"Bunun da ən dəqiq mexanizmini İlham Əliyev son çıxışında bir daha nəzərə çatdırıb"
Yanvarın 23-də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsindəki "N" hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışındakı çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunub:
"Ermənistan işğalın aradan qaldırılması üçün beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymur. Azərbaycan gücləndikcə, münaqişənin həlli yaxınlaşır. Münaqişənin həlli çox sadədir. Birinci Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəyik, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Kimsə bunu gözləyirsə, qoy əbəs yerə gözləməsin. Bu olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, tarix və dünya birliyi də bunu belə qəbul edir. Dağlıq Qarabağın gələcək statusuna gəldikdə isə, bu status ancaq vahid Azərbaycan dövləti çərçivəsində ola bilər. Münaqişənin həlli bundan ibarətdir".
Prezident hərbçilər üçün salınan şəhərcikdə yaradılan şəraitdən, sosial vəziyyətin yaxşılaşdırılmasından da danışıb: "Burada yaşamaq və xidmət aparmaq üçün bütün şərait var. Son illər ölkəmizdə 20-dən çox hərbi şəhərcik inşa edilib. Hərbi qulluqçuların sosial məsələlərinin həlli diqqət mərkəzində saxlanır. Azərbaycan Ordusu bu gün dünyanın ən qüdrətli ordularından biridir. Son illər ordumuzun maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb".
İlham Əliyevin sözlərinə görə, Azərbaycan Ordusunda ruh yüksəkliyi var, vətənpərvərlik hissi yüksək səviyyədədir:
"Ordumuzun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Müxtəlif təhlillər aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər. Biz bunu bilirik. Bu gün dünya da bilir ki, həm döyüş qabiliyyəti, həm hərbi-texniki təminat baxımından bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bütün bu nailiyyətləri biz özümüz öz hesabımıza, güclü iqtisadiyyat hesabına əldə etmişik. Güclü iqtisadiyyatımız olmasaydı, bu işləri görə bilməzdik. Bu hərbi şəhərcik həm ordumuzun, həm dövlətimizin gücünü göstərir".
Göründüyü kimi, Prezident Dağlıq Qarabağ münaqişəsinin çox sadə həlli mexanizminin olduğunu diqqətə çatdırıb.
Münaqişənin həlli üzrə uzun müddətdir nəticəsiz fəaliyyət göstərən beynəlxalq təşkilatlar niyə bu sadə həll mexanizmi üzrə hərəkət etmir?
Ekspert Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, münaqişənin həlli ilə bağlı ölkə başçısı dəfələrlə öz mövqeyini açıqlayıb: "Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərlə bağlı ən obyektiv mövqeyi Prezident İlham Əliyev "Sputnik" agentliyinə müsahibəsində açıqlamışdı. Prezdient Dağlıq Qarabağ münaqişəsinin həllinin mərhələli şəkildə həyata keçirilməsinə Azərbaycan tərəfinin razı olduğunu və hətta o mərhələnin sonunda Dağlıq Qarabağın statusuna qayıdaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində müəyyən statusun verilməsi haqqında bəyanatla çıxış etmişdi. Lakin ATƏT-in Minsk Qrupunun həmsədrləri deklarativ bəyanatlar verməklə missiyalarını bitmiş hesab etdilər. Burada əsas problem ondan ibarətdir ki, Ermənistana təsir mexanizmi yoxdur.
ATƏT-in Minsk Qrupuna üzv olan 11 dövlətin hələ indiyə qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ümumi bəyanatı səslənməyib. Bu gün Azərbaycan bütün beynəlxalq hüquq normalarına əməl edərək öz ərazi bütövlüyü çərçivəsində, yəni işğalçıların ərazilərimizi tərk etməsi şəraitində ermənilərlə status məsələsi ilə bağlı müzakirələr aparmağa hazırdır. Təəssüf ki, Ermənistan bütün bunları rədd edir, eyni zamanda Dağlıq Qarabağ ərazisindəki separatçı qüvvələrə status kimi bir müstəqillik söz verib. Bu isə, təbii ki, alına bilməz. Bu səbəblərdən münaqişənin həllində problemlər yaranır. Ermənilər isə bu situasiyadan istifadə edərək bir sıra siyasi gedişlər edir. Qeyd edilən məsələlər nəzərə alınaraq, Dağlıq Qarabağ münaqişəsinin həllində müvafiq addımlar atılmalı, beynəlxalq təşkilatlar, maraqlı dövlətlər öz sözünü deməli, Minsk Qrupunun həmsədrləri isə problemə daha ciddi yanaşmalıdır. Yəni Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı icra mexanizmi yenidən işlənməlidir.
Ermənistan danışıqlar masasına əyləşmək istəmir. Sarkisyan, eyni zamanda, siyasi manevrlər etməklə öz hakimiyyətinin ömrünü uzatmaqla məşğuldur. Buna görə də münaqişənin həlli istiqamətində səylər gücləndirilməlidir. Bunun da ən dəqiq mexanizmini İlham Əliyev son çıxışında bir daha nəzərə çatdırıb".
Məhəmmədəli QƏRİBLİ