"Müharibə variantı ilə bağlı səslənən fikirlərdən həmsədr ölkələrin narahatlıq keçirməsinə verilən cavabdır"
Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrinin icra edilməməsi və bunun Minsk prosesinə təsiri haqqında bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin Ermənistan tərəfindən icra edilməməsi Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə, həmçinin, beynəlxalq və regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır: "Qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyib, Dağlıq Qarabağ regionu onun bir hissəsi olmaqla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bir daha təsdiq edib və xüsusilə beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipini və güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyini bir daha vurğulayaraq işğalçı Ermənistan qoşunlarının Azərbaycanın işğal altında olan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.
ATƏT-in Minsk Konfransının sədri Mario Rafaelli 1993-cü il iyulunda verdiyi bəyanatında bildirmişdi ki, bu yaxınlarda zor gücünə ələ keçirilmiş ərazilərin dərhal azad edilməsi "sülh daşıqlarının irəliləməsini təmin edəcək əsas amildir" (BMT sənədi S/26184).
Beləliklə, Azərbaycanın sülh danışıqlarında iştirak etməsində başlıca məqsəd işğalçı Ermənistan qoşunlarının Azərbaycanın Dağlıq Qarabağ və digər işğal altında olan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının təmin edilməsidir. Sülh Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü bərpa etməlidir. ATƏT-in Minsk Qrupu və həmsədrlərin BMT Təhlükəsizlik Şurası tərəfindən müəyyən edilmiş çərçivədən yayınmaları onlara həvalə edilmiş mandatı pozur və bu, münaqişənin həlli prosesinə ciddi təsir göstərə bilər. Minsk Qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurası tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrasına qayıtmalı və bu əsasda hər iki tərəfi substantiv nəticə yönümlü danışıqlara cəlb etməlidir".
Verilən bu bəyanatla bağlı ekspertlər nə düşünür?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, bu onun ürəyincə olan bəyanatdır: "ATƏT-in Minsk Qrupunun diqqətinə çatdırılır ki, onlar verilən mandatdan tamamilə kənara çıxıblar. Bəli, biz bu bəyanatları neçə illərdir deyirik. Ancaq dövlət səviyyəsində belə mövqenin sərt olaraq qoyulması çox ciddi bir siyasi gedişdir. ATƏT missiyasının borcudur ki, BMT qətnamələrinin icra olunmasına Ermənistanı məcbur etsin. Biz isə bunun şahidi olmuruq. Hətta bu yöndə Ermənistana təzyiqlər belə edilmir. BMT-nin qəbul etdiyi qətnamələrdən ali nə sənəd ola bilər? Biz ATƏT missiyasına daxil olan diplomatların qondarma rejimin təbliğatçısına çevrildiyi ilə də bağlı iddia ortaya qoymuşuq. Bütün bunlar ATƏT missiyasının səlahiyyətləri çərçivəsini aşmasına dəlalət edir.
Təəssüflər olsun ki, sözügedən missiya verdiyi bəyanatlarda bizimlə Ermənistan arasında bərabər tələblər qoyur. Bu yolverilməzdir. İkinci vacib məqam isə sülh danışıqlarının mümkünsüzlüyünün diqtə etdiyi müharibə variantı ilə bağlı səslənən fikirlərdən həmsədr ölkələrin narahatlıq keçirməsinə verilən cavabdır. Çox sevindirici haldır ki, biz Azərbaycanın müharibə variantından tam imtina etmədiyi ilə bağlı rəsmi bəyanat eşitdik. Yəni onların nəzərinə çatdırılır ki, sülh yolu ilə proses tənzimlənə bilməyəcəyi təqdirdə, Azərbaycan bu hüququ özündə saxlayır. Bəli, Azərbaycanın öz ərazi bütövlüyünü bütün mümkün vasitələrlə təmin etmək haqqı var. Bura müharibə variantı da aiddir".
Məhəmmədəli QƏRİBLİ