Azərbaycan dövlətinin tarixi-siyasi coğrafiyası və qədim mənbələr...

Azərbaycan tarixi, ölkəmizin tarixi-siyasi coğrafiyası ayrıca bir sahə kimi diqqəti cəlb edir. Günü-gündən inkişafa doğru gedən Azərbaycan elmi, tarixşünaslığı bu sahənin də diqqətdən kənarda qalmasına imkan vermir. Azərbaycanın tarixi-siyasi coğrafiyasının mənbələri və tarixşünaslığı haqqında tədqiqat aparan alimlər bizə olduqca maraqlı məlumatlar verir.
Tarixi "İpək Yolu"nun üstündə yerləşən vətənimizin çox keşməkeşli tarixi olub. Biz bu gün alimlərin tədqiqatlarından tariximiz, ölkəmizin tarixi-siyasi coğrafiyası barədə məlumat ala bilirik. Alimlərin bu sahədə kifayət qədər tədqiqat işi var. Azərbaycan dövlətçiliyinin, elm və mədəniyyətinin, tarixinin əsaslarından birini təşkil edən məsələlər hər zaman diqqət mərkəzində olmalıdır.
Mövzu ilə bağlı tarix elmləri doktoru, professor Vaqif Piriyev geniş araşdırma aparıb.
V.Piriyev yazır ki, göstərildiyi kimi, tarixi coğrafiya elmi çox geniş sahələri birləşdirir və bu baxımdan onun tədqiqi üçün həddən-ziyadə və müxtəlif xarakterli - tarixi, coğrafi, ədəbi, linqvistik və s. mənbələr mövcuddur: "Onların sırasında yazılı, arxeoloji, etnoqrafik, toponimik, numizmatik, epiqrafik, bədii, folklor, dil, antropoloji, təbiət elmlərinə dair məlumatlar, dəqiq elmlərin göstəriciləri və s. materiallar var. Odur ki, Azərbaycanın tarixi coğrafiyası ümumi şəkildə götürülərsə, ona dair ilk mənbələrin çoxluğu və müxtəlif xarakterli olması diqqəti cəlb edir. Azərbaycanın tarixi coğrafiyasının "Tarixi-siyasi coğrafiya" elmi istiqamətinə dair ilk mənbələrə gəldikdə isə, onların sayı və növləri heç də lazımi qədər deyil, ayrı-ayrı vaxtlarda, tarixi dövrlərdə ölkənin tarixi-siyasi coğrafiyasını əks etdirən spesifik əsərlər, xüsusi mənbələr yazılmamışdır. Bununla yanaşı, bütün dövrlərə aid ilk yazılı mənbələrdə, xüsusilə tarixi və coğrafi əsərlərdə Azərbaycanın tarixi-siyasi coğrafiyasına dair faktlara rast gəlmək mümkündür. Bəzi mənbələrdə belə faktlar cüzidirsə, digərlərində nisbətən çoxdur. Əsas vəzifə həmin mənbələrdən tarixi-siyasi coğrafiyaya aid materialların, faktların araşdırılıb üzə çıxarılması, toplanması, tərcüməsi, tədqiqata cəlb olunması və onların əsasında dövrün tarixi-siyasi coğrafiyasını öyrənməkdən ibarətdir.
Tarixi coğrafiyaya aid ilk mənbələr dövrlər üzrə fərqləndiyi kimi, yazıldığı dillərə görə də müxtəlifdir. Ən qədim mənbələr şumer, akkad, latın, yunan və s. dillərdə mövcuddur. Sonrakı dövr mənbələri isə alban, erməni, qədim fars, ərəb, orta fars, türk, rus, Avropa, gürcü və s. dillərdə meydana gəlmişdir. Azərbaycanın tarixi coğrafiyasını qonşu ölkələrin, dövlətlərin, vilayətlərin tarixi coğrafiyalarından təcrid etmək də düzgün deyil. Azərbaycan, bir vilayət, dövlət kimi, qonşu ölkələrlə, xüsusilə Qafqaz, Kiçik Asiya, Yaxın Şərq ölkələri ilə qarşılıqlı əlaqədə olmuş, buna görə də Azərbaycanın tarixi coğrafiyası ilə həmin ölkələrin tarixi coğrafiyaları arasında bir sıra oxşarlıq, eynilik, ümumilik mövcuddur. Bu oxşarlığın təzahürü ilk mənbələrin eyniliyində də özünü göstərir. Bir çox ilk mənbələr, xüsusilə qədim və antik dövr mənbələri qonşu ölkələrin tarixi coğrafiyası ilə yanaşı, Qafqazın, o cümlədən Azərbaycanın tarixi-siyasi coğrafiyası barədə faktlara malikdir. Bu baxımdan şumer-akkad dastanları ilə yanaşı, Herodotun "Tarix", Strabonun "Coğrafiya", Plutarxın "Parallel tərcümeyi-hallar", Klavdi Ptolomeyin "Coğrafiya dərsliyi", Pomponi Melanın "Yerin təsviri" və s. əsərləri diqqəti cəlb edir. Bu mənbələrdə qonşu ölkələrlə yanaşı, Atropatena və Qafqaz Albaniyasının tarixi-siyasi coğrafiyası barədə qiymətli faktlar verilir ki, məhz onların köməyi ilə diyarın həmin dövrlərdəki vəziyyəti araşdırılır. Herodotun Dərbənd keçidi, Araz çayı, Xəzər dənizi, kaspilər, utilər, Strabonun Albaniyanın ərazisi, Kür çayının mövqeyi, 26 alban tayfası, Plutarxın bir sıra toponimlər, Kür və Araz çayları, Klavdi Ptolomeyin Albaniyanın 29 şəhəri, kəndi, çayları, dağ aşırımları, Pomponi Melanın Atropatena və Qafqaz Albaniyasının çayları, dağları, adaları, bəzi tayfaları, həmçinin, Böyük Plininin Albaniyanın baş şəhərləri, albanların mənşəyi və s. barədəki məlumatı bu baxımdan əhəmiyyət kəsb edir".
Alimin yazdığına görə, qədim mənbələrdə tarixi-siyasi coğrafiyamız haqqında geniş bilgilər verilib. O yazır ki, alban Moisey Kalankatlının "Albanların tarixi" (VIII əsr), Mxitar Qoşun "Alban xronikası" (XII əsr), Gevond Vardapetin "Tarix" (VIII əsr), Gəncəli Kirakosun "Tarix" (XIII əsr) əsərləri Azərbaycanın tarixi-siyasi coğrafiyasına aid materialları ilə seçilir. Moisey Kalankatlının və Gəncəli Kirakosun Albaniyanın ərazisi barədəki faktları bu baxımdan diqqəti daha çox cəlb edir: "Son müəllifin əsərində Albaniyanın Ermənistan və Gürcüstandan ayrı olması xüsusi vurğulanır.
Ananiy Şirakatsi də əsərində Albaniyanın sərhədlərini göstərir, əyalətlərinin adını sadalayır və bildirir ki, Albaniyaya 20 mahal daxildir. Lakin onun yazdığından Albaniyanın Kürdən şimalda yerləşdiyi anlaşılır. Gevond Vardapetin əsərində də Albaniyanın VIII əsrdəki hüdudları barədə məlumat verilir.
Ərəbdilli ilk mənbələrin xronoloji çərçivəsi əsasən IX-XV əsrləri əhatə edir. Onların böyük bir qismi Xilafətin tərkibinə daxil olan ölkələrin, o cümlədən Azərbaycanın tarixi-siyasi coğrafiyası barədə faktlara malikdir. Ərəb müəllifləri - tarixçi və coğrafiyaşünas alimləri İbn Hişam (IX əsr), İbn Xordadbeh (IX əsr), əl-Yaqubi (IX əsr), İbn əl-Fəqih (IX əsr), ət-Təbəri (IX-X əsrlər), əl-Məsudi (X əsr), əl-İstəxri (X əsr), İbn Havqəl (X əsr), əl-Müqəddəsi (X əsr), əl-Biruni (XI əsr), əl-İdrisi (XII əsr), əl-Qərnati (XIII əsr), Yaqut əl-Həməvi (XII-XIII əsrlər), İbn əl-Əsir (XIII əsr), ən-Nəsəvi (XIII əsr), Zəkəriyyə əl-Qəzvini (XIII əsr), İbn Bəttutə (XIV əsr), İbn Ərəbşah (XIV-XV əsrlər), Əbdürrəşid Bakuvi (XV əsr) və başqaları öz əsərlərində bu diyarın tarixi, coğrafiyası və eləcə də tarixi coğrafiyası barədə müəyyən dəlillər, faktlar verirlər. Məsələn, İbn Hişam (IX əsr) Azərbaycandan bəhs edərək yazır: "Ora türk torpağıdır". İbn Xordadbehin Azərbaycan şəhərləri, onların arasındakı məsafə, ticarət yolları, ən-Nəsəvinin Azərbaycanın qərb sərhədləri, İbn Bəttutənin XIV əsrin ortalarında Hülakülər dövlətinin 11 hissəyə parçalanması, əl-Kufinin, əl-Bəlazurinin, İbn Xəldunun Azərbaycanda məskən salmış ərəb qəbilələri, İbn Ərəbşahın Əlincə qalası və s. barədəki məlumatları ölkənin orta əsrlərdəki tarixi coğrafiyasının araşdırılması baxımından çox əhəmiyyətlidir.
XI-XII əsrlərdən başlayaraq ərəbdilli mənbələr öz mövqeyini tədricən farsdilli mənbələrə verir. Bu hal fars dilinin inkişafı, mədəniyyət, elm, siyasət dili statusu kəsb etməsi ilə əlaqədardır. Fars dilində yazılmış tarixi və coğrafi əsərlər müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın tarixi-siyasi coğrafiyasına dair maraqlı faktlarla zəngindir. Onların bəziləri bu baxımdan xüsusilə fərqlənir".
V.Piriyev yazır ki, Ravəndinin "Rahət əs-südur və ayət əs-sürur" (XI-XII əsrlər), anonim "Əcaib əd-dünya" (XIII əsr), Rəşidəddinin "Came ət-təvarix", "Mükatibat" (XIII-XIV əsrlər), Həmdullah Qəzvininin "Nüzhət əl-qulub", "Zeyl-e tarix-e qozide" (XIV əsr), Şərəfəddin Əli Yəzdinin "Zəfərnamə" (XIV-XV əsrlər), Hafiz Əbrunun "Zübdət üt-təvarix" (XV əsr), Həsən Rumlunun "Əhsən ət-təvarix" (XV əsr), Əbdürrəzzaq Səmərqəndinin "Mətlə' üs-sə'deyn" (XVI əsr), İsgəndər Münşinin "Tarix-e alam aray-i Abbasi" (XVII əsr), A.A.Bakıxanovun "Gülüstani-İrəm", Mirzə Camal Qarabağinin "Qarabağ tarixi" (XIX əsr), "Qarabağnamələr" və s. mənbələr həmin qəbildəndir.
"Azərbaycanın tarixi-siyasi coğrafiyası baxımından XVI əsrin sonunda və XVIII əsrin 20-ci illərində türk dilində tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri", "Naxçıvan sancağının müfəssəl dəftəri", "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri", "Tiflis əyalətinin müfəssəl dəftəri "Ərdəbil livasının müfəssəl dəftəri" və başqa qəbildən olan məlumat kitabları böyük əhəmiyyət kəsb edir. Onların hamısı son vaxtlarda Azərbaycan dilində nəşr olunaraq elmi ictimaiyyətin istifadəsinə verilmişdir. İki nüsxədə tərtib olunmuş bu dəftərlərdə adı çəkilən bölgələrin həmin dövrlərdəki ərazisi, inzibati bölgüsü, yaşayış məskənləri, kəndləri müfəssəl şəkildə şərh olunur və diyarın əhalisi, gəlirləri göstərilir.
Məlum olduğu kimi, son orta əsrlərdə Avropanın bir çox ölkələrindən müxtəlif səviyyəli şəxslər - dövlət xadimləri, diplomatlar, səfirlər, səyyahlar, tacirlər və s. Şərq ölkələrinə gəlmişlər və gəzdikləri, gördükləri yerlər barədə xatirələrini qələmə almışlar. Onların bəziləri Azərbaycanda da olmuşdur. Alessandri Vinçesso, Adam Oleari və başqalarının xatirələrində, gündəliklərində Azərbaycanın tarixi-siyasi coğrafiyası barədəki qeydlər diqqəti cəlb edir. Məsələn, Alessandri Vinçesso 1572-ci ildə Səfəvilər dövləti haqqında hazırladığı hesabatda dövlətin inzibati quruluşu barədə qiymətli məlumat verir. Alman alimi Adam Olearinin (XVI əsr) xatirələrində də Səfəvilər dövlətinin inzibati quruluşundan bəhs olunur. İohann Şiltberqerin (XIV əsr) Qafqazın vilayətləri, şəhərləri, İohann de Qalonifontibusun (XV əsr) Qafqazda yaşayan xalqlar, Oruc bəy Bayatın ispan dilində yazılmış hekayələrində (1604) qızılbaş tayfaları və s. barədəki qeydləri Azərbaycanın tarixi-siyasi mənzərəsinin araşdırılmasında çox qiymətlidir.
Cənubi Qafqazın, eləcə də Şimali Azərbaycanın Rusiyanın nüfuz dairəsinə keçməsi tarixi coğrafiyaya dair mənbələr sırasında rusdilli ədəbiyyatın meydana gəlməsinə və tədricən çoxalmasına səbəb oldu. Bilindiyi kimi, Çar Rusiyası Qafqaza meyl saldığı ilk vaxtlardan başlayaraq ayrı-ayrı bölgələrin coğrafi mövqeyi, təsərrüfatı, əhalisi, adət-ənənələri, mədəniyyəti, inzibati bölgüsü, yaşayış məskənləri, iqlimi, maddi nemətləri və s. barədə dəqiq araşdırmalar aparmışdır. Qafqaz arxeoloji komissiyası tərəfindən toplanmış xüsusi sənədlər (aktlar), müxtəlif statistik məlumatlar, əhalinin kameral siyahıyaalınmaları, ayrı-ayrı rus məmurlarının qeydləri bu baxımdan maraq doğurur. İ.Q.Qerber, P.Q.Butkov, V.Leqkobıtov, F.F.Simonoviç, F.A.Şinitnikov və s. müəlliflər bu sahədə müəyyən işlər görmüşlər. 1870-ci ildə Qafqaz bölgəsi üzrə tərtib edilmiş Rusiya imperiyası yaşayış məskənlərinin siyahısı Şimali Azərbaycanın tarixi-siyasi coğrafiyasının tədqiqi baxımından qiymətlidir. Burada Azərbaycanın şimal ərazilərindəki ayrı-ayrı yaşayış məskənləri öz əksini tapmış və onların əhalisi, təsərrüfatı göstərilmişdir.
Azərbaycanın tarixi-siyasi coğrafiyasına dair mənbələr sırasında müxtəlif dövrlərdə tərtib olunmuş, çəkilmiş xəritələrin və tarixi-coğrafi təsvirlərin rolu əvəzsizdir. Belə xəritələrdən ərəb müəllifi İbn Havqəlin (X əsr) "Kitab surət əl-ərd" əsərindəki "Xəzər dənizi xəritəsi", "Azərbaycan və Arran xəritəsi", əl-İdrisinin (XII əsr) xəritəsi, XIX əsrə dair rus məmurlarının Qafqaza və Xəzəryanı bölgələrə həsr olunmuş xəritələri, 1903-cü ildə Qafqaz hərbi bölgəsi tərəfindən tərtib edilmiş xəritə (1993-cü ildə təkrar nəşr olunmuşdur), əsrimizin 20-ci illərində tərtib olunmuş "Qafqaz və İran Azərbaycanı xəritəsi", "Şimali Azərbaycan Rusiya imperiyası tərkibində" (1868-1917-ci illər inzibati bölgüsünə əsasən), "Azərbaycan xəritəsi (1920-ci il ünvan-təqvimi)", 1926-cı ildə çəkilmiş "Azərbaycanın siyasi və təbii xəritəsi" (İbrahim Ağa Vəkilovun), xüsusilə də 1994-cü ildə tərtib olunmuş "Karta Azerbaydjanskoy Respubliki 1918-1920" xəritəsi diqqəti cəlb edir" - deyə V.Piriyev qeyd edir.
Professorun Azərbaycanın tarixi-siyasi coğrafiyası haqqında verdiyi geniş bilgi xalqımızın və dövlətimizin qədim çağlardan bəri keçdiyi yol, onun haqqında qədim mənbələrdə yer alan məlumatlardan bəhs edir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.