbaycana növbəti məğlubiyyətin təzahürü sayılır.
Nahid SALAYEV