"Xüsusən də Ermənistanı blokadadan çıxara biləcək bir layihədən söhbət gedirsə..."
Ermənistan Bakı-Tiflis-Qars dəmir yolu dəhlizinə qoşulmağa maraq göstərir. Bu barədə Ermənistanın nəqliyyat, informasiya texnologiyaları və rabitə naziri Vaan Martirosyan bildirib. Nazirin sözlərinə görə, Gürcüstan dəmir yollarını Türkiyə dəmir yolları ilə birləşdirəcək Qars-Axalkalaki xəttinin tikilməsindən sonra Ermənistan bu xətlə daşınmaların gerçəkləşməsi üçün danışıqlara başlayacaq.
Xatırladaq ki, Qars-Axalkalaki xətti Bakı-Tiflis-Qars dəmir yolu dəhlizinin bir hissəsidir. Hazırda həmin xəttin tikintisi gedir.
Erməni nazirin açıqlamasından belə başa düşülür ki, onlar Azərbaycanın təşəbbüskarı olduğu layihəyə üzv olmaq istəyir. Azərbaycanın istəyi olmadan bunun reallaşması mümkündürmü?
Ekspert Qulu İsmayılov qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistan tamamilə çıxılmaz durumda qalması səbəbindən belə arzulara düşür: "Ermənistanın blokadadan ciddi əziyyət çəkdiyi bəllidir. Bunun da nəticəsində onlar bütün beynəlxalq layihələrdən təcrid olunmuş vəziyyətdədir. Müxtəlif variantlara əl atırlar. Bundan əvvəl İranla Azərbaycanı birləşdirəcək dəmir yolu layihəsinin baş tutmayacağını bəyan edirdilər. Bir növ, İranın adından danışırdılar. Alternativ kimi Ermənistandan keçən dəmir yolunun bərpasını təklif edirdilər. Təbii ki, Azərbaycan Ermənistanın iştirakı olan hər hansı bir layihədə iştirak edə bilməz. Xüsusən də Ermənistanı blokadadan çıxara biləcək bir layihədən söhbət gedirsə, bu ümumiyyətlə mümkün deyil. Azərbaycanın işğal edilmiş torpaqları azad edilərsə, belə variantlar gələcəkdə nəzərdən keçirilə bilər.
Xəttin tikintisi üçün Azərbaycan dövləti Gürcüstana 1 milyard dollara yaxın güzəştli kredit ayırıb. Bu dəmir yolu xətti strateji əhəmiyyət daşıyır, İpək Yolu dəhlizi ilə beynəlxalq yükdaşımaları artırmaqla yanaşı, Ermənistanın layihədən kənarda qalması onun təcrid olunmasını daha da möhkəmləndirəcək.
Qarabağ münaqişəsi həll edilmədiyinə və kommunikasiyalar açılmadığına görə Ermənistanın əsasən Azərbaycanın maliyyələşdirdiyi bu nəqliyyat dəhlizinə qoşulması mümkün deyil".
Məhəmmədəli QƏRİBLİ